Tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin uğurlu nəticəsi: Bakı Bəyannaməsi
Siyasət

Tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin uğurlu nəticəsi: Bakı Bəyannaməsi

Martın 15-də Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin - Ceyhun Bayramov, Hakan Fidan və İlya Darçiaşvilinin doqquzuncu üçtərəfli görüşü keçirilib. Görüş çərçivəsində üç ölkənin XİN başçıları Bakı Bəyannaməsi imzalayıblar. Sözügedən sənəd qarşılıqlı münasibətlərin inkişafına mühüm töhfə verəcək, üçtərəfli əlaqələri daha da genişləndirəcək. Bakı Bəyannaməsi, həmçinin hər üç ölkənin maraq dairəsində olan bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, sülh və təhlükəsizlik, elm və texnologiya, mədəniyyət sektorlarında strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə olacaq. Bu bəyannaməylə, həmçinin dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına güclü və birmənalı dəstəyi bir daha təsdiq olunub. Əlavə olaraq, tərəfkeş ölkələr dövlət sərhədləri daxilində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpasını alqışlayıb və Azərbaycan hökumətinin postmünaqişə dövründə bərpa və yenidənqurma səylərinə dəstəklərini bildiriblər. Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət əsasında münasibətlərin normallaşdırılmasına dəstəyi Türkiyə və Gürcüstan bir daha bəyan etdi.

Ümumiyyətlə, dövlətimiz müstəqillik tarixində Ermənistan istisna olmaqla, bütün region ölkələri ilə sıx iqtisadi əməkdaşlıq münasibətləri qurub. İkitərəfli və çoxtərəfli platformalarda daha da şaxələnən bu əlaqələr qarşılıqlı maraqlara əsaslanmaqla yanaşı, bütün tərəflərə öz töhfəsini verəcək. Regional əməkdaşlıq çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşan iqtisadi əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Hər üç ölkə arasındakı qarşılıqlı əlaqələri analiz etsək, siyasi dialoqun yüksək səviyyədə olduğu nəzərə çarpır. Hər üç ölkə arasında siyasi dialoq həm prezidentlər, həm parlament rəhbərləri, həm də digər səviyyələrdə birmənalı şəkildə dəstəklənir. Azərbaycan, Gürcüstan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bir-birlərinin iqtisadi və siyasi maraqlarına sadiqlik nümayiş etdirir və üçtərəfli əlaqələr siyasi dialoqa uyğun olaraq inkişaf edir. Hətta günbəgün genişlənən əlaqələr baxımından, Xəzər və Qara dəniz hövzələrini əhatə edən geniş coğrafiyada Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadi üçbucağının formalaşdığını da söyləmək mümkündür. Bir məqamı da qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan etibarlı və davamlı tərəfdaşlardır və onlar əsl körpü qurucuları kimi çıxış edir. Hər üç ölkə nəinki regional, hətta beynəlxalq problemlərin həlli istiqamətində də mühüm addımlar atmaqla dünyada sülh və təhlükəsizliyin bərqərar olmasına çalışırlar. Dövlətimizin son dörd ildə beynəlxalq səviyyədə tanınmış statusunun yeni reputasiyası nəticəsində regional vəziyyət müsbət mənada dəyişib.

Məlum olduğu kimi, Azərbaycan davamlı şəkildə siyasi iradə nümayiş etdirməklə Ermənistanla birbaşa danışıqlara maraq göstərir və dəstəkləyir. Nazirlərin görüşü çərçivəsində Ermənistanla sülh məsələsi də gündəmdə olub. Ölkəmiz hər zaman olduğu kimi, rəsmi İrəvanla sülh sazişinin tezliklə imzalanmasına ümid edir. Danışıqlar zamanı rəsmi Bakının regionda sülhün bərpasına sadiq qaldığı diqqətə çatdırılıb. Nazir Ceyhun Bayramovun sözlərinə görə, son vaxtlar iki ölkə liderləri səviyyəsində, eləcə də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilib. "Bu görüşlər sülh sazişinin irəliləməsi məsələsində zəmin yaradır və iki ölkənin siyasi məsələlərinə yanaşmanın sadəliyini təmin edir. Baş diplomat, eyni zamanda Azərbaycanın beynəlxalq aktorların da ədalətli və qərəzsiz şəkildə birbaşa ikitərəfli danışıqları dəstəkləyəcəyinə ümid etdiyini vurğulayıb. Yada salaq ki, xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün 2021-ci ildə keçirilməsi nəzərdə tutulmuşdu. Amma bəzi səbəblərə görə görüş təxirə salınmışdı. Bundan öncə Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları arasında 2019-cu ildə də görüş baş tutmuşdu. Səkkizinci görüş çərçivəsində beynəlxalq səviyyəli layihələrin birgə təşviqi daxil olmaqla, Cənub Qaz Dəhlizinin enerji layihələrinin həyata keçirilməsi üçün qarşılıqlı əlaqələrin davam etdirilməsi və daha da dərinləşdirilməsi üzrə mühüm addımlar atılacağı vurğulanmışdı və tərəflər, həmçinin enerji sahəsində əməkdaşlığın gücləndirilməsinə hazır olduqlarını bildirmişdilər. Bununla yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstanın müvafiq şirkətləri arasında elektrik enerjisi sahəsində birgə layihələrin inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsi sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyəti bir daha diqqətə çatdırıldı. Nəticədə Trans-Anadolu Qaz Boru Xətti (TANAP), Cənub Qaz Dəhlizinin (CQD) digər əhəmiyyətli komponentlərinə, eləcə də Xəzər regionundan Avropaya təbii qaz nəqlinin həcminin artırılması məqsədini daşıyan enerji layihələrinə tərəflərin tam dəstəyi bir daha təsdiqləndi. Həmin üçtərəfli görüşdən sonra həm qlobal, həm də regional miqyasda dünyada bir sıra dəyişikliklər müşahidə olunur və son illərdə planetimizdə artan təzyiqlər fonunda regional əməkdaşlığın inkişafı mühüm əhəmiyyət daşıyır. Bu cür qarşılıqlı görüşlər isə hər üç ölkəyə maraq doğuran sahələrdə əməkdaşlıqdan faydalanmağa əlverişli şərait yaradır.

Hazırda hər üç ölkə arasında iqtisadi sahədə əlaqələr özünü daha aktiv şəkildə büruzə verir. Ölkəmizin təşəbbüsü ilə reallaşan neft-qaz, dəmir yol və digər strateji layihələrin əksəriyyəti məhz Türkiyə, Gürcüstan üzərindən keçməklə icra edilir. Bundan əlavə, rəsmi Bakı Gürcüstandakı limanlardan malların ixracı üçün də istifadə edir və bu Anaklia limanını yenə də gündəmdə saxlayır. Məlum olduğu kimi, sözügedən liman Gürcüstanda və Orta Dəhlizdə daha çox yük dövriyyəsinin təmin edilməsinə fayda verə bilər. Bu baxımdan, respublikamız Anakliada su limanının qurulmasına maraq göstərir. Anaklianın gələcəkdə Cənubi Qafqaz üçün xüsusi dəniz limanı olacağı da istisna deyil.

Nəzrin ELDARQIZI,

"Respublika".