Regionda sabitliyin təminatçısı
Siyasət

Regionda sabitliyin təminatçısı

Azərbaycanın son dövrlər əldə etdiyi uğurlar Cənubi Qafqazda geosiyasi vəziyyəti köklü sürətdə dəyişib. Dövlətimizin yürütdüyü siyasət regionda sülhün və təhlükəsizliyin təmin olunmasına, sabitliyə yönəlib. Azərbaycan hər zaman barışıq tərəfdarı olduğunu bəyan edib.

Bu, Qarabağdakı separatçı rejimə son qoymaq üçün keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı da özünü büruzə verdi. Xüsusi vurğulamaq lazımdır ki, antiterror tədbirlərindən öncə ərazimizdə qanunsuz yerləşən Ermənistan silahlı qüvvələrinin təxribatçı əməlləri barədə sülhməramlılara dəfələrlə məlumat verilmişdi. Regionda baş verən sonuncu terror aktı isə Azərbaycanın səbrini tükətdi. Belə ki, erməni diversantların minalardan təmizlənən ərazilərə yenidən minalar basdırması nəticəsində vətəndaşlarımız həyatını itirdi. Qarabağdakı lokal xarakterli antiterror tədbirləri də məhz bu təxribatdan sonra həyata keçirildi. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın Qarabağda antiterror tədbirləri birbaşa xunta rejiminə son qoymaq məqsədi daşıyırdı. Tədbirlər zamanı müşahidə olunan hadisələrə nəzər yetirsək görərik ki, Qarabağdakı erməni separatçıları Ermənistan ictimaiyyətindən gözlədiyi dəstəyi ala bilmədi. Bu isə bir daha Ermənistan cəmiyyətinin erməni ideoloqları və havadarları tərəfindən uydurulan "Qarabağ avantürası"nı artıq qəbul etmədiyini, yalanlardan yorulduğunu bir daha təsdiqlədi.

Son dövrlər Ermənistanda vəziyyət xeyli gərgindir. Paşinyan hakimiyyətini və onun təmsilçilərini qınaq obyektinə çevirən xalq İrəvan küçələrində aksiyalar keçirməyə başlayıb. Paytaxtda hökumət evinin binası qarşısında aksiya keçirənlərin əksəriyyəti müxalifətdə olan siyasi və ictimai təşkilatların nümayəndələridir. Aksiyalarla bağlı daha bir diqqətçəkən məqam antiterror tədbirlərindən sonra Rusiya rəhbərliyinin də sərt şəkildə tənqid olunmasıdır. Hətta Ermənistanın paytaxtında Rusiyanın ünvanına "Kreml Qarabağı satdı" kimi ittihamlar da səsləndirilir. Çünki Rusiya rəsmilərinin açıqlamalarında antiterror tədbirlərinin Azərbaycanın öz ərazisində - Qarabağda keçirildiyi, yəni onun daxili işi olduğu bildirilmişdir. Məhz həmin antiterror tədbirləri nəticəsində Qarabağda 30 il davam edən separatizm tarixə qovuşdu. Separatçı qüvvələr isə təslim olmaqdan başqa çıxış yolunun qalmadığını görüb geri çəkildilər. Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı birləşmələrin tərk-silah olunaraq bölgədən çıxarılması prosesinə başlanıldı.

Prezident İlham Əliyevin xalqa müraciətində də antirerror tədbirləri ilə bağlı reallıqlar öz əksini tapdı. Ölkəmizim başçısı qeyd etdi ki, lokal xarakterli antiterror tədbirləri zamanı qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Ölkə başçımız, həmçinin qeyri-qanuni şəkildə Qarabağda yerləşən Ermənistan silahlı qüvvələrinin mövcudluğunun regional sülh və təhlükəsizliyə ciddi problem olduğunu və artıq bu problemin də həllini tapdığını bəyan etdi. Artıq Azərbaycan regionda sülhün təminatçısına çevrildi.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli Bəyanata əsasən qanunsuz erməni silahlı birləşmələrinin bölgədən çıxarılması tələbi qoyulsa da, qərb qonşumuz bu müddəanı yerinə yetirməkdən boyun qaçırmaqla müxtəlif təxribatlar törədirdi. İndiki mövcud reallıqları nəzərə alaraq deyə bilərik ki, Qarabağın erməni əhali yaşayan hissəsində Azərbaycan Respublikasının konstitusiya quruluşu bərpa olunub.

Nəzrin ELDARQIZI,

"Respublika".