TARİX YARADAN QÜDRƏTLİ ŞƏXSİYYƏT
Siyasət

TARİX YARADAN QÜDRƏTLİ ŞƏXSİYYƏT

Böyük şəxsiyyətlər sağlığında tarix yaradırlar. Dünyasını dəyişəndən sonra zaman onları yaşadır. Belə əvəzolunmaz, dahi, müdrik şəxsiyyətlərdən biri xalqımızın böyük oğlu, görkəmli siyasi və dövlət xadimi, anadan olmasının 100 illiyini sonsuz sevgi və məhəbbətlə qeyd etdiyimiz Heydər Əlirza oğlu Əliyevdir.

Heydər Əliyev zəngin idarəetmə, yüksək dövlətçilik təcrübəsinə, iti zəkaya malik qüdrətli dünya lideridir. Onun parlaq ideyaları, siyasi irsi, dövlətçilik fəaliyyəti  doğma xalqı ilə yanaşı, həm də bəşəriyyətə xidmət nümunəsidir.

Ulu öndər 1969-cu ildə hakimiyyətə gələndə orta məktəbdə oxuyurdum. Hərbi xidmətdən sonra Moskvada təhsil almağa başladım. Heydər Əliyev kimi görkəmli dühanın rəhbərlik etdiyi ölkənin vətəndaşı olduğuma görə qürur hissi keçirir, özümü xoşbəxt sayırdım.

Dahi liderlə ilk görüşümüz 1979-cu ilin iyun ayında olub. Gəncə şəhər daxili işlər şöbəsinə rəisi təyin olunanda məni qəbul etdi. O dövrdə milis rəsi vəzifəsinə təyinat alanlar Azərbaycan KP MK-nın bürosunda təsdiq olunurdular. Əvvəl şəxsi işimlə tanış oldu. Ailə vəziyyətimlə maraqlandı. Sonra tapşırıq və tövsiyələrini verdi. O vaxt cəmi 28 yaşım var idi. Dedi ki, daxili işlər şöbəsinin rəisi siyasi vəzifədir. Dahi rəhbər kadr seçiminə olduqca obyektiv, həssas münasibət bəsləyirdi.

Ümummilli liderin Azərbaycana rəhbərliyinin birinci dövrü tənəzzüldən-tərəqqiyə doğru dinamik inkişaf dövrü idi. 1969-cu ilə kimi ölkəmiz keçmiş SSRİ büdcəsindən maliyyələşir, dotasiya alırdı. Ulu öndərin gərgin, yorulmaz səyləri sayəsində Azərbaycan sürətlə inkişaf edərək iqtisadi göstəricilərinə görə keçmiş ittifaq respublikalarını geridə qoymuşdu. Azərbaycan o illərdə 14 dəfə SSRİ-nin ən yüksək mükafatına - "Keçici Qırmızı Bayraq" ordeninə layiq görülmüşdür.

Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə hər il 1000-ə yaxın azərbaycanlı gənc ittifaqın ən nüfuzlu ali məktəblərinə oxumağa göndərilirdi. Bu, dahi rəhbərin gələcəyə hesablanmış  müdrik siyasətinin nəticəsi idi. Müstəqillik illərində bunun bəhrələrini gördük. Ulu öndər o dövrdə iqtisadi, siyasi, mədəni və digər sahələrdə lazımi baza yaratmasaydı, yəqin ki, çətinliklərimiz daha çox olacaqdı.

20 Yanvar faciəsi baş verəndə Azərbaycan KP MK bürosunun və SSRİ Daxili İşlər Nazirliyinin kollegiya qərarları ilə Moskvada SSRİ DİN-in İdarəetmə Akademiyasının müttəfiq respublikalar üçün rəhbər kadrlar hazırlayan fakültəsində təhsil alırdım. Azərbaycanda baş verən hadisələri diqqətlə izləyir, ölkəmizin haqq səsini paytaxt ziyalılarına, müxtəlif ölkələrin nümayəndələrinə çatdırmağa çalışırdım. Yaxşı yadımdadır. Eşitdim ki, yanvar ayının 21-də ümummilli lider Heydər Əliyev Moskva şəhərində Azərbaycanın daimi nümayəndəliyinə gələcək. Ulu öndər o vaxt xəstəxanadan təzə çıxmışdı. Səhhətinə fikir vermədən, özünün və ailə üzvlərinin həyatını təhlükədə qoyaraq  xalqımıza üz vermiş faciə ilə əlaqədar nümayəndəliyə gəldi. Bu görüşü həmişə fəxarətlə xatırlayıram. Ulu öndər nümayəndəliyə yığışan soydaşlarımıza və bütün Azərbaycan xalqına başsağlığı verdi. Sonra yerli və xarici jurnalistlərin toplaşdığı zala daxil oldu. Azərbaycanın daimi nümayəndəsi Zöhrab İbrahimov tədbiri açdı. Lalə Şövkət Hacıyeva Azərbaycanda baş verən yanvar hadisələri barədə jurnalistlərə məlumat verdi.

Ulu öndər böyük siyasi ustalıqla, özünəməxsus cəsarətlə M.Qorbaçov başda olmaqla sovet rəhbərlərinin Bakıya qoşun yeritməsini, dinc, günahsız insanların öldürülməsini kəskin tənqid etdi. Baş vermiş faciənin hüquqazidd olduğunu, xalqımıza qarşı beynəlxalq səviyyədə cinayət törədildiyini bildirdi. Elə bu vaxt icazəsiz zala daxil olan bir qız təxribat xarakterli suallarla ulu öndərə müraciət etməyə və mətbuat konfransını pozmağa çalışdı. Mən milis formasında olduğuma görə asayişi qoruduğumu zənn etdilər. Qıza yaxınlaşıb dedim ki, bura dövlət təşkilatıdır, siz ictimai qaydanı pozaraq onun fəaliyyətinə mane olursunuz. Qızı foyeyə çıxarıb kimliyi ilə maraqlandım. Məlum oldu ki, bu azərbaycanlı qız Moskva Dövlət Universitetində oxuyur və xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq nümayəndəliyə göndərilib.

Ümummilli lider çıxışını davam etməyə başladı. Bu zaman ikinci tələbə qız içəri daxil olaraq yersiz, mənasız suallar verməyə başladı. Eyni qaydada onun da zaldan çıxmasını təmin etdik. O qız da tədbiri pozmaq niyyəti ilə nümayəndəliyə gəlmişdi.

Mətbuat konfransı öz işini yüksək səviyyədə başa çatdırdı. O çətin, ağır dövrdə xəstə olmasına baxmayaraq, xalqına başsağlığı verməyə, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa gələn ulu öndərə qarşı təxribat xalqımıza qarşı törədilən təxribat əməli idi. Çünki istər keçmiş sovet məkanında, istərsə də xaricdə Azərbaycanı Heydər Əliyevə görə tanıyır, onun timsalında xalqımızın hansı bacarığa, hünərə, müdrikliyə malik olduğunu görürdülər.

Azad, müstəqil yaşamaq hər bir xalqın arzusudur. Dünyada 2 mindən çox millət, xalq  olsa da, onlardan cəmi 193-nün müstəqil dövləti vardır. Keçən əsrdə həyat xalqımıza iki dəfə belə şans verib. Əsrin əvvəlində Şərqdə ilk qurulan Azərbaycan Demokratik Cümhuriyyəti cəmi 23 ay yaşadı.

1991-ci ildə ölkəmiz yenidən müstəqillik qazansa da, onu qoruyub saxlamaq böyük çətinliklər hesabına başa gəldi. 90-cı illərin əvvəllərində ölkədə ağır böhran hökm sürürdü. Hakimiyyətdə olan qüvvələr dövləti idarə edə bilmirdilər. Azərbaycan müstəqilliyini, dövlətçiliyini itirmək təhlükəsi qarşısında qalmışdı. Xalq bütün ümidlərini Heydər Əliyevə bağlamışdı. Azərbaycanın taleyüklü, ağır məqamında ulu öndər xalqın təkidli xahişi ilə hakimiyyətə qayıtdı. O vaxt yurdumuzun hər yerində olduğu kimi, cənub bölgəsində də vəziyyət son dərəcə gərgin idi. Əlikram Hümbətovun rəhbərlik etdiyi separatçı dəstə mövcud qanunları saya almır, bölgədə at oynadırdı. Mən Astara rayon polis şöbəsinin rəisi, eyni zamanda rayonun hərbi komendantı idim. Bölgədə yaranmış ağır vəziyyət barədə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən, Ali Sovetin Sədri Heydər Əliyevə məlumat verirdim.

 1993-cü il avqust ayının 11-də Lənkəran Şəhər İcra Hakimiyyətinin binasının qarşısındakı meydanda Ə.Hümbətovun qeyri-qanuni silahlı dəstəsi tərəfindən həbs olundum. Bir həftə həbsdə saxlanıldım. Ulu öndərin köməkliyi sayəsində həbsdən azad edildim. Müdrik rəhbər həmin gün mənimlə telefonda danışdı. Səhhətimlə maraqlandı. Məni Bakıya çağırıb iş otağında  qəbul etdi. Bölgədəki ağır vəziyyət, separatçıların məqsədləri barədə məlumat verdim.

Avqustun 23-də ulu öndər Lənkəran bölgəsində yaranmış vəziyyətlə əlaqədar Azərbaycan televiziyası ilə xalqa müraciət etdi. Lənkəranlılar müdrik rəhbərin çağırışına səs verərək ayağa qalxdılar. Əlikram Hümbətovun separatçı dəstəsi tərk-silah olundu. Separatçıların dinc sakinlərə açdığı atəş nəticəsində 3 nəfər həlak oldu, 5 nəfər ağır yaralandı. Onlardan biri qucağımda dünyasını dəyişdi.

Avqustun 23-dən 24-nə keçən gecə saat 4 radələrində vəziyyət barədə ölkə rəhbəri Heydər Əliyevə təcili məlumat verildi. Əvvəl Dilruba Camalova ilə sonra isə mənimlə telefonla danışdı. Çalışın ki, qan tökülməsin, sabitlik bərpa olunsun, bütün imkanlarınızdan, nüfuzunuzdan istifadə edərək əmin-amanlığı qoruyun, - deyə tapşırıqlarını verdi.

Müdrik rəhbərin ağıllı məsləhətləri, tövsiyələri, cənub bölgəsinin nüfuzlu ziyalılarının fəal iştirakı nəticəsində bölgədə ictimai-siyasi sabitlik təmin olundu. 

Sonralar da xalqımızın əbədiyaşar lideri ilə dəfələrlə görüşlərimiz olub, bölgədəki vəziyyətlə yaxından maraqlanıb, iqtisadi, sosial və digər problemlərin həllinə yüksək səviyyədə qayğı göstərib. Dahi öndərin 1998-ci il oktyabr ayının 5-də Astaraya son səfərini həmişə minnətdarlıq duyğuları ilə xatırlayıram. Prezident seçkiləri ərəfəsində astaralı seçicilərlə həmin görüş unudulmaz xatirəyə çevrilib. Belə müdrik, tarixi şəxsiyyətin rəhbərliyi altında işləmək, dövlət idarəçiliyində yaxından iştirak etmək mənə nəsib olduğu üçün özümü çox xoşbəxt sayıram.

Ulu öndər xalqını, müstəqil Azərbaycanı çox sevirdi. Onun siyasi kursu, müəllifi olduğu inkişaf strategiyası, idarəetmə məktəbi həmişə yaşayacaq. Alimlər, siyasətçilər, tədqiqatçılar ulu öndərin siyasi məktəbindən öyrənəcək, yeni əsərlər yazacaqlar. Heydər Əliyevin zəngin nəzəri irsindən, siyasi nəzəriyyəsindən təkcə Azərbaycan deyil,  yenicə müstəqillik qazanmış, inkişaf etməkdə olan dövlətlər daim bəhrələnəcəkdir. Qərinələr, illər keçsə də, Heydər Əliyev xalqımızın yaddaşında, bəşəriyyət tarixində əbədi yaşayacaqdır.

 Heydər Əliyevin siyasi və idarəetmə məktəbinin fəxri məzunu, ulu öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev ata vəsiyyətinə sadiq qalaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı mənfur düşmənin tapdağından azad etdi. Möhtərəm Prezidentimiz müdriklik, böyük hünər, cəsarət göstərərək xalqımızın birliyi, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində şanlı qələbəyə, böyük zəfərə nail oldu. Azərbaycanı bütün dünyaya qalib dövlət kimi tanıtdı. 

Ümummilli liderin qurucusu və memarı olduğu müstəqil Azərbaycan dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf, tərəqqi yolundadır. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti, quruculuq, bərpa işləri aparılır. Soydaşlarımızın dədə-baba yurdlarına böyük qayıdışı başlanır. Ölkəmizin bütün bölgələrində ictimai-siyasi sabitlik qorunur, dinamik inkişaf, yüksəliş təmin olunur. Xalqımız möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək qurub-yaradır, sabaha, işıqlı gələcəyə böyük ümidlərlə gedir. 

İbrahim QULİYEV,

hüquq elmləri doktoru, professor,

respublikanın Əməkdar müəllimi.