Qorxunun əcələ faydası olmaz
Digər xəbərlər

Qorxunun əcələ faydası olmaz

Separatçılar Xankəndidə destruktiv əməllərini davam etdirirlər

Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla başa çatdıqdan sonra bütün ərazilər tam nəzarətə götürülməklə müşahidələr aparılır. Daxili İşlər və Müdafiə nazirliklərinin əməkdaşları tərəfindən bölgədə hüquqi qaydaların təmini istiqamətində kompleks tədbirlər görülür, müvafiq postlar quraşdırılır. Azərbaycan Respublikasının müvafiq dövlət qurumları bölgədə mövcud vəziyyətə tam nəzarət edir, daxil olan müraciətlərə etinasız yanaşmırlar.

Bunun nəticəsində məlum olub ki, Azərbaycan Respublikasının Xankəndi şəhərində qarşı tərəf qəsdən yanğınlar törədir, müxtəlif inzibati binalarda sənədlərin, maddi sübutların, arxivlərin məhv edilməsi prosesini həyata keçirir. Erməni separatçıların Xankəndini bilərəkdən yandırması onların növbəti cinayət əməli, vəhşiliklərinin bariz nümunəsidir. Əslində, Azərbaycan ərazisində məskunlaşmış separatçıların analoji hərəkətləri artıq adi hal alıb. Xatırlamaq lazımdır ki, bundan əvvəl Laçın rayonu, Zabux və digər ərazilərdə qanunsuz məskunlaşan revanşist ermənilərin yaşadığı evlərə od vurmasına dair görüntülər yayılmışdı. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ağdam, Kəlbəcər, Laçın ərazilərində qeyri-qanuni məskunlaşan ermənilərin həmin rayonları təhlükəsiz şəkildə tərk etmələri üçün vaxt vermişdi. Lakin onlar humanist davranışın cavabı olaraq meşələri, evləri yandırdı, minalar basdırdılar. Bu, bir növ ermənilərdə psixoloji xəstəliyə çevrilib. Onlar özlərinə aid olmayan əmlakların, təbii sərvətlərin tarixi sahiblərinə qaytarılması ilə barışa bilmir və bu cür namərdcəsinə "mübarizə aparırlar".

Amma bu məqamda xatırlamaq lazım gəlir ki, Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlılar öz doğma yurdlarından məcburi şəkildə çıxanda heç nəyə zərər vermədilər. Çünki onlar azərbaycanlıların öz torpağı idi, yaşadıqları evləri min bir əziyyətlə tikib, içində yüzlərlə xatirə saxlayırdılar. İnsan heç vaxt özünə aid olan əşyanı, əmlakı məhv etməz. Ermənilər isə bilirlər ki, yaşadıqları evlər, saxladıqları mal-qaralar heç vaxt onlara aid olmayıb. Digər tərəfdən, 30 il məcburi köçkün həyatı yaşamış soydaşlarımız bilirdilər ki, gec-tez öz yurd-yuvalarına qayıdacaqlar. Amma ermənilərin elə bir ümidi yoxdur. Buna görə də, qarşılarına çıxan, gözlərinə görünən hər şeyi məhv etməkdən çəkinmirlər.

Eyni zamanda, xüsusi diqqətçəkən məqam odur ki, ermənilər Xankəndi və digər bölgələrdə arxiv sənədlərini yandırmağa başlayıblar. Bunun bir neçə səbəbi ola bilər. İlk növbədə, keçmişə dair həmin sənədlərdə Qarabağda yaşayan ermənilərin sayı, kimliyi, nə vaxt həmin əraziyə gəlmələri ilə bağlı ətraflı məlumatların olması onların iddia etdiyi sayda əhalinin heç vaxt orada yaşamadığını əyani şəkildə sübut edir. Digər tərəfdən, 30 illik işğal dövründə Azərbaycan torpaqlarının istismar olunması, milli sərvətlərimizin daşınması və bütövlükdə bütün qeyri-qanuni fəaliyyətlərlə bağlı qeydlər həmin yandırılan sənədlərdə ola bilər. Amma qorxunun əcələ faydası olmadığı kimi, həmin yandırılan sənədlər də ədalətin bərqərar olmasına heç bir halda mane ola bilməz.

Xankəndidəki evlərinə od vurub qaçması separatçılar tərəfindən törədilən növbəti cinayətdir. Azərbaycan bu gün həmin əraziləri cinayətkar ünsürlərdən təmizləyir. Növbəti mərhələdə onların Azərbaycana qarşı törətdiyi bütün cinayətlərə görə məsuliyyətə cəlb edilmə prosesi də reallaşacaq.

Jalə QASIMZADƏ,

"Respublika".