Seçkiyə hazırlıq uğurla davam etdirilir
Region

Seçkiyə hazırlıq uğurla davam etdirilir

72 saylı Cəlilabad kənd seçki dairəsində 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkisinə hazırlıq işləri başa çatmaq üzrədir. Dairə seçki komissiyasının sədri Mehman Rzayev xalqımızın qarşıdan gələn prezident seçkisində də azad, ədalətli, şəffaf və obyektiv seçki keçirmə ənənəsinə sadiq qalacağına əminliyini bildirdi.

Qeyd etdi ki, seçicilərin iştirak hüququnun təmin edilməsi üçün dairə və məntəqələrdə bütün zəruri işlər ardıcıllıqla həyata keçirilir. Artıq seçki siyahıları dəqiqləşdirilərək məntəqələrdən asılıb. Məntəqələrimiz lazım olan zəruri avadanlıq və texniki vasitələrlə təchiz olunub. Məntəqə sədrləri və üzvlər üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar  və maarifləndirmə tədbirləri həyata keçirilib. Ötən prezident, parlament və bələdiyyə seçkilərində səsvermələrin təşkilində təcrübə toplamış dairə komissiyası qarşıdan gələn prezident seçkisinə hazırlığı yüksək səviyyədə davam etdirir.

DSK-nın ərazisində 45 kənd məntəqələri texniki-təşkilati baxımdan səsverməyə hazır vəziyyətə gətirilib. 5 məntəqədə veb-kamera quraşdırılıb. Fevralın 7-də dairə üzrə 47575 seçicinin səsvermədə iştirakının təmin edilməsi üçün onların siyahısı hazırlanıb. İlk dəfə səs verəcək 2300 seçici ilə söhbətlər aparılır. Yaşı 80-100 arasında olan 780 seçici haqqında məlumat bir daha dəqiqləşdirilir. 100 yaşdan yuxarı 3 seçicinin və yataq xəstələrinin sağlamlıq vəziyyəti, onların səsvermədə iştirak imkanları öyrənilərək, müvafiq qərar qəbul edilmişdir. Müşahidə aparmaq üçün edilən müraciətlər diqqətlə cavablandırılır. Son hazırlıq işlərini də tələb olunan səviyyədə başa çatdırmaqla səsvermənin yüksək səviyyədə keçirilməsini təmin edəcəyik.

Cəlilabad rayon Qarazəncir kənd sakini Əhmədağa Məmmədov bildirdi ki, ailəliklə 12 saylı məntəqədə səs verəcəyik. İnanıram ki, xalqımız səsvermədə öz müdrikliyini bir daha sübut edəcək. Kənd sakini Qafur Məmmədov isə həyat yoldaşı ilə birgə 12 saylı məntəqədə səs verəcəyini dedi. Seçkidə iştirakımızla bağlı çağırış vərəqələri artıq verilib və seçki qaydaları ilə tanış olmuşuq. Məntəqədə seçicilərin səs verməsi üçün bütün lazımi şərait yaradılıb. Düşünürəm ki, həmişə olduğu kimi, bu dəfə də ölkəmizdə, rayonumuzda və kəndimizdə seçki tam şəffaf keçiriləcək, qədirbilən xalqımız ən layiqli namizədə səs verəcək.

Ərəstun ABDULOV,

"Respublika".