Sülh, yoxsa müharibə...
Digər xəbərlər

Sülh, yoxsa müharibə...

Qədim yaşayış məskənimiz olan Xankəndi keçmiş sovetlər dönəmində erməniləşdirilməyə başlanılıb və məqsədli şəkildə dünyanın ayrı-ayrı yerlərindən haylar Qarabağın mərkəzinə köçürülüblər. Başqasının torpağında məskunlaşdırılan ermənilər əlaltından, hiyləgərliklə, "yazıq", "məzlum" maskası taxaraq bu qədim yurd yerimizi şeytan və quldur yuvasına çevirərək sözün əsl mənasında bu cənnətə qırğın, fəlakət gətirib, bu torpaqlara toxum əvəzinə faşizm və daşnak ideyaları əkiblər. Həmin zəhərli, xəbis, fikirlər 1988-ci ildə mitinqlərə, nümayişlərə çevrildi, cəzasızlıq şəraitində qalan ermənilər daha da quduzlaşaraq Xankəndi şəhərində və ətraf ərazilərdə yaşayan yerli azərbaycanlıların evlərini yandırdılar, onları öz dədə-baba torpaqlarından zorla qovdular, yüzlərlə dinc azərbaycanlını qətlə yetirdilər. Dünya erməni diasporunun, lobbiçilərin, Fransa kimi dövlətlərin təhriki ilə iki xalq arasında qatı düşmənçilik yaradıldı. Haylar həmişə şərə qulluq edib, əllərinə fürsət düşən kimi qisasçılığa başlayıb, başqasının torpağına göz dikib, "ağa"larının qarşısında kölə, qul olub, yeri gələndə "ağa"larının kirli ayaqqabılarını öpüblər. İkinci Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusunun bölmələri işğalçı Ermənistanı ağır məğlubiyyətə uğratdı, döyüş meydanında 11 mindən çox əsgər və zabit fərariyə çevrildi, ermənipərəst dövlətlərin köməyinə baxmayaraq məğlub oldular, kapitulyasiya aktına qol çəkdilər.

Müharibədən ötən üç ilə yaxın bir müddət bir daha göstərdi ki, məğlub edilmiş haylar öz çirkin mahiyyətlərini və qara niyyətlərini dəyişməyiblər. Həyat onu göstərdi ki, harada erməni varsa, orada fitnə-fəsad, xəyanət və satqınlıq var. İndi də Xankəndidə və ətraf ərazilərdə qalan ermənilər, yalan informasiyalar yayır, "blokada", "genosid" sözlərini qalxan edərək öz mənfur və çürük niyyətlərini gizlətməyə cəhd edirlər. Məğlub Ermənistanın Azərbaycana qarşı şərt irəli sürməsi yalnız onun iradəsi deyil, Qarabağa Avropa ölkələrinin müşahidəçilərinin yerləşdirilməsinə çalışan Fransanın, Avropa Parlamentinin, ermənidən çox ermənilik edən rəsmi Tehranın saman altından su yeritmələrinin nəticəsidir. Bölgədə sülhün və sabitliyin qarantı olan, məğlub ölkəyə barış əlini uzadan rəsmi Bakının mövqeyi dəyişməz və dönməzdir. Belə ki, dəfələrlə düşmən ölkəyə və onların havadarlarına xatırladılıb ki, Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalı, hansısa möcüzəni gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq.

Ermənilərin ən böyük silahı yalandır, təxminən iki yüz ildir ki, onlar bu ağ yalanla dünyanı aldadır, öz mənfur xislətlərinə başqa don geyindirir, isti qucaq axtarırlar. Utanıb qızarmadan, həyasızlıqla, qondarma, saxta, çürük xəyalları "həqiqət" kimi dünya ictimaiyyətinə sırıyırlar. Təbii ki, haylar Xankəndidəki sülhməramlılara arxayındırlar, çünki burada ruslarla ermənilər arasında doğma bir mühit yaradılıb, İkinci Qarabağ müharibəsində qaçıb gizlənən erməni "lider"lər sülhməramlıların bölgəyə gəlişindən sonra yenidən peyda olublar. İki il altı aydır ki, 10 noyabr 2020-ci il Bəyanatından irəli gələn müddəaların reallaşması, istiqamətində sülhməramlılar konkret iş görmürlər. Analitiklərin qənaətinə görə, birgəyaşayış üçün qaçqınların və məcburi köçkünlərin geri qaytarılması hər iki xalq arasında sülhün yaranmasına ən yaxşı töhfə olardı. Təəssüf ki, sülhməramlılar indiyədək Qarabağın erməni və azərbaycanlı əhalisi arasında ilkin şərt olaraq adi görüşlərin təşkil edilməsi istiqamətində bir tədbir həyata keçirməyiblər. Məhz buna görə də, düşmən təbliğatı bu durumu öz xeyrinə, separatçı rejimin möhkəmlənməsinə istifadə edir. Bölgədə yaranmış real vəziyyəti təhlil edən siyasi şərhçilərin fikrincə, təhlükəli məqamlardan biri də Qarabağda süni olaraq ruslaşdırma cəhdlərinin müşahidə olunmasıdır. Otuz ildən sonra ilk dəfə rus dilinin Qarabağda ikinci rəsmi dil kimi qəbul etdirilməsi, rus pravoslav kilsəsinin Xocalıda (!) tikilməsi, Rusiya ictimai və hərbi xadimlərinin büstlərinin qoyulması, süni olaraq əsası olmayan Qarabağ rus icmasının yaradılması və ona rəhbərlik etmək üçün xüsusi xidmət orqanının akademiyasını bitirmiş, Bakıda doğulmuş erməni, lakin rus familiyalı Aleksandr Bordovun Xankəndiyə ezam edilməsi, Rusiya Dövlət Dumasının üzvü Milonovun Xankəndiyə səfəri və sairə humanitar aksiyalar adı altında Rusiya təbliğatının aparılması çox məkrli məqamlardan xəbər verir. Qeyd edək ki, bu barədə xəbərlər yalnız erməni mediasında təbliğat olaraq yayımlanmır, eləcə də Rusiya MN-in internet səhifəsində özünə yer tapır.

Qarabağın nəzarət edə bilmədiyimiz hissəsində, Xankəndidə oyuncaq rejimin, separatçıların, erməni cinayətkarların yeganə məqsədi müharibə ocağını alovlandırmaqdan ibarətdir. Qatı cinayətkar, erməni ailələrini girovluqda saxlayan və özünü "prezident" adlandıran Araik Arutyunyanın avqustun 8-də dünyanın güc mərkəzlərinə, ABŞ, Rusiya, Fransa, Avropa Parlamentinə göndərdiyi məktub onu göstərir ki, erməni toplumu adından danışan Araik sülh istəmir, onlar Azərbaycan vətəndaşları kimi yaşamağa razı deyillər. Xalis erməni bicliyi və taktikası ilə Arutyunyan həmin məktubunda iddia edir ki, Laçın yolunda dayanan "humanitar yük"aparan maşınların cərgəsinə Fransadan göndərilən bir yük maşını da qatılıb. Fransızlar "8 aydan çox blokadada qalan "Dağlıq Qarabağ xalqı" ilə həmrəy olduqlarını və onları müdafiə etdikləri üçün bu aksiyaya qoşulublar. Bu erməni cani anlamaq istəmir ki, Laçın dəhlizi anlayışı daha yoxdur, yeni çəkilmiş Laçın yolu mövcuddur ki, o yoldan gün ərzində onlarla erməni ailəsi sərbəst istifadə edir. Sadəcə, Arutyunyanı danışdıran qüvvələrin məqsədi yaranmış kövrək sülh danışıqlarını pozmaq, qarşıdurma yaratmaqdır. Elə bu günlərdə Xankəndidə Daşnaksütyun partiyasının üzvü David İşxanyan oyuncaq qurumun "parlamentinin rəhbəri"seçilib. Dərhal da bildirib ki, Qarabağ ermənilərinin müstəqillik hüququnun reallaşması uğrunda mübarizə aparacaq. Qeyd edək ki, 1988-ci il Qarabağ hərəkatının fəal iştirakçısı olan İşxanyan Yerevanı Qarabağ məsələsində "kənara çəkilməkdə" ittiham edib və deyib ki, "yeni yollar və tərəfdaşlar axtarmaq" lazımdır. Ancaq bizim bütün səylərimiz 1988-ci ildə formalaşmış mühüm strateji hədəfin reallaşmasına yönəldiləcək. Daha sonra o, Qarabağ və onun xalqının təhlükəsizlik sisteminin əsas qarantı olan Qarabağ ordusunun saxlanmasının və möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Qeyd edək ki, İşxanyanın "parlament rəhbəri" seçilməsi Qarabağda birmənalı qarşılanmayıb. İşxanyanın sözlərinə görə, hazırkı "prezident" Araik Arutyunyan, eləcə də separatçıların əvvəlki iki lideri - Bako Saakyan və Arkadi Qukasyan onun namizədliyi ilə bağlı təşviqat aparıblar. Daşnak İşxanyanın sözlərindən belə nəticəyə gəlmək olar ki, separatçıların liderləri əhalini yeni müharibəyə hazırlayırlar və rəsmi İrəvanın etdiyi kimi, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq niyyətində deyillər.

Görünən odur ki, Xankəndidəki separatçılar və Ermənistan Qarabağdakı erməni toplumunu 1988-ci ildəki vəziyyətə qaytarmağa cəhd edir və bu istiqamətdə çalışırlar. Ermənistanın və Xankəndidəki qondarma qurumun informasiya mənbələrində sülh haqqında bir kəlmə də söz açılmır, müharibəyə ardıcıl çağırışlar edilir. Zənnimizcə, yaranmış vəziyyəti düzgün qiymətləndirməyən, hayları revanşizmə, müharibəyə sürükləyən Xankəndi "liderləri" və ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarını zərərsizləşdirmək üçün antiterror əməliyyatlarının keçirilməsi labüd və qaçılmazdır.

Salman ALIOĞLU,

"Respublika".