Milli dövlətçiliyimizin qorunması yolunda atılan qətiyyətli addımlar
Siyasət

Milli dövlətçiliyimizin qorunması yolunda atılan qətiyyətli addımlar

1995-ci il mart ayının 19-da Prezident Sarayında respublikada dövlət çevrilişi cəhdi və onun qarşısının alınması ilə bağlı müşavirə keçirilmişdir

70 il Sovetlər İttifaqının tərkibində yaşasa da, özünün ən ali dəyərlərini, milli adət-ənənələrini qoruyub saxlayan xalqımız istiqlaliyyəti uğrunda mətanətlə mübarizə apararaq ötən əsrin sonlarında müstəqilliyini bərpa etdi. Lakin mürəkkəb tarixi proseslərin getdiyi bir dövrdə xalq lidersiz, rəhbərsiz idi. Xarici və daxili qüvvələrin planı əsasında ölkədə baş verən hadisələr böyük çətinliklərlə yenidən əldə olunmuş müstəqilliyimizi təhlükə altında qoydu. Müdrik xalqımızın, ziyalı təbəqəsi dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasında, onun dayaqlarının möhkəmləndirilməsində yalnız ulu öndər Heydər Əliyevə etimad göstərdi və dahi şəxsiyyəti israrla, təkidlə respublika rəhbərliyinə dəvət etdi.

Dünyaşöhrətli siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçiliyimiz tarixində yeni mərhələnin başlanğıcı oldu. Müstəqillik yolunda kövrək addımlarını atan respublikamızda rus imperiyasının "miraslarından" qurtulmaq, dövlət quruculuğunda mütərəqqi inkişaf strategiyasını hazırlamaq üçün mühüm əhəmiyyətli işlərə başlanıldı, xalqın taleyüklü məsələlərinin ardıcıl həllinin fundamenti yaradıldı, nizami ordu formalaşdırmaq, qanunsuz silahlı dəstələrin, başıpozuq hərbi birləşmələrin ləğvi istiqamətində konkret addımlar atıldı. Bu isə xalqın azad yaşamasını istəməyən, onun sahib olduğu sərvətləri öz şəxsi məqsədləri üçün hər vasitəyə əl atan, Azərbaycanı parçalamaq istəyən daxili və xarici düşmənləri ciddi təşvişə salmışdı.

90-cı illərin əvvəllərində yaradılan Xüsusi Təyinatlı Polis Dəstəsi Birinci Qarabağ müharibəsi zamanı nizami ordunun formalaşmadığı, silah-sursatın, hərbi komandanlığın olmadığı bir dövrdə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərmiş, dəstənin neçə-neçə üzvü torpaqlarımızın azadlığı yolunda şəhidlik zirvəsinə yüksəlmişdir. Lakin Rövşən Cavadov XTPD-yə rəhbər təyin olunduqdan sonra bu dəstəni ərazilərimizin 20 faizdən çox hissəsini işğal edən erməni qəsbkarlarına qarşı deyil, özünün hakimiyyət uğrunda mübarizəsinə yönəltdi. 1995-ci il martın 12-13-də Rövşən Cavadovun rəhbərliyi ilə həmin qüvvələr dövlət çevrilişinə cəhd göstərdilər. Mart ayının 15-də ulu öndər Heydər Əliyev milli televiziya və radio ilə xalqa müraciətində bu dəstə haqqında fikirlərini belə bildirmişdi: "Həmin bu Xüsusi Təyinatlı Polis Dəstəsi 90-cı ildə, hələ Sovet hakimiyyəti dövründə yaranıb. Ancaq bunun fərqi yoxdur: o, Azərbaycanın erməni təcavüzündən qorunması üçün yaradılıb. Bəli, çox sağlam əsasda yaranıb. Ancaq onu yaradanlar Rövşən Cavadov deyil, başqaları olub. O dəstələr vuruşublar, döyüşüblər, fəaliyyət göstəriblər, şəhid veriblər. Bunlar hamısı xalqın tarixində əks olunub. Mən o şəhidlərin ruhu qarşısında bu gün də baş əyirəm".

Rövşən Cavadovun rəhbərliyi ilə XTPD və onun ətrafında olan silahlı qüvvələr tərəfindən Qazax və Ağstafa rayonlarında dövlət çevrilişinə cəhd göstərilmiş, rayonda dövlət hakimiyyət orqanlarının yerləşdiyi binalara hücumlar təşkil olunmuş, bütün polis işçiləri tərk-silah edilmişdir. Ulu öndərin milli televiziya ilə müraciətinə, silah və sursatını könüllü təhvil verənlərin cinayət məsuliyyətinə cəlb olunmayacağı vədlərinə məhəl qoymayan XTPD silahlı basqınlarını ayrı-ayrı bölgələrdə, hətta paytaxt Bakıda da həyata keçirmək niyyətində idi. Lakin Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışanların niyyəti baş tutmadı, Müdafiə Nazirliyinin hərbi hissələri, hüquq-mühafizə orqanları - Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Milli Təhlükəsizlik Nazirliyi, Xüsusi İdarə və başqa orqanların həyata keçirdiyi tədbirlər nəticəsində dəstə tamamilə zərərsizləşdirildi və dövlət çevrilişi cəhdinin qarşısı alındı.

1995-ci il mart ayının 19-da Prezident Heydər Əliyev respublikada dövlət çevrilişi cəhdi və onun qarşısının alınması ilə bağlı Prezident Sarayında keçirilən müşavirədə görülən tədbirlər barədə məlumat vermis, artıq bu cəhdin hazırlanması ilə bağlı mühüm sənədlərin əldə olunduğunu bildirmişdir. Ulu öndər Azərbaycanın dövlətçiliyinə qarşı fəaliyyət göstərən bu dəstənin xarici qüvvələr tərəfindən maliyyələşdirildiyini, dəstənin üzvlərinin tərk-silah edildiyinə baxmayaraq, hələ də təhlükənin olduğunu vurğulamışdır: "Ona görə də Vətəninə sadiq olan hər bir vətəndaş bilməlidir ki, bu gün Azərbaycanın həyatında çox gərgin vəziyyət yaranmışdır və bu gərginlik hələ aradan qalxmamışdır. Doğrudur, Azərbaycanda təxribat etmək istəyən, təcavüz etmək istəyən, onun dövlətçiliyini dağıtmaq istəyən qüvvələrin istinad etdiyi, istifadə etdiyi ən qorxulu hərbi hissə dağıdılmışdır. Ancaq yenə deyirəm, onları bu işə istiqamətləndirən qüvvələrin hamısı öz yerindədir. Şübhəsiz ki, indi onlar böyük zərbə almışlar, lakin öz çirkin niyyətlərindən əl çəkmirlər".

Ölkə vətəndaşlarını ayıq-sayıq olmağa çağıran Ulu öndər dövlətçiliyimizin qorunması yolunda hər kəsin eyni amal ətrafında birləşməsinin vacibliyini vurğulamış və əks mövqedə olanları doğru yola dəvət etmişdir. Müstəqilliyimizin əleyhinə atılan hər bir yanlış addımın vaxtında qarşısının alınması üçün Azərbaycanın silahlı qüvvələrinin, dövlətin kifayət qədər gücü olduğunu qeyd etmişdir. Ümummilli lider dəstənin cinayətkar, qanuna tabe olmayan hər bir üzvünün, o cümlədən insanları silahlı dəstələrdə birləşdirib cinayət törətməyə sövq edənlərin öz cəzasını alacağını bildirmiş, könüllü surətdə silahlarını təhvil verənlərə, hökumətə təslim olanlara isə xəyanət və cinayət hərəkətlərindən əl çəkməyi tövsiyə etmişdir. Ulu öndər hüquq-mühafizə orqanlarına bu hadisə ilə bağlı ciddi tədbirlər görməsi barədə tapşırıq vermişdir: "Bunları təcili olaraq və ciddi həll etmək lazımdır. Ona görə ki, kənarda qalan hər bir cinayətkar yeni cinayət törədə bilər. Nə qədər ki, belələrinin hamısı tutulmamışdır, cəmiyyətdən təcrid olunmamışdır, cinayət etmək təhlükəsi göz qabağındadır. Bu, bizim polis orqanlarının ümdə vəzifəsidir və onu həyata keçirmək lazımdır".

Müşavirədəki yekun nitqində Ulu öndər bir daha Azərbaycanın öz dövlətçiliyini qorumaq, inkişafını təmin etmək iqtidarında olduğunu bəyan etmiş, müxalifət adı altında cinayətkarlıqla məşğul olanların, dövləti devirmək, parçalamaq istəyənlərin hər birinin haqq-ədalət məhkəməsində cavab verəcəklərini, bir cinayətkarın belə kənarda qalmayacağını bildirmışdi.

Mehparə ƏLİYEVA,

"Respublika".