Paşinyanın sevimli oyunu - ya ondadır, ya bunda...
Siyasət

Paşinyanın sevimli oyunu - ya ondadır, ya bunda...

Uşaq vaxtı oyun oynayan zaman ilk başlayacaq insanı seçmək üçün bir sıra yollara əl atırdıq. Burada çoxlu alternativimiz var idi. Lakin onlar arasında ən məşhuru "ya ondadır, ya bunda" yanıltmacı idi. Bu zaman irəliyə iki nəfər çıxar, üçüncü şəxs isə onlar arasında bu yanıltmacı deyər və nəticədə təsadüfən biri seçilərdi. Uşaqlıqda biz bunun ardında heç bir məqsəd güdmür və əylənmək üçün edirdik. Lakin böyüdükcə anladıq ki, bu oyunlar elə məhz siyasi arenada da tətbiq olunurmuş.

Son illər Paşinyanın Qərblə Rusiya arasında qalması, Qərbə yönəlib lakin sonda rəsmi Moskvadan əl çəkə bilməməsi isə onun ikiüzlü mövqeyinin göstəricisidir. Ermənistan eyni vaxtda həm Qərbə, həm də Rusiyaya xidmət edib öz maliyyə-iqtisadi və hərbi-siyasi maraqlarını reallaşdırmağa çalışır. Şübhəsiz ki, Ermənistanın "paralel manipulyasiya" siyasəti hər iki tərəfə məlumdur. Lakin bunun necə nəticə verəcəyi isə yalnız tərəflərin reaksiyalarından asılı ola bilər.

Hazırda Qərb və Rusiya kimi iki nəhəng hərbi-siyasi gücün qarşıdurmasının ağırlıq mərkəzi Cənubi Qafqaza keçirilmək üzrədir. Şahmat taxtasında hər iki tərəfin öz daşları və bucaqları olur. Nəticədə toqquşmalar olmur və sağlam rəqabət gedir. Lakin Cənubi Qafqaz regionunda həmin "taxta" rolunu Ermənistan özü təkbaşına öhdəsinə götürüb. Buna görə də iki nəhəng qüvvə arasında çaxnaşmalar yaşanır. Ermənistan bir əldə iki qarpız saxlamağa çalışır. Rəsmi İrəvan Qərbin təlimatları və sifarişləri ilə israrla Rusiyadan uzaqlaşma xətti tutub. Ermənistanın siyasi elitası Rusiyanı Qərb qonşumuzun bütün siyasi uğursuzluqlarında və hərbi məğlubiyyətlərində ittiham edir. Hətta Rusiyanın toplantılarını da boykot etməyə çalışır. Lakin bütün bunlara baxmayaraq, Kreml rəsmi İrəvana münasibətdə maksimum səviyyədə tolerant davranır. Rusiya tərəfindən Ermənistana qarşı indiyə qədər hər hansı radikal və prinsipial addımlar atılmayıb. Əksinə, Rusiya tərəfi İrəvanın yanlış yoldan geri dönəcəyinə inandığını bildirir. Lakin şübhəsiz ki, bu oyunun ardında da başqa həqiqətlər dayanır. Məsələnin pərdəarxası isə belədir ki, Qərb mətbuatında Ermənistanın Rusiyaya sanksiyalardan yayınmaq üçün gizli yardım göstərdiyi barədə məlumatlar yayılmağa başlayıb. Bildirilib ki, rəsmi İrəvan Rusiyaya qarşı sanksiyalardan külli miqdarda "qara maliyyə" qazanmağa nail olub. Elə buna görə də Ermənistanın iqtisadi göstəriciləri real imkanlarını iki dəfədən çox aşıb. Və bu, beynəlxalq səviyyədə böyük qalmaqallar yaratmalı olan məsələdir. Məlum olub ki, Ermənistan Rusiya-Ukrayna müharibəsi başlandıqdan sonra Avropa məkanından öz əhalisinin ehtiyaclarını dəfələrlə üstələyən həcmdə elektrik avandanlıqları idxal edib. Bütün bunlar azmış kimi, Qərbdən idxal edilən həmin avadanlıqların Ermənistanın daxili bazarlarına çıxarılmadığı da məlum olub. Bu baxımdan, idxal edilmiş malların hara "buxarlandığı" olduqca ciddi məqamdır. Bütün bunlar məhz Cənubi Qafqaz regionunda cərəyan edir. Ermənistan isə hər iki tərəfə "Gəl!" deyir. İkili siyasəti ilə özünə qara vərəq üzərində CV (Curriculum Vitae (lat.) - bacarıqlar, təcrübələrin və təqdim olunan yer üzrə digər lazımi məlumatları özündə saxlayan sənəd) hazırlayır. Özünü forpost dövlət kimi qələmə verən Ermənistan ölkəsini tanıtmaq üçün yanlış mövqe seçib. Şübhəsiz ki, qara piar özü də reklamın bir növüdür. Paşinyan ikili siyasət yürütməklə beynəlxalq arenada öz adından çıxış edib gündəmdə qalmağa çalışır. Lakin unutmamalıdır ki, sadəcə qara piarla gündəmə gəlməyi özünə prioritet seçmiş hər bir dövlət, qurum və ya şirkət sonda batmağa və məhv olmağa məhkumdur.

Töhfə SƏMƏDOVA,

"Respublika".