Səsvermə ədalətli və şəffaf keçiriləcək
Region

Səsvermə ədalətli və şəffaf keçiriləcək

Beyləqan

Respublikamızın ən ucqar bölgələrində növbədənkənar prezident seçkilərinə hazırlıq işləri başa çatmaq üzrədir. Dairə və məntəqə seçki komissiyaları Seçki Məcəlləsinə uyğun fəaliyyət göstərir, maarifləndirmə işləri yüksək səviyyədə həyata keçirilir. 83 saylı Beyləqan seçki dairəsində seçki komissiyalarının fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlıqla bağlı fəaliyyəti ilə tanışlıq zamanı yüksək işgüzarlığın, vətəndaş məsuliyyətinin və fəallığın şahidi olduq.

83 saylı Beyləqan Dairə Seçki  Komissiyasının sədri Zakir Vələşov söhbət zamanı bildirdi ki, dairə və məntəqə komissiyalarının sədrləri üçün keçirilmiş seminarlar, məntəqə komissiyalarının üzvləri üçün təşkil olunmuş treninqlər Mərkəzi Seçki Komissiyasının (MSK) təlim kurslarında iştirak etmiş təlimçilər tərəfindən aparılıb. Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan "Seçki günü üçün yaddaş" kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunələri və bir sıra digər zəruri metodiki vasitələr, əyani materiallar da təqdim olunub. Təlimlərdən sonra seçkiyə hazırlıq daha da sürətlənib. Bu metodiki yardım proseslərin qüsursuz aparılmasına zəmin yaradıb. DSK-nın sədri qeyd etdi ki, seçicilərin seçkidə iştirak hüququnun təmin edilməsi üçün dairə və məntəqələrdə bütün lazımi işlər ardıcıllıqla həyata keçirilib. Məntəqələrimiz lazım olan zəruri əşya, avadanlıq və texniki vasitələrlə təchiz olunub. Artıq seçki siyahıları dəqiqləşdirilərək səsvermə məntəqələrindən asılıb. 7 məntəqədə veb-kamera quraşdırılıb.

Z.Vələşov bildirdi ki, ötən prezident, parlament və bələdiyyə seçkilərində böyük təcrübə toplamış dairə komissiyası qarşıdan gələn növbədənkənar prezident seçkilərinə hazırlığı yüksək peşəkarlıqla davam etdirir. DSK-nın və ərazidəki 9 şəhər, 50 kənd məntəqələri səsverməyə hazır vəziyyətə gətirilib. Vətəndaşların seçimlərini sərbəst şəkildə etmələri üçün səsvermə kabinələri quraşdırılıb, məntəqələrə seçki qutuları və lazımi invertarlar paylanıb, seçki siyahıları və məlumat lövhələri asılıb. Seçki məntəqələrinə mürəkkəb və ultrabənövşəyi lampalar və digər zəruri vasitələr gətirilib. Katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Fevralın 7-də dairə üzrə 54630 seçicinin səsvermədə iştirakının təmin edilməsi üçün onların siyahısı hazırlanıb, özləri isə məlumatlandırılıblar. İlk dəfə səs verəcək 354 nəfərin 112-nin 18 yaşı bu il tamam olanlardı. Onların təcrübəsizliyi nəzərə alınaraq hər biri ilə ayrılıqda söhbət aparılıb. Yaşı 80-100 arasında olan 954 seçici haqqında məlumat bir daha dəqiqləşdirilib. 100 yaşdan yuxarı seçicinin və yataq xəstələrinin sağlamlıq vəziyyəti, onların səsvermədə iştirak imkanları öyrənilib, müvafiq formalar müəyyənləşdirilib. Rayonun ən yaşlı seçicisi 108 yaşlı Muluxan İsmayılova şəhid Salman Salmanov adına Tatalılar kənd tam orta məktəbində yerləşən 21 saylı məntəqədə səs verəcək. Səhhətində problem yaranarsa, daşınan qutudan istifadə ediləcəyi nəzərdə tutulub. Seçkiyə beş gün qalmış hərbçilərin səs verməsi üçün iki məntəqə yaradılacaq. Müşahidə aparmaq üçün 779 nəfər qeydiyyatdan keçib, onların 60 nəfəri məşvərətçilərdi. 

DSK-nın sədri Zakir Vələşovla 3 və 8 saylı məntəqələrə də baş çəkdik. Məntəqələrdə seçicilərin seçkidə rahat iştirak etmələri üçün normal şərait yaradıldığının şahidi olduq. Qeyd olunan məntəqələrin üzvləri öz fəallıqları ilə növbədənkənar prezident seçkisinin ədalətli və şəffaf keçiriləcəyinə əmin olduqlarını diqqətə çatdırdılar və qeyd etdilər ki, məntəqələrdə yaradılan şərait prezident seçkilərinin yüksək səviyyədə keçirilməsini təmin edəcək.

Ərəstun ABDULOV,

"Respublika".