Azərbaycan tarixşünaslığının cəfakeş tədqiqatçısı
Tarixi şəxsiyyətlər

Azərbaycan tarixşünaslığının cəfakeş tədqiqatçısı

Ziya Bünyadovun xalqına sonsuz məhəbbəti onun elmi əsərlərində də özünü göstərir

Hər bir cəmiyyətin öncülləri mənsub olduqları toplumun yükünü öz çiyinlərində daşıyır. Azərbaycan xalqının da yetişdirdiyi övladları var. Belə vətən oğullarından biri də əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərliyi ilə ad-san çıxaran Ziya Bünyadovdur.

Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində anadan olmuşdur. Bibiheybət alim-şeyxləri nəslindən olan atası Musa Mövsüm oğlu Bünyadov inqilabdan xeyli əvvəl ataman Lyaxovun kazak diviziyasının alaylarının birində hərbi tərcüməçi olub.  Atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənib, Quranı oxumağa başlayır. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı Ali Birləşmiş Komandirlər Məktəbində təhsilini davam etdirir. Ziya Bünyadov özü haqqında məlumat verərkən qeyd edib: "Atam azərbaycanlı, anam rusdur... Mənim əsl adım Ziyavuddin, atam - şeyx Musa, babam - şeyx Məsum, atamın babası - şeyx Məhdi və s. Mən öz nəslimin tarixini sənədlər üzrə araşdırmışam və məlum olub ki, mənim ata tərəfdən 15 sülalə şeyxlər olubdur və onların hər birinin adını təyin etmişəm... Mənim soyadım 15-ci ulu babamın adından götürülmüşdür - Büneddən".

İkinci Dünya müharibəsində Berlinədək şərəfli döyüş yolu keçən Ziya Bünyadov ilk dəfə Dnestr çayı üzərindəki kiçik liman şəhəri Bəndər uğrunda döyüşə girir. İki dəfə yaralanır. Hərbi xəstəxanadan çıxandan sonra döyüşü Berlinədək davam etdirir. 1945-ci il 27 fevralda ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Ziya Bünyadov Ukrayna və Moldova, Mozdok və Tuapse, Belarus və Polşa uğrunda savaşlarda igidlik nümayiş etdirir. Şimali Qafqazda gedən döyüşlərdə Volqa matroslarından təşkil olunmuş 120 nəfərlik rotaya komandirlik edir. Visla-Oder əməliyyatı zamanı kapitan Bünyadovun komandanlığı altında 123-cü cərimə rotası Pilitsa çayı üzərindəki 80 metrlik minalanmış körpünü ələ keçirir. Əsas qüvvələr gələnə qədər körpünü bir neçə saat düşmənin aramsız hücumlarından qoruyub saxlayır. 670 nəfər döyüşçüsü olan rotada cəmi 47 nəfər sağ qalır.

Müharibə qələbə ilə başa çatdıqdan sonra o,  1945-ci ilin may ayından 1946-cı ilin mayınadək Berlinin ən böyük rayonu olan Pankovda komendantın köməkçisi vəzifəsində çalışır. Berlinin təsərrüfat və mədəni həyatının bərpası və normallaşdırılması sahəsində fəal iştirakına görə o, "Artur Bekker" və "Vaffenbruderşaft" qızıl medalları ilə təltif olunur.

1981-ci ildən Şərqşünaslıq İnstitutunun direktoru, 1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilən Ziya Bünyadov Azərbaycan Respublikası I çağırış Milli Məclisin (1995-2000) deputatı idi. Z.Bünyadov öz çıxışlarında dəfələrlə hiyləgər, tarixi təhrif edən erməni tarixçilərinin yalançı iddialarını faktlarla ifşa etmişdir. Məhz bu məqsədlə 1954-cü ildə Azərbaycan EA-nın Tarix İnstitutunda elmi axtarışlarını davam etdirmişdir. O, Xilafət və Azərbaycanın VII-XIII əsrlər tarixinin tədqiqatçılarından biri idi. Vətəninə, xalqına olan sonsuz məhəbbəti onun yazdığı əsərlərində də özünü göstərir. 60-cı illərdə qələmə aldığı "Azərbaycan VII-IX əsrlərdə" əsəri Azərbaycanın milli tarixşünaslığında əsaslı fikir formalaşdırmışdı. Bu möhtəşəm əsərlə o, ilk orta əsrlər tarixinin mühüm bir dövrünü elmi şəkildə ortaya qoymaqla xalqımızın düşmənlərinə əsaslı mesaj vermiş oldu.

SSRİ-nin Qırmızı Bayraq, Aleksandır Nevski, 2-ci dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz ordenləri və medallarla təltif edilən akademik Ziya Bünyadov Berlin şəhərinin Pankov rayonunun (Almaniya), Urgənc (Özbəkistan), Astara və Göyçay (Azərbaycan) şəhərlərinin fəxri vətəndaşı idi.  Onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də Qurani-Kərimi dilimizə tərcümə etməsidir. O, İslam tarixini, bu dinin nə qədər təmiz, müqəddəs bir din olduğunu çox gözəl bilirdi. Bir alim kimi məsələyə elmi cəhətdən yanaşaraq, onun mahiyyətini insanlara çatdırmaq istəyirdi. O, təkcə Azərbaycanın deyil, həm də keçmiş SSRİ-nin elm aləmində layiqli yerini tutmuşdur.

O, erməni məkrini dünya ictimaiyyətinə çatdıran sayılı ziyalılarımızdan idi. Hələ 1989-cu il martın 14-də Qarabağda yerli idarəetmə qurumu təşkil olunanın əleyhinə çıxaraq demişdir: "Bu, Qarabağın Azərbaycanın əlindən alınmasıdır". Bununla yanaşı, Ziya Bünyadov Sumqayıt hadisələri ilə bağlı xəyanətkar ermənilərin və onların havadarlarının əsl üzünü ifşa etdi. Belə ki, onun Milli Elmlər Akademiyasının "Tarix, hüquq və fəlsəfə" seriyasında "Nə üçün Sumqayıt?" başlığı ilə məqaləsi dərc olundu. Məhz onun tərəfindən bu məqalədə ermənilərin təcavüzkar addımlarına, işğalçılıq niyyətlərinə elmi, hüquqi və siyasi qiymət verildi.

Azərbaycanın ictimai-siyasi həyatının keşməkeşli bir dövründə - 1988-1989-cu illərdə Xalq Hərəkatında olan ziyalılar Ziya Bünyadovun da məsələyə rəyini öyrənmək istəyirdilər. Ziya Bünyadov millətin o ağır günlərində Azərbaycanın xilaskarı simasında yalnız Heydər Əliyevi görürdü və onun hakimiyyətə gəlməsi üçün müraciətə imza atan 91 nəfər tanınmış ziyalıdan biri idi.

Azərbaycanın qəhrəman oğlu Ziya Musa oğlu Bünyadov dəyərli ziyalı və gözəl insan idi. "Ermənilərin 5 akademikinə tək cavab verərəm", - deyən vətənpərvər insan və böyük alim Ziya Bünyadov Azərbaycan xalqının iftixar yeridir.

Əfsuslar olsun ki, həyat onu Azərbaycan xalqının əlindən vaxtsız aldı. 1997-ci il fevral ayının 21-də cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilən Ziya Bünyadov Azərbaycan xalqının daim yaddaşında və qəlbində yaşayır.

Nurlan ABDALOV,

"Respublika".