Tarixi Zəfər gənclərin vətənpərvərlik ruhunu, mənəvi dəyərlərə sadiqliyini nümayiş etdirdi
Digər xəbərlər

Tarixi Zəfər gənclərin vətənpərvərlik ruhunu, mənəvi dəyərlərə sadiqliyini nümayiş etdirdi

"Bizim vətənpərvərlik məsələləri ilə bağlı çox fəal siyasətimiz olmuşdur. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək Prezident kimi mənim siyasətimin əsas istiqamətlərindən biri idi və buna nail olduq. Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Bir daha demək istəyirəm, heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə gedirdilər, cəmiyyətdə milli birlik, milli həmrəylik ideyaları üstünlük təşkil etdi… Buna görə sizə və sizin kimi on minlərlə hərbçiyə borcluyuq. Azərbaycan xalqı bunu bilir və yaxşı qiymətləndirir". Bu sözləri noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxışı zamanı söyləyib.

Vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən qaynaqlanır. Əsl vətənpərvərlik Vətəni xarici və daxili düşmənlərdən qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıq, fədakarlıq göstərmək, xalqın hər bir uğuruna sevinmək və ölkəsini layiqli vətəndaş kimi təmsil etməkdir. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhundan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda nəyə qadir olduğunu təsdiqləyib. Dövlətin gənclər siyasətinin əsasında layiqli vətəndaş və sağlam nəslin formalaşdırılması dayanır. Xalqımızın ümummilli lideri Heydər Əliyev müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin formalaşmasını qürur hissi ilə vurğulayaraq demişdir: "Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var".

Azərbaycan gəncləri vətənpərvərdir və onlar müstəqil dövlətin vətəndaşlarıdırlar. Vətənpərvərliyin əsas nümunəsini gənclərimiz 44 günlük müharibə zamanı həm ön, həm də arxa cəbhədə nümayiş etdirdilər.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi qələbəmiz bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi Vətənimizi qorumağa və bu yolda canından keçməyə hər zaman hazırdır. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Dövlətimizin başçısı İlham Əliyevin "İrəli, Azərbaycan əsgəri!" çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq Vətənə sevgi, düşmənə nifrət hissi ilə torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağmızı dalğalandırdı. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. İkinci Qarabağ müharibəsində dəmir yumruq kimi birliyimiz dünyaya səs saldı. Mübaliğəsiz deyə bilərik ki, müzəffər ordumuzun əfsanəvi qəhrəmanlığı və modern döyüş bacarığı nümayiş etdirməsi bütün dünyada heyrətlə qarşılandı.

Gənclər hər bir millətin inkişafının təməlidir. Bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyinin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların hazırlanmasından, aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan, Orduda gənclərlə iş sahəsində görülən tədbirlər cəmiyyətdə Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir.

Vətəni sevmək, onun ərazi bütövlüyünü, maddi və mənəvi sərvətlərini düşmənlərdən qorumaq, iqtisadi və hərbi qüdrətinin yüksəlməsinə nail olmaq, baş verə biləcək düşmən təxribatlarının qarşını almaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Cənab İlham Əliyevin Silahlı Qüvvələrlə bağlı verdiyi Sərəncam və fərmanlar, əsgər və zabitlərimizə göstərdiyi diqqət və qayğı gənc hərbi qulluqçularda vətənpərvərlik hisslərinin artmasına son dərəcə müsbət təsir göstərmişdir.

Ölkəmizin sosial-iqtisadi cəhətdən davamlı və dinamik inkişafı, regionda aparıcı dövlətə çevrilməsi, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vətənimizin tərəqqisi, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun durmadan yüksəldilməsi, 30 ilə yaxın müddətdə düşmən tapdağı altında qalan doğma Qarabağın işğaldan azad olunması istiqamətində möhtəşəm fəaliyyətləri yetişməkdə olan hər bir gənc üçün böyük vətənpərvərlik nümunəsi, vətənpərvərlik məktəbidir.

Tarixi Zəfər, eyni zamanda Azərbaycan xalqının, xüsusən gəncliyinin milli vətənpərvərlik ruhunun yüksək olduğunu, millətimizin Vətən, dövlət, milli bayraq sevgisini, xalq-iqtidar birliyini parlaq şəkildə nümayiş etdirdi. Vətənpərvərlik fəlsəfəsi hər bir Azərbaycan vətəndaşının, əsgərinin və gəncinin simasında özünün ifadəsini tapdı.

Bu gün doğma Vətənimizin ayrılmaz parçası olan Qarabağın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid və ya qazi olmuş oğullarımızın misilsiz qəhrəmanlığı gənclərimiz üçün böyük vətənpərvərlik məktəbidir.

M.MİRZƏ,

"Respublika".