İslamofobiya - Qərbin İslam düşmənçiliyi
Siyasət

İslamofobiya - Qərbin İslam düşmənçiliyi

Qoca qitədəki islamofobiya faktoru tarix boyu müəyyən səviyyələrdə özünü həmişə büruzə vermişdir. Yeni dünya düzəninin formalaşdığı bir vaxtda xüsusilə islamofob davranışların artması müşahidə olunur ki, bu da humanizm, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması deməkdir.

Fransada gün keçdikcə islamofobiya meyilləri artmaqda davam edir. Ölkədə təxminən 5 milyondan çox müsəlman yaşayır ki, bu da ümumi fransızların 10 faizini təşkil edir. Əfsuslar olsun ki, Makron hökuməti Fransadakı müsəlmanlara qarşı ayrı-seçkilik siyasəti yürüdür, onları dövlətçiliyə münasibətdə, separatizmdə günahlandırır. Üstəlik, dövlət ölkədəki destabil vəziyyətə görə müsəlman cəmiyyətini qınayır. "Demokratiyanın beşiyi" Fransada islamofobiya artıq dövlətçilik səviyyəsində təbliğ olunur. 1.57 milyarddan çox, yəni dünya əhalisinin 23 faizini təşkil edən müsəlmanların Avropada və dünyada təqib, təhqir və cinayətlərə məruz qalması müvafiq hüquqi dairələrin gündəliyində yer almır. Media və mətbu orqanlarında islamofob düşüncələrin yer alması isə "söz azadlığı" olaraq qələmə verilir. Bəs antidemokratiyanın vətəni Fransanın bu cür mənfur əməllərinin arxasında nə dayanır? Görünür, Fransanın məqsədi Avropa ilə müsəlman ölkələri arasında qarşıdurma yaratmaqdır. Bu çirkin əməldə Fransa ilə yanaşı, bəzi Avropa ölkələrinin də əli var. Xüsusilə, İsveçdə-Stokholmda "Qurani-Kərim"ə qarşı təhqiramiz hərəkət-onun yandırılması faktı deyilənlərə əyani sübutdur.

Qeyd edək ki, İslam əleyhinə olan "Sərt kurs" partiyasına rəhbərlik edən ultra-sağçı danimarkalı siyasətçi Rasmus Paludanın yanvarın 21-də Stokholmdakı Türkiyə səfirliyi qarşısında "Quran" kitabını yandırması aktına Azərbaycan dövləti dərhal münasibət bildirərək çirkin cinayət əməlini pisləmişdir. Azərbaycan Xarici İşlər Nazirliyi Stokholmda "Qurani-Kərim"ə qarşı təhqiramiz hərəkəti qınayaraq rəsmi "Twitter" səhifəsində paylaşımında açıq nifrət cinayəti kimi islamofob hərəkətlərin söz azadlığının ifadəsi olmadığını bildirmişdir. Əfsuslar olsun ki, İsveçdə islamofob əməllər hələ də davam etməkdədir. İyunun 28-də paytaxt Stokholmun mərkəzində daha bir şəxs - İraqdan olan 37 yaşlı mühacir Salvan Momika müqəddəs "Quran" kitabını yandırıb. Diqqətçəkən məqam isə aksiyanın Stokholm polisinin icazəsi ilə həyata keçirilməsidir. Salvan Momika "Quran"ın vərəqlərini cırıb, onlarla ayaqqabılarını silib, daha sonra kitabı yandırıb. Stokholm məscidi yaxınlığında baş tutan aksiyanı media nümayəndələri də daxil olmaqla 200-dən çox insan izləyib.

İyulun 5-də isə Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü zamanı tədbirdə çıxış edən Sudanın xarici işlər naziri Əli Əl-Sadiq Əli, Suriyanın xarici işlər naziri Feysəl Mekdad, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi, Pakistanın xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi və digərləri Qurban bayramının ilk günündə İsveçdə "Qurani-Kərim"in yandırılmasını qətiyyətlə pisləyiblər. Qeyd olunub ki, bu cür kriminal hərəkətlərə icazə verilməməli və kəskin şəkildə qınanmalıdır. Bu kimi islamofobiya hallarının təzahürlərinə qarşı daha fəal mübarizə aparmağın vacibliyi vurğulanıb.

Qeyd etmək yerinə düşər ki, dəfələrlə İslamın müqəddəs kitabı "Qurani-Kərim"in yandırılması, anti-İslam hərəkatlarına qarşı ictimai fikir formalaşdırılmamışdır. Yaxın keçmişdə isə Fransanın Korsika adasında yerləşən Ayaçço şəhərində bir qrup maskalı şəxsin müsəlmanların ibadət üçün toplaşdığı məscidə hücum edərək məkanı alt-üst etməsi növbəti islamofob düşüncənin nəticəsidir. Orada olan "Qurani-Kərim" kitablarını yandıran cinayətkarlar "Ərəblər rədd olun!". "Bura bizim evimizdir!" kimi şüarlarla irqçi və cinayət əməllərini təbliğ etmişdirlər. Həmçinin Fransanın "Le Parisien" qəzetində yayımlanan bir məqalədə Quran ayələrinin çıxarılması tələbləri dərc edilmişdir. Məqalədə qeyd edilir ki, qərarın qəbul edilməsi məqsədilə imza atanlar arasında üç sabiq baş nazir, o cümlədən keçmiş prezident Nikola Sarkozi, yəhudi və xristian icmalarının nümayəndələri və yazıçılardan ibarət 300 nəfər olub. Bu da bir daha onu sübut edir ki, Fransa əhalisinin müəyyən qismini əhatə edən müsəlman cəmiyyətinə, onların hüquq və azadlıqlarına müdaxilə edir. Qeyd edilən xüsuslar bir daha Makron hakimiyyətinin müsəlmanlara qarşı antipatiyasını sübut edir. Fransada doğulan müsəlman vətəndaşların təqiblərə məruz qalması, ölkə polisinin onlara nifrəti birbaşa Emmanuel Makronun cinayət əməlidir. Fransada, həmçinin müsəlmanlara qarşı qadağalar da artır, dini məktəblər bağlanır, dərnəklər ləğv edilir, məscid tikintisinə icazə verilmir, imamlar məscidlərdən qovulur, hicab qadağası genişlənir, ifadə azadlığı adı altında müsəlmanların müqəddəs saydıqları inanclar təhqirə məruz qalır.

Makron hakimiyyətinin təşəbbüsü ilə qəbul olunan "Terrorizmlə mübarizə" və "Qlobal təhlükəsizlik və informasiya hüququnun müdafiəsi" ilə bağlı qanunlar ölkədə polis zorakılığının formalaşmasına gətirib çıxarmışdır. İrqçilik, ksenofobiya və islamofobiya çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən törədilən cinayətlər son 10 ilin ən yüksək həddinə çatıb. Belə ki, artıq irqçilik və islamofobiya zəminində yol verilən zorakılıq hallarının artması mövcud hakimiyyət üçün problem olaraq görünmür. Makron öz "diktatorluğunu" qorumaq üçün sonsuz səlahiyyətlər verdiyi Fransa polislərinin əli ilə mövcud rejimdən narazı olan dairələri susdurmağa cəhd göstərir. Lakin bu yaxınlarda baş verən 17 yaşlı Naelin polis tərəfindən öldürülməsi aktı ölkədəki iğtişaşları daha da artırdı. Fransa artıq vətəndaş müharibəsinin astanasında qərarlaşıb. Diqqətə çatdıraq ki, bu ilk belə əməl deyil. 2022-ci ildə Fransa polisinin mütləq əksəriyyəti afroamerikalı və ərəb mənşəli Fransa vətəndaşlarından ibarət olan 13 nəfəri öldürməsi faktı məsələnin nə səviyyədə olmasından xəbər verir. Rəsmi statistikaya əsasən 2017-ci ildən, yəni Makronun hakimiyyətə gəldiyi vaxtdan keçən dövr ərzində polis tərəfindən sükan arxasında qətlə yetirilən silahsız şəxslərin sayı 5 dəfə, hüquq müdafiəçilərinin araşdırmalarına görə isə 350 faiz artmışdır.

Təsadüfi deyil ki, Fransanın "bacısı" da özünü ona oxşatmağa çalışır. Ermənistanın 30 il boyunca işğal altında olan dədə-baba torpaqlarımızdakı dini məbədlərə, məscidlərə rəftarı bütün dünyaya məlumdur. İllər boyu məscidlərdə donuz saxlanılıb, həmin yerlər tövlə kimi istifadə edilib. İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü zamanı ölkə başçımız bunu bir daha vurğuladı: "Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir. İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalanlarından isə donuz və inəklər üçün tövlə kimi istifadə edilib ki, bu da bütün dünya müsəlmanlarına qarşı təhqirdir".

Nurlan ABDALOV,

"Respublika".