Paşinyanın bəyanatları Qərbin hiyləgər strategiyasını əks etdirir
Siyasət

Paşinyanın bəyanatları Qərbin hiyləgər strategiyasını əks etdirir

Ermənistan həmişə olduğu kimi, sülh müqaviləsinin imzalanmasından yayınmaq istəyir. Paşinyan sülh məzmunlu fikirlər səsləndirsə də, bu, sadəcə imitasiya xarakterli idi. Lakin ortada sülh yoxdur və belə olan halda məsuliyyəti Azərbaycanın üzərinə yönəltməyə çalışırlar. Təbii ki, Ermənistan bunu təkbaşına etmir. Bu, Cənubi Qafqaz regionunda sülh istəməyən dairələrin təlimatları əsasında səsləndirilən fikirlər, sərgilənən davranışlardır. Paşinyan həmişə olduğu kimi, öz mövqelərində çox sərt transformasiyalar etməkdə davam edir. Ermənistan baş naziri olduqca ziddiyyətli bir insandır. Ona görə də onun mövqeyində bu cür sərt dəyişikliklərə yol verməsi artıq heç kimi təəccübləndirmir. Paşinyanın son bəyanatları Qərbin hiyləgər strategiyasını əks etdirir.

Əgər sülh sazişi imzalanmırsa, onda belə bir sual meydana çıxır. Ümumiyyətlə, hücum etməmək haqqında sənədin imzalanması imkanları mövcuddursa bəs iki ölkə arasında sülh sazişinin imzalanması niyə mümkün deyil? Mahiyyət etibarilə bu da sülhün elementlərindən biridir. Yəni ki, tərəflər eyni zamanda bir-birilərinin təhlükəsizliyinə zəmanət verirlər. Paşinyanın deməyindən belə çıxır ki, vahid, ümumi bir sülh sazişi yox, amma onun ayrı-ayrı komponentləri üzrə tərəflər arasında razılaşmalar imzalansın. Məqsəd isə ondan ibarətdir ki, sonrakı mərhələdə ayrı-ayrı məsələlərə görə Azərbaycanın üzərinə növbəti hücumlar təşkil edilsin. Çünki Paşinyan heç bir əsas olmadan iddia edir ki, guya Azərbaycan Ermənistanın ərazi bütövlüyünü pozub, qoşunlar sərhəddən geri çəkilməlidirlər və sair. O, yenə də Qərbdən gələn təlimatlar əsasında Azərbaycanı ittiham etmək üçün əsas axtarır. Belə olan halda Qərb total şəkildə Azərbaycanın üzərinə hücum edə biləcək. Ortada heç bir səbəb olmadan Qərb strukturları Azərbaycana qarşı tam siyasi hücum mövqeyində dayanıblar. AŞPA-nın son qərəzli mövqeyi bir daha nümayiş etdirdi ki, Qərb dairələri ermənidən daha çox ermənidirlər. Azərbaycana qarşı sərgilədikləri mövqeyi əsaslandırmaları isə tamam absurddur. Azərbaycan öz suveren torpaqlarında sərbəst addımlar atmaq hüququna malikdir və buna görə ölkəmizi heç kim ittiham edə bilməz.

Paşinyanın fikirlərinə diqqət yetirsək, görərik ki, Avropa İttifaqının xarici məsələlər üzrə ali nümayəndəsi Cozef Borrelin fikirləri ilə üst-üstə düşür. Sanki onlar öncə məsləhətləşir və mövqelərinin koordinasiyasını aparır, ondan sonra isə onu sərgiləyirlər. Hesab edirəm ki, Paşinyanın səsləndirdiyi fikirlər bütövlükdə Qərbin Cənubi Qafqaz regionuna yeni müdaxilə imkanlarının yaradılmasına hesablanıb. Paşinyan bunun üçün əlindən gələni etməkdədir. Qərb strukturları da Paşinyana öncə bu təlimatları ötürürlər. Həmin təlimatlara əsasən o, fikirlərini ictimailəşdirir. Sonrakı mərhələdə isə Paşinyana dəstək olurlar. Paşinyanın əsas iki məsələdə, həm qoşunların geri çəkilməsi, həm hücum etməmə haqqında sənədin imzalanmasında mövqe sərgiləməsi, yeni təklif irəli sürməsi, sülhdən yayınmanın yeni formasıdır. Buna qədər əllərində manevr imkanı var idi. Azərbaycan ərazisində separatçı rejim mövcud idi. Bu separatçı rejimin ayaqda qalması üçün Ermənistan və Qərb əlindən gələni edirdi. Azərbaycan ərazisində o vaxt qalan ermənilərin hüquqları, təhlükəsizliyi üzərindən siyasi spekulyasiyalar edirdilər. Azərbaycan öz ərazilərində antiterror tədbirləri gördü, separatizmi məhv etdi, ərazisindəki ermənilər isə könüllü şəkildə Ermənistan ərazisinə keçdilər. Onsuz da onlar Ermənistanın pasportlarını daşıyırdılar. Ermənistan vətəndaşları idi, yəni vətəndaşları olduqları ölkəyə köçdülər. Belə olan halda artıq Azərbaycan ərazisindəki ermənilərin vəziyyəti üzərindən siyasi spekulyasiya imkanları qalmadı. İndi isə yeni siyasi manevr və spekulyasiya alətləri icad etmək üçün çalışırlar. Bu da onu göstərir ki, Ermənistan özünün qeyri-konstruktiv mövqeyində qalmaqda davam edəcək.                                           

Elşad MİRBƏŞİROĞLU,

deputat.