İspaniya nəşri: Avropanın Qafqazdakı dostu Azərbaycana səyahət...
Digər xəbərlər

İspaniya nəşri: Avropanın Qafqazdakı dostu Azərbaycana səyahət...

İspaniyanın "El Espanol" nəşrində Azərbaycanın coğrafi mövqeyi, beynəlxalq aləmdə artan rolu, Avropa İttifaqı ilə münasibətləri, etibarlı tərəfdaşa çevrilməsi, eyni zamanda, 2020-ci ildə 44 günlük müharibə nəticəsində işğaldan azad etdiyi torpaqlarında apardığı bərpa və yenidənqurma işləri barədə məqalə dərc olunub.

 AZƏRTAC xəbər verir ki, məqalədə Rusiya ilə İran arasında yolların kəsişməsində yerləşən Azərbaycanın enerji sahəsində Avropanın önəmli müttəfiqi olduğu, dünyanın dəyişən yeni geosiyasi düzənində mövqeyini möhkəmləndirməyə çalışdığı qeyd edilib.

Müəllif vurğulayıb ki, Xəzər dənizinin sahilində yerləşən, Avropanın Qafqazdakı ən yaxşı dostu və müttəfiqi Azərbaycanın paytaxtı olan Bakı kontrastlar şəhəridir.

Diqqətə çatdırılıb ki, Qafqazda yerləşməsinə baxmayaraq, Avropaya yaxınlığı ilə seçilən Azərbaycan apardığı islahatlar sayəsində çox yaxşı inkişaf yolu keçib. Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel də etiraf edib: "Avropadan kənardakı bəzi ölkələr ola bilsin supergüc deyillər, amma biz artıq onları daha çox dinləməli, onlara öz müqəddəratını həll etməyə imkan verməliyik".

Bildirilib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın sabiq Prezident Heydər Əliyevin (2003-cü ilədək), ondan sonra isə Prezident İlham Əliyevin yürütdüyü siyasət sayəsində regionda geosiyasi rolu artıb, o, Avropanın yaxından maraqlandığı və tərəfdaşı olmaq istədiyi ölkələrdən birinə çevrilib.

Yazıda qeyd edilib ki, artıq 10 ildən çoxdur ölkə qərbyönümlü siyasət yürüdür özünə yeni dostlar qazanıb. Buna misal olaraq, bu ilin iyulunda Avropa Komissiyasının Prezidenti Ursula fon Der Lyayenin Bakıya səfərini və səfər zamanı imzalanan Anlaşma Memorandumunu qeyd etmək olar. Bu müqavilələr Avropa ölkələrinin, eyni zamanda, Azərbaycan iqtisadiyyatı üçün də müsbət nəticələr vəd edir.

Araz çayı boyunca İran-Azərbaycan sərhədi ilə hərəkət edən müəllif Azərbaycanın heç də hər tərəfdən dost ölkələrlə əhatə olunmadığını bildirib. O, eyni zamanda, Xudafərin körpüsünün tarixinə nəzər salıb, Qarabağa gedən yollarda boş torpaqların, mina təhlükəsi haqqında xəbərdarlıq lövhələrinin göründüyünü qeyd edib. Vurğulayıb ki, olduğu yerdən Ermənistan sərhədinədək bütün ərazilər minalanıb, vaxtilə insanların sıx yaşadığı bu torpaqlar indi xarabalığı xatırladır. Deyib ki, burada müşahidə olunan vəziyyət 30 illik işğalın, BMT tərəfindən qəbul olunmuş və yerinə yetirilməmiş 4 qətnamənin acı nəticəsidir.

Müəllif yazıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə azad edilən torpaqlarda hazırda bərpa-quruculuq işləri uğurla həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə salınan ilk yaşayış məskəninə - artıq əhalinin məskunlaşdığı Ağalı kəndində olduğunu bildirən müəllif hər şeyin yeni və müasir tələblərə uyğun qurulduğu bu kəndin Azərbaycanda yaradılan ilk "ağıllı kənd" layihəsi olduğunu bildirib. Kəndə köçürülən əhalinin 95 faizinin işlə təmin olunduğu vurğulanıb.

 Məqalədə Azərbaycan-Avropa İttifaqı (Aİ) əlaqələrinə də nəzər salınıb, Aİ-nin hələ 2010-cu ildə Azərbaycana assosiativ və iqtisadi inteqrasiya haqqında saziş təklif etdiyi, lakin hazırkı əlaqələrin daha geniş sahələri əhatə etdiyi vurğulanıb. Qeyd olunub ki, hazırda Azərbaycan Avropaya qaz ixracını artırmaqdadır.