Oğuz: Könüllü qanvermə aksiyası
Region

Oğuz: Könüllü qanvermə aksiyası

Talassemiya və hemofiliyalı xəstəliklərindən əziyyət çəkən insanlara kömək göstərmək və onlara dəstək olmaq məqsədilə Oğuz Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə növbəti könüllü qanvermə aksiyası keçirilib. Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən həyata keçirilən bu xeyirxah aksiya uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq üçün təşkil olunub.

Mərkəzi Qan Bankının tibb briqadasının həkim-hematoloqları tərəfindən əvvəlcə donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb. Aksiyada iştirak edənlərə sağlamlığın qorunması üçün qan verməyin xeyirxah və savab iş olduğunu bildiriblər. Donorlar isə belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu vurğulamaqla ölkəmizin paytaxtında və regionlarda mütəmadi olaraq qan donorluğunun təşviqi və təmənnasız qanvermə aksiyalarının keçirilməsinin vacibliyinə toxunublar.

Rayonda qanvermə aksiyasında donorlar könüllü olaraq kütləvi şəkildə iştirak edib. Mərkəzi Qan Bankının əməkdaşlarının iştirakı ilə keçirilən aksiyada 100 nəfərə yaxın vətəndaş iştirak etməklə 31 litrdən çox qan yığılıb.

M.QULUYEV,
“Respublika”.