Şərqdə ilk məktəbdən bu günə - mühəndis, pilot, həkim qızlar
Elm və təhsil

Şərqdə ilk məktəbdən bu günə - mühəndis, pilot, həkim qızlar

Yoxmu sənin incilərin, altun bilərziklərin?

Söylə, yavrum! Heç sıxılma...

- Var əfəndim, var... lakin

Müəlliməm hər gün söylər, onların yox qiyməti,

Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.

Hüseyn Cavidin "Qız məktəbində" şeirində də deyildiyi kimi, təhsil hər bir qızın ən vacib xəzinəsidir.

2011-ci ildə BMT tərəfindən, qızların hüquqlarını qorumaq, onların problemlərinə diqqəti cəlb etmək məqsədilə 11 Oktyabr Beynəlxalq Qızlar Günü elan edilib. Onların problemləri dedikdə yəni, azyaşlı qız uşaqlarının valideynlər tərəfindən erkən nigaha cəlb edilməsi, məktəbdən kənarlaşdırılması, üzləşdikləri ayrı-seçkilik və zorakılıq hallarının qarşısının alınması, əməklərindən sui-istifadə edilməsi və digər hüquq pozuntuları nəzərdə tutulub.

Şərqdə ilk dəfə qadınlara seçki hüququ Azərbaycanda verilib. Ölkəmizdə təhsilin inkişafı ən prioritet məsələlərdən biri olub. Hələ XX əsrdə bu məsələ gündəmdə saxlanılıb. Belə ki, Hacı Zeynalabdin Tağıyev maarifçilik və xeyriyyəçilik fəaliyyəti çərçivəsində qız uşaqlarının tədrisi prosesinə də öz dəstəyini göstərib. O deyib: "Cəmaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir, gözləri açılar, külfətlə rəftarları xoş olar. İngiltərəyə, Germaniyaya, Firəngistana gedib oxuyan cavanlarımızın hərəsi oralardan qollarına bir arvad keçirib gətirirlər. Çünki öz qızlarımızla məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan doğulan uşaqlar da, öz-özünə olurlar, mürtəd və bütün varidatımıza vərəsə çıxırlar. İş belə getsə ata-baba ocağı qalacaq Quransız, namazsız, şəriətsiz".

H.Z.Tağıyevin gördüyü işlər təkcə Bakı ilə məhdudlaşmayıb. O, Yelizavetpolda (Gəncədə), Şamaxıda, Naxçıvanda, Tiflisdə, Dərbənddə, İrəvanda, eləcə də Rusiyanın digər bölgələrində məktəblərin saxlanılması üçün vəsait sərf edib. Onun ən vacib xeyriyyə işlərindən biri də 1901-ci ildə Bakıda "Tağıyevin qız məktəbi" adı ilə tanınan, İmperatriçə Aleksandra Fyodorovna adına rus-müsəlman qız məktəbinin açılmasıdır. Məktəb Şərqdə müsəlman qızlar üçün ilk dünyəvi tədris müəssisəsi olub. Onun tikintisi üçün H.Z.Tağıyev 1896-cı ildə 150 min rubl ayırıb. Beləliklə, burada Azərbaycan məktəblərində işləmək üçün qadın pedaqoqların hazırlanmasının, azərbaycanlı qadınların peşə təhsilinin formalaşmasının əsası qoyulub.

Bu il UNİCEF qızlara öz hüquqlarını həyata keçirməyə və tam potensiallarını ortaya qoymağa imkan verən əsas sahələrə diqqətin və resursların artırılmasına ehtiyac olduğunu nəzərə alaraq: "Qızların hüquqlarına sərmayə qoyun: Liderliyimiz, rifahımız" - şüarı ilə investisiyaların 1 milyard dollara çatdırılması üçün çağırış edib.

Onu da qeyd edək ki, vaxtilə, ölkəmizə qarşı törədilən soyqırımlarda qız uşaqlarının haqqı tapdalanıb, münaqişə dövründə 200-ə yaxın azərbaycanlı uşaq ermənilər tərəfindən qətlə yetirilib, 71 uşaq itkin düşüb. Xocalı faciəsi zamanı yaralanan 487 nəfərdən isə 76-sı uşaq olub, 155-i bir və ya hər iki valideynini itirib. Ermənistan silahlı birləşmələri tərəfindən 1992-ci il fevralın 17-də törədilən Qaradağlı faciəsi zamanı isə səkkizi məktəbli olmaqla 91 nəfər dinc sakin qətlə yetirilib, 146 uşaq yetim qalıb. İkinci Qarabağ müharibəsi dövründə törədilən müharibə cinayətləri nəticəsində də qız uşaqları qətlə yetirilib. Gəncədə terror aktı zamanı 26 nəfər həlak olub. Onlardan 1-i körpə, 5-i uşaqdır.

Qızlarımız cəmiyyətin hər sahəsində təmsil olunur,  bütün bu istiqamətlərdə öz sözlərini deməyi, bizi qürurlandırmağı bacarırlar. Onlar idmanda, təhsildə, sosial həyatda, siyasətdə və daha bir çox sahədə uğurla fəaliyyət göstərirlər. Bu məsələlərə dövlət tərəfindən xüsusi diqqət yetirilir.

Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq, bu gün uşaqların yüksək səviyyədə təlim-tərbiyəsi üçün ölkədə hər şərait var. Ulu Öndər hər zaman milli inkişafda, müstəqil dövlət quruculuğunda təhsilin əvəzsiz rolu olduğunu qeyd edib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra hər bir sahədə olduğu kimi, təhsildə də canlanma, yeniləşmə nəzərə çarpmağa başlayıb. Ümummilli liderimiz Heydər Əliyevin siyasəti nəticəsində təsiri ilə inkişafın təməlləri atılıb, orta, orta-ixtisas və ali məktəblərdə struktur dəyişiklikləri baş verib, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi quruculuq işləri aparılıb. Heydər Əliyev deyib: "Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir".

Tarixən Azərbaycan cəmiyyətində qadınların xüsusi rolu olub. Azərbaycan bütün mühüm beynəlxalq sənədlərə, o cümlədən 1995-ci ildə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması" üzrə Konvensiyaya qoşulub. 1995-ci ildə böyük öndərin tövsiyəsi ilə YAP-ın tərkibində qadın şuraları yaradılıb. Bu, ulu öndərin mənəvi dəyərlərlə cəmiyyətimizi gücləndirmək üçün etdiyi növbəti təşəbbüsü idi. 1998-ci ildə "Azərbaycanda qadınların rolunun artırılması haqqında" Sərəncam imzalanıb. Ulu öndər 6 mart 2000-ci il tarixdə qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılan və bu kimi mühüm tapşırıqların öz əksini tapdığı fərman imzalayıb. Qadınların dövlət qurumlarında və ictimai-siyasi həyatda təmsil olunmaq imkanlarının xeyli artması Heydər Əliyevin əsasını qoyduğu liberal gender siyasətinin nəticəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə qadınların ictimai-siyasi həyata daha çox cəlb olunması və uşaq hüquqlarının təmin edilməsi üçün zəruri şəraitin yaradılmasına əsaslanan ciddi işlər görülür. Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva 2022-ci il oktyabrın 19-da Zəngilan rayonunun Ağalı kəndində olub. Kənd orta məktəbinin şagird-müəllim kollektivi ilə və sakinlərlə görüşüblər. Ağalı kənd məktəbində təhsil alan şagirdləri salamlayıb, hal-əhval tutan Prezident deyib: "Siz də yaxşı oxuyun. Çünki yaxşı oxumaq təkcə sizin üçün yox, ölkəmiz üçün lazımdır. Çünki sizin kimi uşaqlar gələcəkdə ölkəmizi idarə edəcəklər. Ona görə gərək siz bilikli olasınız, savadlı olasınız, həmişə vətənpərvər olasınız".

Qadınlarımızın və qızlarımızın cəmiyyətdə yeri və dəyəri əvəzsizdir. Artıq qızlarımız güclü yetişir və parlaq gələcəyimizin təməlləri atılır!

Nurcan SÜLEYMANOVA,

"Respublika".