Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Vestnik Kavkaza": Rəsmi Bakı Rusiya sülhməramlılarının Qarabağda qalma müddətini açıqlayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qarabağdakı Rusiya sülhməramlılarının gələcək taleyindən danışıb.

"Vestnik Kavkaza" xəbər verir ki, bu barədə Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı məlumat verib.

"Fakt ondan ibarətdir ki, üçtərəfli Bəyanat var. Bu, liderlər səviyyəsində imzalanıb. Sülhməramlıların Qarabağda qalma müddəti 2025-ci ilin noyabrına qədər nəzərdə tutulub", - deyə nazir qeyd edib.

"Caspian News": Azərbaycan 2024-cü il üçün müdafiə və milli təhlükəsizlik büdcəsini artırır

Azərbaycanın 2024-cü il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə ümumilikdə, 6,421 milyard manat və ya 3,77 milyard dollar vəsait ayrılıb.

Prezident İlham Əliyev 2024-cü il dövlət büdcəsi haqqında qanun layihəsini imzalayıb. Vəsait milli müdafiə, təhlükəsizlik və müdafiənin maddi-texniki bazasının, xarici kəşfiyyat və sərhəd təhlükəsizliyi xidmətlərinin yaradılmasına, habelə xüsusi müdafiə təyinatlı tədbirlərin təşkilinə yönəldiləcək.

Gələn ilin müdafiə xərcləri 2023-cü ilin müdafiə xərclərini 367 milyon manatdan çox və ya 216 milyon dollar üstələyir. 2018-ci ildən bu günədək Azərbaycan dövlət büdcəsinin milli təhlükəsizlik və müdafiə xərclərini iki dəfə artıraraq 1,85 milyard dollardan 3,77 milyard dollara çatdırıb.

Prezident Əliyev çıxışlarının birində ölkəmizdə ordu quruculuğu prosesinin sürətləndirildiyini və bunun 2020-ci il İkinci Qarabağ müharibəsinin tam qələbə ilə başa çatmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib: "Maddi-texniki təminat, silah-sursatla təminat, ordunun döyüş qabiliyyətinin yüksəldilməsi, hər şeydən əvvəl, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi Azərbaycanı Qələbəyə aparan başlıca amillərdir".

"Times of İndia": Azərbaycan növbəti ildə hindistanlılar üçün qaynar turizm məkanı olacaq

"Times of İndia" yazır ki, Azərbaycanda hindistanlı səyahətçilər üçün elektron viza sistemi mövcuddur. Bu, hindistanlı səyahətçilər üçün rahatdır, çünki mürəkkəb viza prosedurlarını asanlaşdırır. Bu sadələşdirilmiş giriş tələbi səbəbindən son bir neçə ildə daha çox hindistanlı turist Azərbaycanda istirahət etməyi üstün tutub. Yazıda qeyd edilir ki, Azərbaycan çox gözəl gələcək üçün inkişaf vəd edən bir ölkədir. Zəngin mədəni irsi, müxtəlif mənzərələri, ənənə ilə müasirliyin mükəmməl sintezi ilə yer kürəsini gəzənlərin diqqətini özünə cəlb edən bir yerdir. Avropa və Asiyanın qovuşağında yerləşən Azərbaycan zəngin mədəni irsə malikdir. Bakının İçərişəhərinin orta əsr memarlığından tutmuş Qobustanın qədim petroqliflərinə qədər bu ölkə maraqlı və həyəcanlı yerlərlə zəngindir.

"Gulf News": Azərbaycanın görməli yerləri və heyrətamiz təbiəti barədə məqalə dərc edilib

Dubayın "Gulf News" xəbər saytı Azərbaycanın görməli yerləri və heyrətamiz təbiəti barədə məqalə dərc edib. Yazıda deyilir: "Biz Bakının gözəl görüntüləri ilə şəhərin gecə həyatına qərq olaraq piyadaların hərəkəti ilə seçilən Nizami küçəsinə doğru addımladıq.

Ertəsi gün biz UNESCO tərəfindən Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərə getdik. Bakının füsunkarlığına və gözəlliyinə töhfə verən əzəmətli və gözəl abidələrin əksəriyyəti XI-XVI əsrlər arasında tikilib. Ziyarətçilər onların tarixi və memarlıq əhəmiyyətinə heyranlıqla baxırlar. Qız Qalası, Şirvanşahlar Sarayı və Qala divarları İçərişəhərin baş tacı kimi qiymətləndirilir...".

"Anadolu Agency": "Ermənistan siyasi iradə göstərsə, sülhə gedən yol açıqdır"

Azərbaycan cümə axşamı bəyan edib ki, İrəvan "siyasi iradə nümayiş etdirərsə", Ermənistanla sülh sazişi bağlana bilər.

Bu barədə "Anadolu Agency" xəbər saytı məlumat yayıb. "Ermənistan administrasiyası siyasi iradə nümayiş etdirsə, sülhə gedən yol açıqdır. Bu siyasi iradənin gələcəkdə necə olacağını görəcəyik". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda ilin yekunlarına dair mətbuat konfransında deyib.

Bu il Bakı ilə İrəvan arasında sülh danışıqları ilə bağlı mühüm nəticələrin əldə edildiyini bildirən C.Bayramov buna ikitərəfli danışıqlar yolu və vasitəçilərin iştirakı olmadan nail olunduğunu bildirib. C.Bayramov daha sonra deyib ki, o, erməni həmkarı ilə iki ölkənin sərhədində, hətta şərait yaranarsa, bir-birinin ölkələrində də görüşə bilər. "İrəliləyiş əldə etmək çox çətindir, lakin prosesi pozmaq asandır. Mənfi ritorika zərərlidir. Ermənistan müsbət irəliləyiş istəyirsə, ritorikaya fikir verməlidir. Son vaxtlar İrəvandan bir neçə müsbət mesajlar eşidirik. Ümid edirik ki, bu ardıcıllıq davam edəcək", - deyə C.Bayramov əlavə edib.

"Respublika".