Müslüm Maqomayev: görkəmli bəstəkar, ictimai xadim
Tarixi şəxsiyyətlər

Müslüm Maqomayev: görkəmli bəstəkar, ictimai xadim

18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilməklə yanaşı, həm də bir sıra incəsənət xadimlərinin doğum günləri ilə də əlamətdardır. Onlardan biri də bəstəkar Müslüm Maqomayevdir. Bu şəxsiyyət adını Azərbaycan mədəniyyət tarixinə əvəzsiz xidmətləri ilə yazıb.

Azərbaycan klassik musiqisinin yaradıcılarından biri, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim Müslüm Maqomayev, eyni zamanda, Avropa stilində yazdığı "Nərgiz" operası ilə ilkə imza atan bəstəkardır. Atası Məhəmməd Abdul oğlu əslən Qax rayonunun İlisu kəndindəndir. Gənc yaşlarında İlisu kəndində dəmirçilik etmiş və sonralar Vladiqafqaz şəhərinə köçmüşdür. Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev 1885-ci ildə Qroznı şəhərində dəmirçi ailəsində anadan olmuşdur. Ailədə musiqiyə olan maraq övladlara da yansımışdır. Belə ki, Əbdülmüslümün ilk musiqi müəllimi böyük qardaşı Məhəmməd olmuşdu. Sonralar Qroznı şəhər məktəbində təhsil alarkən Müslüm məktəb orkestrinin rəhbəri olub və həmçinin rəqs dərsləri tədris etmişdi. Rəssamlıq sahəsində də uğur qazanan gəncin məktəb rəhbərliyi Sankt-Peterburqdakı incəsənət məktəbinə göndərilməsini təklif edir. Ailənin maliyyə durumu aşağı olduğu üçün Müslümün bu sahədə ixtisaslaşması mümkün olmur. Gənc Müslüm 1897-1999-cu illərdə Qroznı şəhər ikiillik məktəbində təhsil alır. 1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olan gənc burada Üzeyir Hacıbəyovla tanış olur. Sonralar bu tanışlıq dostluğa çevrilir.

Skripka və qaboyda da ifa edən Müslüm seminariyada təhsil aldığı müddətdə tələbələrin iştirakı ilə simfonik və nəfəsli orkestrin konsertlərini keçirirdi. Simfonik orkestrin baş ifaçısı olan Maqomayev dəfələrlə bu konsertlərdə dirijoru əvəz edir. Tələbəlik illərində o, Qafqazyanı xalq yaradıcılığı ilə maraqlanır, Azərbaycan xalq musiqisini öyrənərək xalq mahnılarını nota köçürüb xor üçün tərtib edir. 1900-cü ildə Parisdə keçirilmiş dünya sərgisində onun folklor yazıları nümayiş etdirilmişdir. Burada o, öz ilk musiqi əsərlərini yazmışdı: "Xəyallar" valsı, "Seminarçı" mazurkası və s. Seminariyanı bitirdikdən sonra təyinatı üzrə Şimali Qafqaza işə göndərilir. 1904-1905-ci illərdə Bekoviçi aulunda məktəb müdiri və nəğmə müəllimi vəzifəsində çalışmış, şagird xoru təşkil etmişdir. 1905-ci ildən etibarən isə Lənkəranda indiki Lənkəran şəhər 1 nömrəli tam orta məktəbdə müəllimlik edir, həmçinin nəfəsli alətlər orkestri, xor, eləcə də balalayka çalanlar ansamblı təşkil edir. Onun Lənkəranda fəaliyyəti bu şəhərdə mədəniyyətin inkişafına böyük təkan verir. Müslüm Maqomayevin fəaliyyəti çoxşaxəli olmuşdu. 1909-cu ildə Tiflis Pedaqoji İnstitutunda müvəffəqiyyətlə imtahan verərək şəhər məktəblərində müəllimlik etmək hüququ almışdır. Bununla kifayətlənməyən gənc 1911-ci ildə Bakı şəhərinə köçür və burada şəhər kollecində işləməklə yanaşı, axşam kursları təsis edir.

XX əsrin əvvəlləri Azərbaycan professional musiqi mədəniyyətinin inkişafında mühüm mərhələ hesab edilir. Həmin dövrə nəzər salanda əlbəttə ki, ilk yada düşən Üzeyir Hacıbəyov və Müslüm Maqomayev olur. Bu iki dahi şəxsiyyət Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təkmilləşməsi sahəsində əvəzsiz xidmətlər göstərmişdir.

Bakıda işləyən Maqomayev dostu Üzeyir Hacıbəyovun rəhbərliyi altında olan Müsəlman opera truppası ilə əməkdaşlıq etməyə başlayır. Müsəlman opera truppasının yaratdığı Azərbaycan musiqili teatrının orkestrində, Maqomayev skripkada çalmağa başlayır. Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şeyx Sənan" operalarına, eləcə də "O, olmasın, bu olsun", "Arşın mal alan", musiqili komediyalarına dirijorluq edir. Müslüm Maqomayevin Üzeyir Hacıbəyovla birgə fəaliyyəti onların dostluğunu daha da möhkəmləndirir. Bu birgə fəaliyyət Azərbaycan mədəniyyəti, musiqisi və milli teatr sahəsindəki inkişafa böyük təkan verir. O, 1913-cü ildə "Sevgi" və "Şah İsmayıl" operalarını yazır. 1913-1914-cü illərdə "Məhəbbət" adlı (bitməmiş) opera yazmışdır. 1916-cı ildə özünün ilk səhnə əsəri olan "Şah İsmayıl" operasını bitirir. Xalq əfsanəsinə əsaslanan bu operada bəstəkar milli folklor nümunələrindən bacarıqla istifadə etmişdir. Müslüm Maqomayevin yaradıcılıq irsinə "Nərgiz" operası, "Azərbaycan çöllərində", "Azad olunmuş Azərbaycan qadınının rəqsi", "Dərviş", "Şəlalə", radio marşı kimi simfonik əsərləri, "Ceyranı", "Turacı", "Çeçen rəqsi" oyun havaları, "Bahar", "Bizim kənd", "Mazut ordusu" mahnıları daxildir. 1920-ci ildə Maqomayev Azərbaycan SSR Təhsil İşçiləri Birliyinin sədri seçilir. 1921-ci ildə Maqomayev Azərbaycan Xalq Təhsili Komissarlığının incəsənət şöbəsinin müdiri vəzifəsinə təyin edilir. Sonra Azərbaycan Dram Teatrının bədii rəhbəri, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru vəzifəsində çalışır. 1929-cu ildə Maqomayev Azərbaycan Radio Komitəsində musiqi şöbəsinin rəhbəri olur.

Müslüm Maqomayevin Azərbaycan musiqisindəki xidmətləri olduqca böyükdür. O, 1927-ci ildə Üzeyir Hacıbəyov və Zülfüqar Hacıbəyov ilə birlikdə bir sıra Azərbaycan xalq mahnılarını nota salaraq işləmişdir. Onun yaradıcılığının ən yüksək zirvəsi "Nərgiz" operası hesab edilir. Bəstəkar opera üzərində 1932-1935-ci illərdə işləmişdir. "Nərgiz" operası Azərbaycan musiqisinin inkişafı tarixində mühüm yer tutur. Maqomayev hesab edirdi ki, improvizasiya üsulundan uzaqlaşmaq operanın melodik quruluşunda milli musiqi nümunələrinə müraciət etmək və operada çoxsəsli xora üstünlük vermək lazımdır. "Nərgiz" operasına görə bəstəkar "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. Bəstəkar 15-ə yaxın simfonik əsərin, o cümlədən iki opera, marş və bir neçə rapsodyanın müəllifidir. O, həmçinin azərbaycanlı şairlərin şeirlərinə yazılmış bir çox vokal əsərlərin müəllifidir. Onun bitməmiş əsərlərindən üçü - "Sevgi" operası, "Dəli Muxtar" baleti və "Xoruz bəy" adlı musiqili komediyaları da var. Müslüm Maqomayev Çeçen, Azərbaycan və digər Qafqaz xalqlarının folklorunun toplanması və sistemləşdirilməsi ilə məşğul olmuşdur. Bəstəkarın üç yüzdən artıq Azərbaycan xalq mahnı və rəqsinə simfonik işlənməsi də vardır.

Müslüm Maqomayev uzun sürən xəstəlikdən sonra 1937-ci il iyulun 28-də Nalçikdə vəfat edib. Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Ramidə YAQUBQIZI,

"Respublika".