Faktlar və rəqəmələr
İqtisadiyyat

Faktlar və rəqəmələr

İlin ilk ayında ÜDM istehsalı artıb

Dövlət Statistika Komitəsinin məlumatına görə. 2024-cü ilin yanvar ayında ölkədə 9131,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,0 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 12,3 faiz artmışdır.

ÜDM istehsalının 41,9 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,8 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 896,7 manata bərabər olmuşdur.

5,2 milyard manatlıq sənaye məhsulu

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar ayında 5,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, neft-qaz sektorunda məhsul istehsalı 2,5 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 8,9 faiz artmışdır.

Sənaye məhsulunun 66,6 faizi mədənçıxarma sektorunda, 27,1 faizi emal sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,3 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 4,2 faiz artmışdır.

"Respublika".