Qarabağ Universiteti
Elm və təhsil

Qarabağ Universiteti

İşğaldan azad olunmuş ərazilərdə təhsilə böyük dəstək

Prezident İlham Əliyev noyabrın 28-də "Qarabağ Universitetinin yaradılması haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs yaradılır.

Xankəndi Universiteti 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi fəaliyyətə başlayıb, 1973-cü ildə isə müstəqil ali təhsil müəssisəsinə çevrilib. Və 1988-ci ilin ortalarına qədər fəaliyyət göstərib. 1991-ci ildə Xankəndi digər torpaqlarımız kimi işğal altına düşmüşdür və 2023-cü il 19 sentyabrda keçirilən 23 saatlıq lokal antiterror tədbirlərindən sonra Xankəndi də digər ərazilərimiz kimi işğaldan azad olunub.

Xankəndi Pedaqoji İnstitutunda o vaxtlar iki minə yaxın tələbə təhsil alıb. Təhsil ocağında 40-a yaxın azərbaycanlı müəllim işləyib. Qarabağda fəaliyyət göstərən yeganə ali təhsil ocağı olan Xankəndi Pedaqoji İnstitutunda həmin dövrdə 3 fakültə mövcud olub: Azərbaycan dili və ədəbiyyatı, tarix və riyaziyyat fakültələri. İnstitutun çox gözəl binası var və elə indi də durur.

Xankəndi Pedaqoji İnstitutu ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ali məktəb kimi fəaliyyətini davam etdirib. Lakin bir müddət sonra erməni xisləti sözügedən təhsil ocağından da yan keçmir. Vardgez Safaryan adlı erməni tarixçinin elmi işində Şirvanı  "böyük Ermənistan" ərazisi kimi göstərməsi azərbaycanlı müəllimlərin sərt reaksiyasına səbəb olur. Həmin elmi işin saxta olduğu sübuta yetirilir. Bunun əvəzini çıxmaq istəyən haylar 1985-ci ildə ali məktəbin tarix fakültəsinin Azərbaycan bölməsinə tələbə qəbulunun dayandırılmasına nail olurlar.

Bundan sonra institutun müəllimləri tarix fakültəsinin bağlanması ilə bağlı Ulu Öndər Heydər Əliyevə  müraciət edirlər. Ümummilli lider müəllimlərə fakültənin yenidən bərpa ediləcəyini deyir. 1986-cı ildə məhz Heydər Əliyevin xüsusi səyləri nəticəsində fakültə yenidən bərpa edilir. Ermənilərin bu institut vasitəsilə  tarixi saxtalaşdırmaq cəhdləri ifşa olunur. Bu dövrdən sonra haylar Xankəndi Pedaqoji İnstitutunda təzyiq dairəsini  genişləndirməyə başlayırlar. 1988-ci  ilin mayında institutun Azərbaycan bölməsinin müəllim və tələbələri fiziki və mənəvi təzyiqlərlə üzləşdikləri üçün Xankəndi şəhərini tərk etmək məcburiyyətində qalırlar. Azğınlaşmış haylar 1 ay ərzində 3 dəfə institutun qarşısına toplaşaraq azərbaycanlılardan şəhəri tərk etmələrini tələb edirlər. Həmin ilin noyabr ayından Xankəndi Pedaqoji İnstitutu fəaliyyətini Gəncə şəhərində davam etdirir, 1989-cu ildə isə Azərbaycan Pedaqoji İnstitutunun Şuşa filialı yaradılıb və iki il fəaliyyət göstərib. Lakin təəssüf ki, burada ciddi siyasi səhvə yol verilib. Şuşada yerləşən institutun Xankəndi filialı kimi deyil, Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi göstərilməsi hayların əlinə fürsət verib.

Növbəti dövrdə Qarabağda tüğyan edən separatizm meyilləri güclənir. Həmin ərazilər işğal altına düşür və 30 il dərin sükuta qərq olur. 1988-ci ildə institut öz müstəqilliyini itirərək Kirovakan İnstitutunun filialı adı altında tədricən yaranan separatçı xuntanın əlinə keçir. İşğal dövründə buradan saxtalaşdırma mərkəzi kimi istifadə olunur. Xunta rejimi 30 il ərzində "böyük Ermənistan" mifini məhz burada yaşatmağa cəhd edir. Bütün bu ümidlər isə bu ilin sentyabrında məhv oldu. Artıq institut yenidən aid olduğu yerə qayıdır.

Ölkə başçısının "Qarabağ Universitetinin yaradılması haqqında" Sərəncamı ilə Qarabağda təhsil canlanacaq, ölkədə daha bir nüfuzlu təhsil ocağı fəaliyyət göstərəcək. Keçmiş məcburi köçkün olan tələbələrin burada təhsilini davam etdirə bilmələri müzakirə olunan məsələlərdən biridir. Bundan əlavə, Qarabağ Universiteti xaricdən gələn tələbələrə də öz qapılarını açacaq.

Tacir SADIQOV,

"Respublika".