Şuşa: gələcəyə boylanan şəhər
Region

Şuşa: gələcəyə boylanan şəhər

Şuşa sıldırım qayaların üstündə bir qala, Azərbaycanın qədim şəhəridir.  Havası,  suyu, təbiəti bənzərsizdir,  adam burada başqa bir ovqata köklənir, sanki ruhun titrəyişi baş verir, ucalıq, yüksəklik insana xoş duyğular bəxş edir. Şuşa mənim yaddaşımda belə möhtəşəm və əlçatmaz qalıb. Təəssüf ki, 1992-ci il may ayının 8-də xəyanət nəticəsində bu alınmaz qala düşmən işğalına məruz qaldı.  Həmin gündən başlayaraq düşmən şəhərdə olan tarixi binaları, abidələri məqsədyönlü şəkildə dağıtmağa başladı.  Abidələri dağıtmaqda düşmənin əsas məqsədi o idi ki,  Şuşanın Azərbaycana məxsus olmasının izlərini itirsinlər.  İşğal dövründə bu proses dayanmadan davam etdirildi və nəticədə bu memarlıq incisi xarabalığa çevrildi. 29 il ərzində mənfur düşmən nə qədər çalışsa da,  Şuşanın ruhunu,  görkəmini dəyişdirə bilmədi.  Erməni faşistlərin vəhşiliyi nəticəsində qəddar yaralar alan Şuşa öz milli koloritini saxlaya bilib, onu silməyə düşmənin gücü çatmayıb. Şuşa qədim tariximizin,  mədəniyyətimizin yadigarı, ana təbiətin zümrüd tacı,  Şərqin musiqi beşiyidir.  44 günlük Vətən müharibəsində xalqımızın qürurunu, şərəfini bərpa edən, düşməni döyüş meydanında diz çökdürən, şəhidlərimizin qisasını alan, yurd yerlərimizə üçrəngli bayrağımızı sancan şanlı ordumuzun, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fədakarlığı sayəsində Şuşa işğalçılardan azad edildi.

Bu qədim şəhər öz tarixinin yeni bir mərhələsinə qədəm qoyub.  Mədəniyyət paytaxtımızda tikinti-quruculuq işləri Prezident İlham Əliyevin tapşırığına və tövsiyəsinə uyğun olaraq şəhərin tarixi memarlıq xüsusiyyətlərinə uyğun aparılır. Dövlətimizin başçısı bildirib ki,  Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və Şuşanın bərpası,  dirçəlməsi hamımızın işidir və əlbəttə ki,  bütün işlər planlı şəkildə aparılmalı,  şəhərin tarixi siması saxlanılmalı,  burada yad olan hər hansı bir tikiliyə yol verilməməlidir.  Şuşanın keşməkeşli tarixi artıq geridə qalıb,  düşmənin dağıtdığı tarixi abidələr yenidən bərpa olunur, burada iri infrastruktur layihələr həyata keçirilir. Şuşa qonaqlarını qarşılayır, şəhər addım-addım  yenidən tikilir və bərpa edilir.

İlk olaraq Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan,  Bülbül və Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəlləri əvvəlki yerlərinə - Şuşa şəhər mərkəzi meydanına qaytarılıb.  “Xan qızı” bulağı bərpa olunub.  Qısa vaxtda Heydər Əliyev Fondu tərəfindən dahi Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində təmir-bərpa və yenidənqurma işləri aparılıb. Xalq artisti Bülbülün ev-muzeyi bərpa edilib.  Qala divarlarında bərpa işləri aparılıb.  Üzeyir Hacıbəylinin ev-muzeyində aparılacaq işlər üzrə layihə hazırlanıb. Hazırda Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhərağa,  Yuxarı Gövhərağa,  Saatlı məscidlərində və Mehmandarovların malikanə kompleksində,  Şirin su hamamında,  məşhur tarzən Sadıqcanın evində bərpa işləri davam etdirilir.    Ötən ilin yazında Heydər Əliyev Fondunun dəstəyi ilə məşhur Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı, Vaqif  Poeziya Günləri, VIII muğam müsabiqəsinin final yarışması və digər beynəlxalq tədbirlər düşmənin Şuşaya vurduğu yaralara bir məlhəm olur, onun tarixi ruhunu, mədəni həyatını özünə qaytarır.  

Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində Şuşa şəhərinin inkişafı uğurla davam etdirilib. 1977-ci ildə ümummilli liderin təşəbbüsü, Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Şuşa şəhərinin tarixi-memarlıq hissəsi qoruq elan edilib. Həmin dövrdə abidələr əsaslı şəkildə,  çox həssaslıqla bərpa edilib, şəhərin tarixi görkəmi milli memarlıq ənənəsi ilə daha da zənginləşdirilib. Şuşa işğaldan azad ediləndən sonra varisliyi şərəflə və böyük hünərlə davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa yenidən qoruq şəhəri elan edilib. Yaxşı ki, Şuşa Azərbaycanın ən çox sənədləşdirilmiş şəhərlərindən biridir. Fotoşəkillərdən tutmuş arxiv məlumatlarına qədər kifayət qədər materiallar var və bütün bunlar şəhəri əvvəlki görkəmində bərpa etmək üçün mühüm mənbədir.  Şuşada yeni binalar da inşa edilir. Yeni yaşayış binaları cari ilin sonuna qədər təhvil veriləcək və Dövlət Proqramına uyğun olaraq əhalinin köçürülməsi həyata keçiriləcək.

Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, 2021-ci il mayın 12-də Prezident İlham Əliyevin təməlini qoyduğu Şuşa 1 saylı ümumtəhsil məktəbində tikinti işləri  davam etdirilir.  Qədim tarixə malik məktəbin bu ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulub. Şəhər infrastrukturunun qurulmasında təhsil müəssisələrinə xüsusi diqqət ayrılıb.  960 şagird yerlik tam orta məktəbin binası müasir şəkildə inşa olunur.  Əvvəllər də 1 saylı məktəb kimi fəaliyyət göstərmiş bu təhsil ocağı erməni vandalları tərəfindən tamamilə dağıdılıb.  Ali Baş Komandanın rəhbərliyi ilə qalib gəldiyimiz 44 günlük müharibədən sonra burada işlər sürətlə davam etdirilir.  Böyük Qayıdış planına uyğun olaraq şuşalı məktəblilər təhsillərini burada davam etdirəcəklər. Şuşada tarixi-mədəni abidələrin,  şəhəriçi yolların,  parkların,  xiyabanların təmizlənməsi işləri də intensiv aparılır.

Şuşa həm də turizm məkanına çevriləcək, dağ havası, mineral suyu, təbii gözəllikləri, tarixi yerləri, qədim məhəllələri turistlərin axınına səbəb olacaq.  Burada lazımi infrastrukturun yaradılmasına,  o cümlədən otellərin inşasına xüsusi diqqət göstərilir.  Artıq Şuşada “Xarıbülbül” otelinin,  həmin otelin nəzdindəki 48 mənzilli korpus və kotteclərin,  eləcə də “Qarabağ” otelinin yenidənqurmadan sonra açılışı olub.  Hazırda şəhərdə yeni beşulduzlu otelin inşası davam etdirilir. Bundan başqa, şəhərdə “Shusha Boutique Hotel” də fəaliyyət göstərəcək. Öz tarixi görkəmini saxlamaqla həm də müasir bir şəhər yenidən gələcəyə sarı boylanır, inamla, qürurla.  Şuşa yaxın zamanda öz əzəli sakinlərinə qucaq açacaq. Daha dağlarının başıdumanlı deyil, Şuşa Günəş şəfəqlərinə bürünür, xoşbəxt gələcəyə, firavanlığa doğru addımlayır...

Salman ALIOĞLU,

“Respublika”.