Ölkəmizə böyük etimad göstərilir
Siyasət

Ölkəmizə böyük etimad göstərilir

Rus sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxarılması Rusiya və Azərbaycanın razılığına əsaslanır.

"...bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər". Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 2022-ci il noyabrın 8-də Şuşada bu sözləri demişdi. Vətən müharibəsində ölkəmizin qələbəsinə kölgə salmaq istəyən pozucu qüvvələr Qarabağda sülhməramlıların mövcudluğunu qlobal problem kimi önə çıxarmağa çalışırdılar. Lakin elə həmin dairələr layiqli cavablarını İkinci Qarabağ müharibəsi dövründə almışdılar. Ölkə başçısı İlham Əliyev 2020-ci il oktyabrın 9-da xalqa müraciətində "nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" ifadəsi ilə təxribatçı mərkəzlərin yersiz əndişəsinin qarşısını almışdı. Məhz kontingentin 10 noyabr sazişində 2025-ci ilə qədər müvəqqəti olaraq yerləşdirilməsi maddəsini də cənab İlham Əliyev israr etmişdi. Bu da öz növbəsində ölkə başçımızın qətiyyətli siyasətinin nəticəsidir. Aprelin 17-də Rusiya və Azərbaycanın ali dairələrinin razılığına əsasən rus sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxarılmağa başlaması iki ölkənin bir-birinə olan etimadının təcəssümü kimi qiymətləndirilə bilər.

Prezidentin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edildiyini və prosesə başlanıldığını bildirib. Bildiyiniz kimi, Rusiya sülhməramlı kontingentinin müvəqqəti olaraq Azərbaycanda yerləşdirilməsi müddəti imzalanan 10 noyabr bəyanatında konkret olaraq göstərilib - 10 noyabr 2025. Üçtərəfli Bəyanatın 4-cü bəndində bu fikirlər yer alıb: "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır". Yəni bəzi qüvvələrin iddialarının əksinə olaraq, sülhməramlıların qəti vaxtı 5 il qeyd edilməyib. Bu müddət uzana və ya əksinə də ola bilərdi. Lakin Azərbaycan ərazilərində fəaliyyət göstərən Rusiya kontingentinin ötən ilin sentyabrında antiterror tədbirlərinin uğurla başa çatmasının ardınca fəaliyyəti kifayət qədər məhdudlaşdı. Xatırladaq ki, sülhməramlıların Qarabağa yerləşdirilməsinin əsas məqsədi münaqişə tərəfləri arasında atəşkəs rejiminə nəzarət etməkdən ibarət idi. Antiterror tədbirləri nəticəsində digər münaqişə tərəfi olan erməni silahlıları bir gün ərzində ikinci kapitulyasiya aktının imzalanması ilə Azərbaycan ərazilərindən çıxarıldılar. Belə olan halda kontingent üçün həyata keçirəcək funksional vəzifə qalmadı.

Əlavə olaraq, Rusiyanın Ukraynada döyüş əməliyyatları apardığını nəzərə alsaq, Qarabağdakı kontingentin çıxarılaraq sözügedən ərazilərdə boş mövqelərin doldurulması fikri heç də təəccüblü görünmür. Rəsmi Kreml hazırda müharibə şəraitindədir və Azərbaycanda da zərurət olmayan qoşunu saxlamaq əslində sağlam məntiqə xidmət etmir. Digər tərəfdən, Rusiya hökuməti də yəqin nəzərə alıb ki, Qarabağda işsiz-gücsüz oturub maaş alan ordunu digər istiqamətlərə yönəltmək olar. Məsələn, bir çox Afrika ölkələrində Rusiya qüvvələri və təlimçiləri var. Məlum olduğu kimi, Kreml Afrika ölkələrində mütəmadi olaraq sammitlər təşkil edir, ölkələrin Afrika müstəmləkəçiliyinə qarşı mübarizəsinə böyük dəstək göstərir.

Qərb isə sülhməramlı kontingentin Qarabağdan çıxarılmağa başlanılması xəbərini yenə öz maraqlarına uyğun şərh edib. Belə ki, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Rusiya sülhməramlı kontingentinin "daha dinc və sabit Cənubi Qafqaz regionuna töhfə verdiyini göstərən heç nə görmədiklərini" vurğulayıb. Birləşmiş Ştatların belə bir müsbət məsələyə neqativ tərzdə fikir bildirməsi siyasi riyakarlığın növbəti göstəricisidir. Qərb blokunun qərəzli dairələri Cənubi Qafqazda sülhün əldə olunmasının ən böyük əleyhdarları qismində çıxış edirlər. Daha öncə rəsmi Moskvaya dəfələrlə Dnestryanı, Abxaziya və Cənubi Osetiyadan sülhməramlı kontingentin çıxarılması barədə təzyiqlər göstərən ABŞ, 2022-ci ilin yanvarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstandan çıxarılmasını alqışladığını qeyd etmişdi. Bu gün də eyni addımı atmalı olan Ağ Ev nədənsə əks mövqe ortaya qoyur. Qərb bütün dövrlərdə Azərbaycanın tam olaraq müstəqil və suveren olmasını həzm edə bilməyib. Buna digər misal isə ötən il keçirilən antiterror tədbirlərindən 2 gün əvvəl, sentyabrın 17-də Türkiyənin İstanbul şəhərində Qarabağla bağlı gizli ABŞ, Aİ və Rusiya görüşüdür. ABŞ və Qərb Rusiya ilə Ukrayna müharibəsinin başlanmasından sonra ilk təmasında dəridən-qabıqdan çıxaraq bütöv Qarabağda Azərbaycan bayrağının dalğalanmasının qarşısını hər vəchlə almağa çalışırdı. Hətta Qərb və Birləşmiş Ştatlar öz sülhməramlılarının bölgəyə BMT mandatı altında daxil olmasını və ruslarla birlikdə ermənilərlə azərbaycanlılar arasında durmalarını Kremlə təklif edərək siyasi acizlik nümayiş etdirmişdilər. Yəni Rusiyanın ən böyük rəqibi olan rəsmi Vaşinqton Kremlə Azərbaycan əleyhinə əməkdaşlıq təklif etmişdi.

Yekunda rus sülhməramlı kontingentin birmənalı olaraq fəaliyyətini dörd ilə yaxın bir müddətdə eyni şəkildə qiymətləndirmək olmaz. Zaman-zaman ölkəmiz tərəfindən bəzi narahatlıqlar oldu. Lakin antiterror tədbirlərindən sonra kontingent Qarabağda yaşayan mülki erməni əhalinin ümumi əraziyə çıxarılması, onların yola salınması məsələsində kifayət qədər müsbət fəaliyyət göstərdi. Hər bir halda onlar Azərbaycanda qonaq idi. Qonağın da burada qalma müddəti məlum idi. Kontingentin Qarabağı texnika ilə birgə tərk etməsi xəbərinin ardından ötən gün Türkiyə Milli Müdafiə Nazirliyi informasiya yayaraq Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin öz işini yekunlaşdırdığını bildirdi. Bu isə Azərbaycana olan etimadın bilavasitə göstəricisidir. Ölkəmiz bölgədə aktor rola malikdir və burada yerləşən nəhəng qonşu dövlətlər əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Çünki Azərbaycan Cənubi Qafqazda sülhü beynəlxalq hüququn norma və prinsiplərinə uyğun təmin etdi, antiterror tədbirlərindən sonra Qarabağda yaşayan erməni sakinlərin təhlükəsiz şəraitdə reinteqrasiya prosesinə zəmanət verdi. Bu da öz növbəsində, ölkəmizə qarşı digər dövlətlər tərəfindən inam və etibar hissini daha da gücləndirdi. Beləliklə, ötən ilin sentyabrından sonra rus sülhməramlılarının Qarabağda mövcudluğuna heç bir ehtiyac qalmamışdı və qarşı tərəf də həmin ordunun daha səmərəli istifadə oluna biləcəyini yəqin etdiyi üçün yekunda belə bir razılıq əldə olundu. Sözsüz ki, bu ölkəmizin növbəti siyasi uğurudur.

Tacir SADIQOV,

"Respublika".