Azərbaycanın məramı kifayət qədər aydındır
Siyasət

Azərbaycanın məramı kifayət qədər aydındır

Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra uzun bir dövr ərzində iri platformalara çıxışının olmaması, yaxud bu tribunalara çıxışının qəsdən məhdudlaşdırılması ciddi fəsadlara yol açmış, Azərbaycan əleyhinə təcavüzkar koalisiyalara regionda rahat hərəkət imkanı vermişdi. Lakin artıq Prezident İlham Əliyev elə bir geosiyasi reallıqlara nail olub ki, indi Azərbaycanın nəinki qlobal arenaya çıxış imkanını təmin edib, üstəlik, özü belə platformanın təşkilatçısıdır.

Aprelin 23-də ADA Universitetind ə“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum isə cənab İlham Əliyevin Azərbaycanın qlobal oyunçu mövqeyini gücləndirdiyini və ölkəmizi ümumbəşəri əhəmiyyətə malik platformaya çevirdiyini göstərir. Bu, Azərbaycan üçün, xüsusən əldə olunmuş hərbi-siyasi zəfərlərin, o cümlədən sosial-iqtisadi nailiyyətlərin nəticələrinin dayanıqlılığını təmin etmək üçün həyati əhəmiyyətə malikdir. O cümlədən də COP29-a məhz ölkəmizin ev sahibliyi etməsi Azərbaycana beynəlxalq ictimaiyyətin böyük etimadı olmaqla yanaşı, həm də Bakıya haqq səsini çatdırmaq üçün qlobal tribuna olacaq. Dövlət başçısının da ifadə etdiyi kimi, bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur. Həqiqəti söyləmək imkanımız var”.

Həqiqətən də COP29-un miqyasını nəzərə alsaq bu, Azərbaycan üçün böyük fürsətdir. Bu, azarkeş kütləsinin, yaxud musiqi həvəskarlarının axın etdiyi tədbir deyil. COP29-un auditoriyası qlobal beyin mərkəzlərinin nümayəndələri, xüsusən iqlim dəyişmələri sahəsində alimlər, mütəxəssislər, habelə dövlət, hökumət başçıları və digər rəsmilərdən, o cümlədən nüfuzlu media mənsublarından ibarətdir. On minlərlə insan ilk dəfə Azərbaycanda olacaq və ölkəmiz barədə reallıqları Qərb mediasının muzdlu obyektivindən və ya riyakar təşkilatlarının sifarişli hesabatlarının rakursundan yox, birbaşa öyrənəcək. Bu isə Qərb təşviqat maşınının iflası deməkdir. Təsadüfi deyil ki, COP29-a ev sahibliyinin Azərbaycana verilməsi barədə qərarın ardınca proses əleyhinə Fransa və digər bəzi bey­nəlxalq subyektlərin cəhdlərinə şahidlik edirik. Möhtərəm Prezidentin də beynəlxalq forumda ifadə etdiyi kimi, "Həmin ölkələr, əslində, Azərbaycana qarşı soyuq müharibəyə başlayıb”. Siyasi və iqtisadi cəhətdən tam müstəqil Azərbaycan isə, təbii ki, maraq və mənafelərini ən yüksək səviyyədə qoruyur və tədbirdə ifadə olunduğu kimi, qırmızı xətləri keçmədən biz tam eyni tədbirləri görürük”.

COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun önəm daşıyan digər aspekti artan təhdidlər fonunda ölkəmizin baxışının bəyan edilməsi və haqlı suallarının beynəlxalq ictimaiyyətə yönəldilməsidir. Məsələn Prezident İlham Əliyev açıq formada xarici təhdidlərin mütləq miqyasının qarşısının alındığını bəyan etməklə Azərbaycanın güc və imkanlarını bir daha bəyan etdi, həmçinin təhdidlərin qarşısının alınması üçün atılan addımların, xüsusən quru sərhədlərinin bağlı qalması barədə qərarın artıq effekt verdiyini, respublikamızda təhlükəsizliyin gücləndiyini bildirdi. Bu isə bir daha göstərir ki, Azərbaycan kənardan ciddi təhdidlər və problemlər idxal etmək istəyən qlobal güclər qarşısında nəinki aciz deyil, əksinə istənilən təhdidi qabaqlaya və aradan qaldıra bilən söz sahibidir.

Ümumiyyətlə, Azərbaycan ətrafında bu tip beynəlxalq hüquqa zidd çənbər yaratmağa cəhdlər qəbuledilməzdir. İlk növbədə, ona görə ki, Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi hədəf kimi müəyyən etmiş dövlətdir. Digər tərəfdən, tədbirdə möhtərəm Prezident tərəfindən ifadə olunduğu kimi, Biz heç vaxt Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmamışıq. Biz hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyədə qardaşlarımız ilə münasibətlərimizdə ədalətli olmuşuq”. Nəticədə isə Azərbaycan beynəlxalq hüququn ümumtanınmış prinsiplərini rəhbər tutaraq bir çox dövlətlərlə əla münasibətlər qura bilmişidir. Bu mənada, artıq Azərbaycanın direktivləri kifayət qədər aydındır. Cənab Prezidentin təbiri ilə desək, Biz qapılarımızı hərc-mərclik yaradanların üzünə bağlı, sadiq qonaqlarımızın üzünə isə açıq saxlamalıyıq”.

Beynəlxalq forumun digər uğuru regionun əsas problemi olmuş, Azərbaycan-Ermənistan münasibətləri barədə qlobal auditoriyanı reallıqla səhih formada tanış etmək imkanının yaradılması oldu. Məlumdur ki, Azərbaycanın mövqeyi kifayət qədər şəffafdır və beynəlxalq hüquqla uzlaşır. Bakı tələb edirdi ki, İrəvanla münasibətlər beynəlxalq gündəliyin mövzusu yox, iki ölkə arasında müzakirə olunacaq məsələdir. Beynəlxalq forumda möhtərəm Prezidentin mövzuya dair ritorikası göstərdi ki, Bakı artıq bu konfiqurasiyaya nail olub. Məsələn, artıq əminliklə deyə bilirik ki, sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxınıq. Baxmayaraq ki, cəmi 4 il əvvəl rəsmi Bakı və İrəvan heç baza prinsipləri üzərində belə razılığa gələ bilmirdi. Dövlətimizin başçısının bildirdiyi kimi, nəticədə, “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin əlbəttə, hər iki tərəfə vaxt lazımdır”.

Əsas olan odur ki, Azərbaycan lideri yaratdığı hərbi-siyasi reallıqla Dağlıq Qarabağ” amilini gündəlikdən birdəfəlik çıxarıb və rəsmi İrəvan da bu saxta məfhumun sülh sazişində olmamasına razılaşıb. Nəticədə, rəsmi Bakı, xüsusən 19 aprel görüşündən sonra hadisələrin müsbət məcrada getməsindən məmnundur.

Lakin burada da təəssüf və hiddət doğuran məqamlar meydana çıxır ki, kollektiv Qərb Cənubi Qafqazda sülh və dayanıqlı sabitlik qarşısında ciddi əngəl kimi çıxış edir. Məsələn, ərazi bütövlüyü tezisində Ukrayna, Gürcüstan və Moldovaya tam fərqli prizmadan yanaşıldığı halda, Avropa Komissiyasının sədri, ABŞ-ın Dövlət katibi və Ermənistanın baş nazirinin Brüssel sövdələşməsi göstərir ki, kollektiv Qərb Cənubi Qafqazda ayırıcı xətləri çəkməkdə israrlıdır. Digər tərəfdən, Fransa, Hindistan və Yunanıstan Ermənistanı açıq formada Azərbaycana qarşı silahlandırır ki, bu da tərəfimizdən sükutla qarşılana bilməz. Bu mənada, cənab İlham Əliyev beynəlxalq forumun ali tribunasından istifadə edərək Ermənistanın qayğısına qalan” həmin güclərə xəbərdarlıq etdi ki, “Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq”.

Ötən dövrün təcrübəsi göstərir ki, bu kimi kənar müdaxilələr Ermənistanda yanlış eyforiyalara və təhlükəli gözləntilərə səbəb olur, bunun da acısını elə haylar özü çəkir. Bu mənada, möhtərəm Prezidentin növbəti xəbərdarlığı da məhz Qərbin təşviqatı ilə mümkün sülh və delimitasiya proseslərinin pozulması riski ilə bağlı oldu. “Əgər onlar o qədər də vacib olmayan bəzi terminlərdən yapışsalar, onda biz aydın şəkildə görəcəyik ki, bu vaxtdan istifadə edərək daha çox silahlanmaq və bizə yenidən hücum etmək istəyirlər. Lakin biz onlara belə bir şansı verməyəcəyik”. Ermənistan başa düşməlidir ki, Azərbaycan ilə sülh sazişini imzalasa, ilk növbədə, özü faydalanacaq və regional inkişaf konseptinin bir həlqəsinə çevrilə bilər.

Göründüyü kimi, Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumdan əslində, Azərbaycanın yeni dövr üçün prioritet və hədəflərinin bəyanı üçün mühüm platforma kimi istifadə etməklə informasiya savaşında üstünlüyü ələ ala bildi. Həmçinin Azərbaycanın hədəflərinin açıq formada bəyan olunması ilə rəsmi Bakının niyyətləri barədə yanlış təsəvvürlərin qarşısının alınması istiqamətində ciddi məsafə qət edildi.

Həmçinin möhtərəm Prezident özünün qətiyyətli və aydın ritorikası ilə göstərə bildi ki, Azərbaycan yeni reallıq yaratmış güc sahibi, sülh və sabitlik arzulayan beynəlxalq subyekt olaraq iqlim dəyişmələri məsələlərinin həlli baxımından ciddi töhfələr vermək əzmindədir.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.