Sayıqlama, saxta pafos, öləzimiş baxışlar
Digər xəbərlər

Sayıqlama, saxta pafos, öləzimiş baxışlar

İslam coğrafiyasında İran yeganə dövlətdir ki, müsəlman aləmini düşmən hesab edən, məscidləri təhqir edən, dini inanclarına hörmətsizlik göstərən, bir milyona yaxın azərbaycanlını hərbi təcavüzə məruz qoyan, tarixi saxtalaşdıran işğalçı Ermənistana qucaq açır, ona qardaş deyir, hətta bir neçə əmmaməli molla erməni qəbirlərini ziyarət edir. Bütün bunlardan sonra İranın İslam dinindən danışmağa mənəvi haqqı çatmır, özünü İslam dövləti hesab etmək hara, İslamı təhqir edən erməni ilə qucaqlaşmaq hara?! İranla Ermənistan otuzillik işğal dövründə Qarabağdan və Şərqi Zəngəzurdan narkotiklərin daşınmasında tranzit kimi istifadə edərək bu cinayətləri birgə törədiblər. Qəhrəman silahlı qüvvələrimiz İranla sərhədləri bağlayandan sonra əlləri zəhərli pullardan çıxan mollaların erməni qəbirlərini ziyarət etməsi daldan atılan daşa bənzəyir.

Bu günlərdə erməni Aram Danielyanın yazdığı məqalə Ermənistanla İranın Qarabağda və Şərqi Zəngəzurdakı işbirliyini sözün əsl mənasında ifşa edir. Həmin məqalədə qeyd olunur ki, 44 günlük müharibə nəticəsində 36 su elektrik stansiyasından 30-u Qarabağ ermənilərinin əlindən çıxıb. Əslində həmin elektrik stansiyaları İranın yaxından köməyi sayəsində işğal edilmiş ərazilərdə işə salınmışdı. Ermənilər hələ 44 günlük müharibədən xeyli əvvəl güman edirmişlər ki, 2021-ci ildə Ermənistana Qarabağdan təxminən 330 milyon kilovat-saat ucuz elektrik enerjisi ixrac ediləcək. Lakin İkinci Qarabağ müharibəsi onların ümidlərini puça çıxardı. Məqalədə daha sonra qeyd olunur ki, separatçılar kənd təsərrüfatı sahəsində də ciddi itkilər yaşayır. 44 günlük müharibədən əvvəl qondarma rejimin nəzarətində olan əkin torpaqlarının ümumi sahəsi təxminən 132.000 hektar olub. İşğal etdikləri ərazilərdə taxıl, paxlalılar və yağlı bitkilər də daxil olmaqla 100 min hektar sahədə payızlıq və yazlıq səpin aparılırmış. İstifadə edə bilmədikləri torpaqları isə yandırıb, eroziyaya məruz qoyublar. Müharibə nəticəsində Qarabağ separatçıları əkin sahələrinin 70%-ni itirib. Hərbi təcavüz nəticəsində ələ keçirdikləri Azərbaycan torpaqlarında qanunsuz olaraq əkdikləri məhsullardan hər il Ermənistana 100 min tona yaxın dənli bitki ixrac edilirmiş.

Erməni mətbuatına istinad etməyimizin bir səbəbi var. Məlum olur ki, separatçılar, Xankəndidəki xunta rejimi, Ermənistan və İran Qarabağ və Şərqi Zəngəzurdakı Azərbaycanın təbii sərvətlərindən məhrum olduqları üçün bir yerdə göz yaşı tökməyə məcbur olublar. Əlləri böyük gəlirlərdən çıxan bir qrup erməni və Rusiyadan qaçıb öz dərisini, naməlum yollarla qazandığı milyonları qorumağa çalışan Vardanyan İranın və digər əcnəbi dövlətlərin dəstəyi ilə indi də Azərbaycanın faydalı qazıntı yataqlarını talayır. Görünən odur ki, sadə ermənilər Xankəndidə separatçıların, xunta rejiminin, bu torpaqlarda qəfildən peyda olan Vardanyanın və digər yanların girovuna çevriliblər. Cinayətkar və oğru Vardanyanın, Arutyunyanın sərsəmləmələri, saxta pafosları, şirin vədləri dinc erməni ailələrinin süfrəsinə çörək gətirmir, əksinə, həmin qəsbkarların talamaq ehtirasları erməniləri gündən-günə dərin bir uçuruma yuvarlayır. Qocaman tarix sübut edir ki, heç bir işğalçı başqasının torpağında xoşbəxtlik tapa bilməyib. Erməni icması bu adi həqiqəti anlamaq istəmir. Yalan, saxta, qondarma siyasətin qurbanı olan ermənilərin faciəsi, onların öləzimiş baxışları İranı qəm dəryasına batırıb. Azərbaycan xalqının ruhu, iradəsi və öz torpağını azad edərək orada yaşamaq əzmi, dəyərlərini, irsini, inancını, Prezidentinə inamını qorumaq hünəri Arazın o tayındakı rejimin yuxusuna haram qatıb.

Salman ALIOĞLU,

"Respublika".