Sosial həyat

"Qarabağ" ordenli Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, "Bilgə Qrup" QSC-nin direktoru Elvin İsmayılovla birlikdə Birinci Şıxlı kəndində şəhid baş leytenant Hüseynov Nəbi Hacıbala oğlunun ata ocağında olub, əziz xatirəsini yad edib. Şəhidimizin ruhuna dua oxunub, xatirəsi böyük ehtiramla anılıb.

İcra başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. 44 günlük Vətən müharibəsində adını tarixə yazdıran, qazanılan qələbədə payı olan Nəbi kimi oğullarımızın döyüş meydanında göstərdikləri qəhrəmanlığın, şücaətin unudulmayacağını, hər zaman xatırlanacağını qeyd edib. Xalq olaraq Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərin müəllifi olan Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Nəbi və onun kimi minlərlə şəhidimizə, qazilərimizə borclu olduğumuzu bildirib. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu, Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü bildirib.

Onlara göstərilən qayğıya görə razılığını bildirən şəhidimizin atası Hacıbala Hüseynov Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Şəhid Nəbi Hüseynov 9 iyul 1992-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1998-ci ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. Elə həmin il Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2006-2010-cu illərdə həmin hərbi məktəbdə təhsil almışdır. 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbi bitirdikdən sonra bir il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) olmuş, hərbi sahədəki biliyini daha da mükəmməlləşdirmiş, təcrübəsini daha da artırmışdır.

Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissələrində xidmət edən Nəbi qrup komandirinin müavini olmuşdur. Baş leytenant Nəbi Hüseynov oktyabr ayının 9-da Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Birinci Şıxlı kənd qəbiristanlığında dəfn edilmişdir.

İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizlə yanaşı, baş leytenant Nəbi Hüseynovun da göstərdiyi qəhrəmanlıq, igidlik yüksək qiymətləndirilmişdir. Prezident İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Qazax şəhərində küçələrdən birinə "Qarabağ" ordenli şəhidimizin adı verilib.

Vəli VƏLİYEV,

"Respublika".