Saxta şouları fiaskoya uğrayan Ermənistan terrora əl atır
Digər xəbərlər

Saxta şouları fiaskoya uğrayan Ermənistan terrora əl atır

Son günlərdə sosial mediada ermənilərin azərbaycanlı dövlət nümayəndələrini və diplomatlarını hədəfə alan paylaşımları kütləvi hal alıb. Narahatedici faktlarla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili də bəyanat yayıb. Bildirilib ki, azərbaycanofobiya siyasətinin təzahürü olan fikirlər fasiləsiz olaraq ermənilər tərəfindən sosial şəbəkələrdə yayılır və müxtəlif kanallar vasitəsilə təlqin olunur. Yayımlanan şərhlər arasında Azərbaycanın yer üzündən silinməsi, ölkəmizə qarşı müxtəlif çirkin təxribatlara əl atılmasının labüdlüyü kimi yanaşmalar yer alır. Bu da məhz Ermənistanda dövlət siyasətinin bir hissəsinə çevrilmiş etnik nifrət çağırışları fonunda azərbaycanlılara qarşı dözümsüzlük mühitinin formalaşdırılması ilə bağlıdır. Bu isə təəccüblü deyil. Çünki rəsmi İrəvan terroru dövlət siyasətinə çevirib. Məlumdur ki, Ermənistan tərəfindən tarixən müxtəlif türk-azərbaycanlı diplomatlara, dövlət xadimlərinə qarşı terror siyasəti həyata keçirilib. Hətta müasir dövrümüzdə də belə cinayət əməlləri qəhrəmanlıq kimi təqdim olunur, "Nemezis" terror əməliyyatı ilə bağlı eyniadlı abidə ucaldılır, müxtəlif nüfuzlu şəxslər çıxışlarında bu cür dəhşətli "ənənələrə" istinad edirlər ki, bu da həmin terroryönümlü fikirlərin əhali tərəfindən dəstəklənməsinə gətirib çıxarır.

Sosial mediada yer alan belə paylaşımlarda aktivliyin artması isə ermənilərin beynəlxalq arenada aldığı siyasi və diplomatik zərbələrlə bağlıdır. Belə ki, son olaraq Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryan Təhlükəsizlik Şurasının sədrinə bu barədə yazılı müraciət ünvanlamışdı. Nəticədə də avqustun 16-da Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsində guya yaranmış "humanitar böhran"ın müzakirəsinə dair təcili iclası keçirildi. Amma İrəvanın bu addımı tamamilə nəticəsiz qaldı, nə çox gözlədikləri anti-Azərbaycan qətnaməsi, nə də hər hansı birgə bəyanat qəbul edildi. Görünür indi "humanitar şou" adlı tamaşası bir sıra mötəbər təşkilatlarda məğlubiyyətə uğrayan İrəvan qisasını belə kampaniyalarla almağa çalışır. Ermənilərin yeni planlarını "ASALA" və digər terrorçu qrupların köməyi ilə həyata keçirməsi ehtimalı da yüksəkdir. Əslində sözügedən qruplar erməni diasporunun diktəsi ilə müxtəlif ölkələrdə gizli şəkildə, tapşırıqlar əsasında fəaliyyət göstərirlər. Sosial şəbəkələrdə yayılan sonuncu hədə-qorxular da sözügedən qrupların yeni tapşırıqlar aldığına, bunun nəticəsində də aktivləşəcəklərinə işarə ola bilər.

Ermənilərin insan hüquqlarına zidd olan bu çağırışları aidiyyəti beynəlxalq təşkilatların da ciddi tədbirlər görməsini zəruri edir. Çünki dövlət rəsmiləri, diplomatik nümayəndəliklərin əməkdaşlarının təhlükəsizliyi beynəlxalq hüquqda xüsusi konvensiyalarla qorunur. Eyni zamanda bu kateqoriyadan olan şəxslərə qarşı edilən hücumlar, beynəlxalq cinayət hesab olunur. Üstəlik bütün dövlətlərin bu məsələdə universal yurisdiksiyası mövcuddur. Digər tərəfdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 277-ci maddəsində diplomatik agentlərə qarşı həyata keçirilən sui-qəsd və terror aktları dövlətin əleyhinə olan cinayətlər kateqoriyasında yer alır. Odur ki, Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyən beynəlxalq aktorlar bu niyyətlərində səmimidirlərsə, Ermənistanı azərbaycanlılara qarşı nifrətin təşviqinə yol açan siyasətdən daşındırmalı, insan hüquqlarının təməl prinsiplərinə zidd olan davranışlara göz yummamalıdırlar.

Jalə QASIMZADƏ,

"Respublika".