Qarabağ yeni tarixi mərhələdə
Digər xəbərlər

Qarabağ yeni tarixi mərhələdə

Azərbaycanın İkinci Qarabağ savaşında əldə etdiyi qələbə tarixə qızıl hərflərlə həkk olundu. Cəmi 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun qətiyyəti ilə 30 illik işğala son qoyuldu, haqq-ədalət öz yerini tapdı.

Müharibə dövründə hamı bir nəfər kimi ölkə başçısının xalqa müraciətini, Prezident İlham Əliyevin rəsmi "tviter" səhifəsini böyük səbirsizliklə izləyir, qələbə xəbərlərini sevinclə qarşılayırdı. Nəhayət, 30 il gözlədiyimiz o xəbər - Laçın şəhərinin işğaldan azad olunması xəbəri də ölkə başçımız tərəfindən ictimaiyyətə qürurla çatdırıldı. Prezident İlham Əliyev şəxsi "tviter" səhifəsində paylaşım etdi: "Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!". Bu möhtəşəm xəbərdən sonra xalqımızın bir daha üzü güldü, hər kəs şəhidlərimizə, qazilərimizə, ordumuza, Ali Baş Komandana minnətdarlıq hissilə Laçın zəfərinin sevincini qeyd etdi.

Həmin tarixi qələbəmizdən sonra ölkəmiz işğal olunmuş ərazilərin sürətlə və yüksək səviyyədə bərpasına başladı. Hazırda bu prosesin uğurlu nəticəsi kimi vaxtikən öz doğma yurdlarından didərgin düşmüş sakinlərin 30 illik həsrətdən sonra işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Belə ki, yerli əhalinin Laçın şəhəri də daxil olmaqla Zabux, Sus və digər kəndlərə köçürülməsi prosesinə başlanılıb. Xüsusi vurğulamaq lazımdır ki, Laçın şəhərinin işğaldan azad olunması ölkəmizin müasir tarixinin ən strateji hadisələrindən biri kimi qiymətləndirilir. Çünki bu şəhər regionun vacib yaşayış məntəqələrindən biridir. Məhz Laçının işğaldan azad olunması Qarabağ regionunda yeni mərhələnin başlanması kimi xarakterizə olunur.

Laçının iqtisadi cəhətdən böyük potensialı var. Belə ki, bölgə turizm, aqrar, sənaye sektorunda müqayisəli üstünlüklərə malikdir. Laçın, həmçinin təbii ehtiyatları ilə fərqləndiyi üçün emal sənayesi üzrə istehsalın təşkili də burada mümkündür. Məsələn, hələ işğal dövründə Laçında kənd təsərrüfatı əsas inkişaf etmiş sahələrdən idi. Həmçinin, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq da inkişaf etmişdi. Həmin dövrdə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələrində daha çox xammal növləri emal olunurdu. Zəngin təbii ehtiyatlara malik Laçında civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları mövcuddur ki, bu da özlüyündə dağıdılan iqtisadiyyatın bərpası və ölkə iqtisadiyyatına reinteqrasiya üçün zəmin yaradır.

Zabux kəndi respublikamızın ən səfalı yerlərindən biridir desək, yanılmarıq. Sözügedən kəndin etnik tərkibini təhlil etsək görərik ki, burada əzəldən azərbaycanlılar yaşayıb. Əfsuslar olsun ki, erməni işğalından sonra Zabux xarabalığa çevrilmişdi. Belə ki, vandal düşmən tərəfindən kəndin infrastrukturu dağıdılıb, evlər talan olunub. Hətta 2003-cü ildə Zabuxda erməni diasporu tərəfindən kilsə inşa edilib. 2013-cü ildən sonra ermənilərin qeyri-qanuni şəkildə kənddə məskunlaşması aparılıb. Amma Zabux artıq tam azaddır və sakinlər öz doğma yurdlarına qovuşurlar. Azərbaycan dövlətinin iqtisadi gücü sayəsində Sus, Zabux və digər kəndlər yüksək səviyyədə bərpa olunur, yaşayış məntəqələri salınır. Artıq Sus kəndində məktəb tikintisinə başlanılıb.

Avqustun 25-də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə ilk köç karvanı yola salınıb. Yola Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən düşən köç karvanına Bərdədən, Şirvandan və Mingəçevirdən Zabuxa qayıdan ailələr də qoşulublar. Mərhələli şəkildə həyata keçirilən köç prosesində ilk olaraq 20 ailə - 88 nəfər Zabuxda məskunlaşıb. Köçürülən ailələr arasında Birinci Qarabağ müharibəsi şəhidinin ailəsi də yer alıb. Bu günədək Laçın rayonunda 254 ailənin, yəni 992 nəfərin daimi məskunlaşması təmin edilib.

Xatırladaq ki, bu il mayın 27-də Prezident İlham Əliyev Laçın rayonuna səfəri çərçivəsində Zabux kəndində aparılan tikinti və bərpa işləri ilə yaxından tanış olub. Ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulduğu bildirilib. İlkin mərhələdə isə kəndə 223 ailənin köçürülməsi planlaşdırılıb. Bundan başqa, Zabuxda 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilib. Kənddəki evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında "yaşıl enerji"dən istifadə edilməsi isə dövlətimizin işğaldan azad olunmuş ərazilərə göstərdiyi diqqət və qayğının nümunəsidir.

Qeyd edək ki, Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün nəticəsində Laçın rayonu 1992-ci il mayın 18-də işğal edilib. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb. Bundan başqa, xain düşmən tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və ya məhv edilib. Rayonun 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidəsi erməni vandalizminin qurbanı olub. VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq da bunun bariz nümunəsidir. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Talan edilmiş muzeyin eksponatlarından olan gümüş əl çantası Londonda "Sotheby`s" auksionunda 80 min ABŞ dollarına satılıb.

 Nəzrin ELDARQIZI,

"Respublika".