Qarabağ Dirçəliş Fondu alış-veriş mərkəzlərində
Mədəniyyət

Qarabağ Dirçəliş Fondu alış-veriş mərkəzlərində "Qarabağda urbisid" adlı fotosərgilərə start verib

Qarabağ Dirçəliş Fondunun fəaliyyətində ermənilərin azad olunmuş ərazilərimizdə apardıqları qeyri-qanuni fəaliyyət və işğal nəticəsində Qarabağa dəyən zərər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması xüsusi önəm kəsb edir. Bu məqsədlə Qarabağ Dirçəliş Fondu ermənilərin Qarabağda törətdikləri dağıntıların görüntülərinin əks olunduğu "Qarabağda urbisid" sərgisini mütəmadi olaraq fərqli platformalarda təşkil edir.

AZƏRTAC xəbər verir ki, ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın olduğu "Karabakh.Center" layihəsi çərçivəsində Fond oktyabrın 1-dən 30-dək "Gənclik Mall", "Port Baku Mall" və "Dəniz Mall" alış-veriş mərkəzlərində (AVM) erməni işğalçıları tərəfindən törədilən dağıntıların əks olunduğu "Qarabağda urbisid" adlı fotosərgiləri bütün ictimaiyyətə açıq elan edir.

 Sərgi torpaqlarımızın 30 illik işğalı dövründə xalqımızın Qarabağdakı maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən zərərə həsr olunub.

Sərgi həftənin 7 günü saat 10:00-dan 22:00-a qədər fəaliyyət göstərəcək.

 Sərgiyə cəlb olunan "Bir" Tələbə-Könüllü İctimai Birliyinin könüllüləri gün ərzində nümayiş olunan fotoşəkillər, eyni zamanda, Qarabağ Dirçəliş Fondunun fəaliyyəti barədə ziyarətçiləri məlumatlandıracaqlar.

 "Gənclik Mall", "Port Baku Mall", "Dəniz Mall"da keçirilən sərgi Paşa İnşaat "Malls Group"un dəstəyi ilə reallaşıb.

 Qeyd edək ki, işğal altında olan ərazilərdəki dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 mindən çox fotoşəkli və videogörüntüsünün yer aldığı "Karabakh.Center" (https://karabakh.center/az) internet resursu Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb.

AZƏRTAC