Özbəkistanda təhsil alan bir qrup tələbə ölkəmizdə səfərdə olub
Gündəm

Özbəkistanda təhsil alan bir qrup tələbə ölkəmizdə səfərdə olub

Özbəkistanda təhsil alan bir qrup azərbaycanlı və özbək tələbə Bakıya səfər edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Respublika"ya bildiriblər ki, səfərdə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin 3 tələbəsi və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin 4 tələbəsi iştirak edib. Səfər zamanı gəncləri Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin prorektoru müşayiət edib.

Əvvəlcə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edən qonaqlar müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələrini ehtiramla yad ediblər.

Qonaqlar ekskursiya proqramına uyğun olaraq Qız qalasını, “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyini, Milli Azərbaycan Tarixi Muzeyini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini, Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Özbəkistanlı gənclər Diasporla İş üzrə Dövlət Komitəsində və Milli Məclisdə də olublar.

Tələbələr Azərbaycana səfərlərinə dəstək göstərən Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıqlarını bildiriblər.

Komitənin adından tələbələrə xatirə hədiyyələri təqdim edilib.