Qərb sanki manqurtlaşır
Siyasət

Qərb sanki manqurtlaşır

İkinci Qarabağ müharibəsindən sonra bəzi Qərb dairələri tərəfindən ölkəmizə qarşı münasibət qərəzli şəkildə dəyişdi. Beynəlxalq hüququn pozulduğu bir dövrdə onun bütün prinsip və normalarını qoruyaraq torpaqlarını işğaldan azad edən Azərbaycan ötən ilin sentyabrında da eyni addımla ərazi bütövlüyünü və suverenliyini tam olaraq bərpa etdi.

Azərbaycan Qarabağın tamamilə separatçılardan təmizlənməsindən sonra erməni əhalisini reinteqrasiyaya dəvət edərək dünyaya növbəti humanizm örnəyi göstərdi. Lakin öz gözündə tiri görməyib başqasında çöp axtaran ermənipərəst qüvvələr "ədalət"dən dəm vurmağa başladılar. Başda Fransa olmaqla ABŞ kimi dövlətlər və bəzi təşkilatlar hələ də ikili standartlar çərçivəsindən açıqlama verməyə davam edirlər. Manqurtlaşma siyasəti, demək olar ki, bütün istiqamətlərdə paralel şəkildə aparılır.

Aprelin 17-19-da İtaliyanın Kapri adasında keçirilən "Yeddilər qrupu" (G7) ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin görüşünün yekununda verilmiş bəyanatda "qaçqınların" qayıdış hüququnun təmin edilməsi ilə bağlı Azərbaycana çağırış edilib. Lakin nədənsə Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi ilə bağlı bu ölkəyə indiyə qədər analoji heç bir çağırış edilməmişdir. Bəyanatda "biz Ermənistan və Azərbaycanı gücdən istifadə etməmək, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri əsasında ləyaqətli və davamlı sülh əldə etmək üçün sülh prosesinə tam sadiq qalmağa çağırırıq" deyə riyakar açıqlama verilib. Bu isə təbii ki, Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə etnik və dini ayrı-seçkilikdir. Ötən əsrin əvvəllərindən başlayaraq bir milyona yaxın soydaşımızın öz dədə-baba torpaqlarından zorakılıqla çıxarılması nədənsə Qərbi maraqlandırmır. Ümumiyyətlə, özünü dünyanın "ağa"sı hesab edən Qərbin bəzi dövlətləri digər ölkələrin işinə qarışmaqda maraqlıdırlar. Bu isə təbii ki, rəsmi İrəvanın marionet siyasətindən irəli gəlir. Ermənistan Qərbdən asılılığı artırmaq üçün istənilən güzəştə getməyə hazırdır. Qaçqın problemində haqsız olaraq Azərbaycanı günahlandıran dairələrin Ermənistanın ərazisi ilə bağlı ciddi planları var. Belə ki, bu ölkəni, ilk növbədə, plasdarma çevirmək istəyən Qərb daha sonra öz miqrant problemini də birbaşa Ermənistanın iştirakı ilə həll etmək istəyir. Bu günlərdə "The Times" qəzetinin yaydığı məlumata görə, Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi qanunsuz miqrantların ölkədən çıxarılması məsələsinin dörd dövlət - Ermənistan, Botsvana, Kot d`İvuar və Kosta-Rika ilə müzakirəsini aparır. Bu da, öz növbəsində, Qərbin qaçqın məsələsində Azərbaycana təzyiqi ilə üst-üstə düşür.

Ötən ilin statistikasına görə, dünyada 114 milyona yaxın qaçqın və məcburi köçkün var ki, bunun da təqribən 1 milyona qədəri Azərbaycanın payına düşür. Öz torpaqlarından zorla qovulan soydaşlarımız Azərbaycana pənah gətirdikdən sonra onların həyat şəraiti ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılmışdır. Azərbaycan hökuməti tərəfindən əhalinin bu həssas təbəqəsinin ehtiyaclarını ödəmək məqsədilə həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görülmüşdür. Azərbaycan Respublikası 1992-ci ilin dekabrında BMT-nin 1951-ci il "Qaçqınların statusu haqqında" Konvensiyasına və onun 1967-ci il Protokoluna qoşulmuş, qaçqınlar, məcburi köçkünlər və sığınacaq axtaran şəxslərlə bağlı beynəlxalq normalara tam uyğun hüquqi baza yaradılmışdır. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə qaçqın və məcburi köçkünlərlə bağlı ümumilikdə 43 Fərman və Sərəncam imzalanmışdır. Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyev də eyni siyasəti davam etdirir. Məhz bütün bu amillər nəzərə alındıqda Azərbaycan hökuməti tərəfindən 30 il ərzində qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bütün zəruri tədbirlər görülüb. 2022-ci ildən etibarən öz yurdlarına ləyaqətli şəkildə qayıdan azərbaycanlılar uzun illər Qərbin heç bir əlaqəli qurumundan məsələ ilə bağlı dəstək görmədilər. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK/UNHCR) həmin illər ərzində müəyyən proqramların icrasına başlasa da, bu, fayda vermədi.

Bu gün isə ölkəmizə qarşı riyakarlıqla "qaçqınlar" üzərindən çirkli oyunlar aparan Qərb 30 il heç bir əməli işlə məşğul olmadı. Öz növbəsində keçmişin unudularaq haqsız şəkildə Azərbaycanla bağlı yeni qaralama səhifə açılması birbaşa insan hüquqlarının pozulması deməkdir. Haylar tərəfindən azərbaycanlıların öz torpaqlarından xüsusi amansızlıqla qovulmasına baxmayaraq, ötən ilin sonlarında Azərbaycan hökuməti Qarabağda müvəqqəti məskunlaşan erməniləri reinteqrasiyaya dəvət etdi. Lakin Azərbaycana qarşı qərəz yürüdən dairələrin heç biri beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsi ilə bağlı ölkəmizə təşəkkürünü bildirmədi. Bu gün isə Ermənistanı öz caynaqlarına keçirmək istəyən həmin dairələr Cənubi Qafqazı da çaxnaşma ocağına çevirmək planları güdürlər. Lakin ölkə başçısı İlham Əliyevin uğurlu siyasəti regionda sabitliyin bərpa edilməsində mühüm rol oynadı.

Tacir SADIQOV,

"Respublika".