Polis Akademiyasında elmi-praktik konfrans
Digər xəbərlər

Polis Akademiyasında elmi-praktik konfrans

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 74 illiyinə həsr olunmuş "Müasir dövrdə insan hüquqlarının aktual problemləri" adlı beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, konfransa dövlət orqanlarının, publik hüquqi şəxslərin, yerli və xarici ali təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

Ombudsman konfransda çıxış edərək, ümummilli lider Heydər Əliyevin hələ sovet hakimiyyəti dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə milis orqanlarına göstərdiyi qayğını xatırladaraq, məhz ulu öndərin tələbkarlığı sayəsində Bakı Xüsusi Orta Milis Məktəbi və onun maddi-texniki bazasının inkişaf etdiyini, kadr cəhətdən möhkəmləndiyini və ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Akademiya səviyyəsinə qədər yüksəldiyini vurğulayıb. S.Əliyeva Akademiyanın hər zaman Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib.

S.Əliyeva konfans iştirakçılarına Ombudsman təsisatının çoxşaxəli fəaliyyəti, bu günlərdə Milli Məclisdə qəbul edilmiş "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə layihənin əhəmiyyəti haqqında da ətraflı məlumat verib.

Konfransda Ombudsman Aparatının və Polis Akademiyasının əməkdaşlarının birgə iştirakı və hüquq üzrə fəlsəfə doktoru S.Əliyevanın ümumi redaktəsi ilə hazırlanmış "İnsan hüquqları fənni üzrə praktikum" adlı tədris-metodiki vəsait iştirakçılara təqdim olunub.

Ombudsman Aparatının əməkdaşları da konfransda mövzu ilə bağlı təqdimatla çıxış edib, yekunda iştirakçılara sertifikatlar verilib.

"Respublika".