İsveçin İƏT yanında xüsusi nümayəndəsinin statusu ləğv edildi
Dünya xəbərləri

İsveçin İƏT yanında xüsusi nümayəndəsinin statusu ləğv edildi

İslam Əməkdaşlıq Təşkilatının Baş katibliyi İƏT İcraiyyə Komitəsinin iyulun 2-də keçirilmiş fövqəladə iclasında dərc edilmiş Yekun Bəyannamənin tövsiyələrinə uyğun olaraq, İsveç Krallığının İƏT yanında xüsusi nümayəndəsi statusunun ləğv edilməsi barədə qərar qəbul edib və bu haqda İsveç hökumətinə məlumat verib.

"Respublika" təşkilatın mətbuat açıqlamasına istinadla xəbər veririk, iclasda Baş katib Hissein Brahim Taha Baş katibliyə tapşırıb ki, müqəddəs “Qurani-Kərim”in nüsxələrinin və ya digər İslami dəyərlərin dövlət qurumlarının razılığı ilə təhqir edildiyi hər hansı ölkə ilə əlaqələrə rəsmi çərçivədə yenidən baxılsın, o cümlədən xüsusi elçinin statusunun dayandırılması üçün mümkün addımlar nəzərdən keçirilsin.

Baş katibini bu qərarı İsveç Krallığının xarici işlər nazirinə təqdim edilib. Digər tərəfdən, Hissein Brahim Taha bəzi üzv dövlətlərin İslamın müqəddəs dəyərlərinə təkrar hücumlara etiraz olaraq gördüyü tədbirləri alqışlayıb. O, bütün müsəlman ölkələrini münasib hesab etdikləri suveren qərarlar qəbul edərək, İsveç hakimiyyəti tərəfindən müqəddəs “Qurani-Kərim”in və İslam rəmzlərinin dəfələrlə təhqir edilməsinə imkan verən icazələrin verilməsini pisləyən mövqelərini bildirməyə və bu cür rüsvayçı hərəkətləri rədd etdiklərini ifadə etməyə çağırıb.

Baş katib ifadə azadlığının həyata keçirilməsinin xüsusi vəzifə və məsuliyyətlər tələb etdiyini nəzərə alaraq, bu cür hücumların cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri qanunvericilik tədbirlərinin görülməsinin vacibliyini vurğulayıb. O, həmçinin vurğulayıb ki, “Qurani-Kərim”in nüsxələrinin yandırılması, İslamın Peyğəmbərinin və rəmzlərinin təhqir edilməsi adi islamofobiya hadisələri deyil. Bundan əlavə, Baş katib beynəlxalq ictimaiyyəti dini nifrətin hər hansı təbliğatını açıq şəkildə qadağan edən beynəlxalq hüququ təcili şəkildə tətbiq etməyə çağırıb. O, BMT-nin İnsan Hüquqları Şurasının bu yaxınlarda qəbul etdiyi “ayrı-seçkiliyə, düşmənçiliyə və ya zorakılığa təhrik yaradan dini nifrətlə mübarizə” ilə bağlı qətnamənin müddəalarına riayət edilməsinin vacibliyini qeyd edib.

İƏT-in Baş Katiblik bu məsələnin müzakirəsini davam etdirmək və məqsədəuyğun hesab etdiyi qərarları qəbul etmək üçün ən qısa zamanda Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasını keçirməyə hazırlaşır.