QƏLƏBƏDƏN SONRAKI QARABAĞ
Digər xəbərlər

QƏLƏBƏDƏN SONRAKI QARABAĞ

44 günlük Vətən müharibəsində möhtəşəm qələbəmizdən sonra bu yerlərin xoşbəxt, firavan günləri hələ qabaqdadır. Zülmdən, zülmətdən qurtulan cənnət Qarabağın öz gülüstanına qovuşmasına az qalıb, lap az. Dövlətimizin, Prezidentimizin apardığı düşünülmüş siyasət, sosial-iqtisadi proseslər bunu bir daha sübut edir. Hələ Şuşanı erməni işğalından azad edərkən möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: "Əziz Şuşa, sən azadsan. Biz səni dirçəldəcəyik". İndi bu sözlər bütün Qarabağ üçün keçərlidir. İşğaldan azad olunan ərazilərdə həyata keçirilən irimiqyaslı layihələr, bərpa-quruculuq işləri bundan xəbər verir. Həmin ərazilərdə genişmiqyaslı yenidənqurma prosesi gedir. Ermənilər tərəfindən 30 il ərzində dağıdılaraq xarabalığa çevrilən ərazilər yenidən bərpa edilib, dirçəldilir, bu yerlərə yeni həyat, yeni yaşayış gəlir, həyat tədricən öz axarına düşür.

Yenidənqurma prosesi çərçivəsində "ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl enerji" konsepsiyalarından istifadə olunur. Dövlət başçısı elə ilk günlərdən dost ölkələrdən olan şirkətləri işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı yenidənqurma işlərinə dəvət edib. Hazırda bərpa-quruculuq işləri uğurla davam edir. İşğaldan azad olunmuş ərazilərin bərpası Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də öz əksini tapmışdır. Ötən il bərpa-quruculuq işlərinin həyata keçirilməsi üçün 2021-ci il dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılmışdır. Bu il isə, 2022-ci ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına ayrılan vəsait 470 milyon artırılaraq 2 milyard 670 milyon manata çatdırılmışdır. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin təmin olunması məqsədilə Qarabağ Dirçəliş Fondu da təsis olunmuşdur.

İşğaldan azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri bu yerlərə yenidən həyat gətirir, canlanma yaradır. Yenidən qurulan şəhərlərdə, kəndlərdə bütün infrastruktur, iaşə obyektləri, məktəblər, xəstəxanalar bərpa olunaraq müasir tələblərə uyğun inşa edilir. Aparılan irimiqyaslı tikinti işlərində, xəstəxanaların inşası da uğurla həyata keçirilir. Belə ki, bu ərazilərdə 5 modul tipli xəstəxananın qurulması nəzərdə tutulur. Artıq, Şuşada modul tipli xəstəxana qurularaq istifadəyə verilib. 2021-ci ilin oktyabr ayından etibarən fəaliyyət göstərən xəstəxana 6 palata və 9 çarpayıdan ibarətdir. Bundan başqa, Ağdam, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Hadrut və Qubadlıda da modul tipli xəstəxanalar quraşdırılacaq. Gələcəkdə isə bu rayonların hər birində böyük xəstəxanalar tikiləcək. İşğaldan azad olunmuş ərazilərdə aparılan irimiqyaslı layihələrin sürəti və mahiyyəti ölkəmizin iqtisadi gücünün göstəricisidir. Şuşa şəhərində 960 şagird yerlik 1 nömrəli tam orta məktəbin tikintisinin bu ilin sonuna kimi tamamlanması nəzərdə tutulur. Ağdam və Cəbrayıl rayonlarında məktəblərin tikintisinə başlanılıb. Füzuli şəhərində də məktəb binası tikiləcək. Ağdamda və Şuşada tikiləcək məktəblər müasirliyi və arxitekturası ilə seçiləcək. Suqovuşan qəsəbəsində isə 144 şagird yerlik tam orta məktəb binası təmir olunur.

Yeni avtomobil yollarının tikintisi də görülən işlərin sırasındadır. Avtomobil yollarının çoxu dördzolaqlı və altızolaqlıdır. Dünyada ən uzun tunellər məhz Qarabağ iqtisadi rayonunda tikilir. Hazırda 10 tunelin tikintisi davam edir. Zəngəzur dəhlizini birləşdirən dəmir yolunun tikintisində 70 faizə qədər işlər tamamlanıb. Bu yollar bizi gələcəyə, gələcək uğurlara, işıqlı sabahlara aparır. Dünyanın iqtisadi, siyasi və mədəni həyatına açılan qapı rolunu oynayır. Gücümüzə güc qatır, iqtisadiyyatımızın möhkəmlənməsinə, turizm potensialının inkişafına böyük təkan verir. Bəli, Zəngəzur dəhlizi bizi dünya ilə birləşdirəcək.

Böyük Qayıdışın ilk addımları isə Zəngilan rayonunun Ağalı kəndində atıldı. Ağalı ağ günlərinə qovuşdu. Artıq rayonda 200 ev tikilərək istifadəyə verilib. 200 evdə işıq yanır, 200 evin sabaha işıqlı ümidləri, arzuları var. Yaxın gələcəkdə isə daha 150 evin inşasına başlanılacaq. Artıq, burada məşğulluq idarəsi, məktəb, bağça, tibb məntəqəsi, "Asan xidmət", "Dost Mərkəzi", kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur.

 Füzuli Hava Limanı Qarabağın qapısı, Şuşaya gedən əsas yolun başlanğıcıdır. Qarabağ turizm imkanlarına görə Cənubi Qafqazın cənnəti sayılır. Bu bölgəyə gələnlər, cənnət Şuşamıza səyahət etmək istəyənlər füsunkar təbiətə malik olan Kəlbəcərə, İstisu sanatoriyasına yolunu salanlar Füzuli Hava Limanından istifadə edəcək. Yaxın günlərdə Zəngilan Hava Limanının açılışı nəzərdə tutulur. Laçın şəhərində isə hava limanının tikintisi davam etdirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfəri zamanı rayonda 180 çarpayılıq xəstəxananın, peşə liseyinin, həmçinin yeni parkın təməli qoyulmuşdur. Ermənilər Şuşa şəhərini bərbad vəziyyətə salsalar da, burada abadlıq işləri yüksək səviyyədə aparılır. Molla Pənah Vaqifin məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin və digər bu kimi mədəni abidələrin bərpa-təmir işlərini misal çəkmək olar. Artıq abadlaşan Şuşa bir çox beynəlxalq tədbirlərin ev sahibinə çevrilib. Daha böyük, möhtəşəm tədbirlər, çal-çağırlar isə qabaqdadır. 44 günlük Vətən müharibəsində yumruq kimi birləşən xalq-dövlət birliyi, Qarabağı layiq olduğu şöhrətinin zirvəsinə qaldıracaq. Dillərə dastan olan cənnət torpaqlarımızda yenə də həyat öz axarına düşəcək. Çəmənləri körpə gülüşlü, dağları sazlı-sözlü, bulaq başları gözəllərlə gözəlləşəcək. Aparılan işlər bunu daha aydın şəkildə sübut edir.

İşğaldan azad olunan ərazilərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 8 məscidin əsaslı təmiri, bərpası və yenidən inşası nəzərdə tutulur. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı məscidləri əsaslı təmir edilir. Həmçinin, Şuşa şəhərində yeni məscidin inşasına da başlanılıb. Zəngilan şəhərində, Hadrut, Daşaltıda məscidlər bərpa olunur.

İşğaldan azad olunmuş ərazilərdə nəzərdə tutulan ən vacib layihələrdən biri də bu yerlərin elektrik enerjisi ilə təchiz edilməsi idi. Hələlik 13 enerji obyekti tikilib və bərpa olunub. Prezident İlham Əliyevin iştirakı ilə Laçındakı "Güləbird" SES, "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışları olub. "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyasında işlər tamamlanıb. 110/35/10 kilovoltluq 9 rəqəmsal yarımstansiya tikilib. Qarabağ və Şərqi Zəngəzurda tikilən 9 yarımstansiyanın hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı tam rəqəmsallaşdırılıb.

Əlbəttə ki, görülən işlər heç də asan başa gəlməyib. Çünki, 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəmizdən sonra bizim üçün ikinci bir cəbhə də açıldı. Bu da işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi idi. Aparılan bərpa-quruculuq işlərini tam təhlükəsiz və sürətli həyata keçirmək üçün dövlətimiz bu işin də öhdəsindən layiqincə gəlir. Əvvəlcə, ərazilər minalardan tam təmizlənir, sonra isə bərpa-quruculuq işlərinə başlanılır.

Ramidə YAQUBQIZI,

"Respublika".