Tərtər:  “And yerimiz şəhidlər” kitabının təqdimatı
Region

Tərtər:  “And yerimiz şəhidlər” kitabının təqdimatı

Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında “Beynəlxalq Əlillər Cəmiyyəti”İctimai Birliyi tərəfindən “And yerimiz şəhidlər” adlı layihə çərçivəsində nəşr edilən eyniadlı kitabın təqdimatı keçirilib.

Təqdimatda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri, ictimaiyyət və KİV-in nümayəndələri iştirak ediblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə 30 il işğal altında qalan torpaqlarımızın cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü ilə azad edilməsindən, Zəfər gününün tarixə qızıl hərflərlə yazılmasından, Vətən müharibəsində Tərtər rayonunun infrastrukturuna dəymiş ziyandan, tərtərli hərbi və mülki şəhidlərdən, qazilərdən danışıb, dövlət tərəfindən, “YAŞAT” Fondu tərəfindən onlara göstərilən diqqət və qayğını qeyd edib, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid və qazi ailələrinə göstərdikləri qayğını vurğulayıb.

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Tahir Xudiyev “And yerimiz şəhidlər” kitabı haqqında məlumat verib. Bildirib ki, kitabda Tərtər, Bərdə və Bakının Nizami rayonundan olan şəhidlər haqqında məlumatlar verilib. Sonra şair, publisist Damət Salmanoğlu Azərbaycanın müstəqilliyinə həsr etdiyi şeiri oxuyub.

Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Sayman Aruz şəhidlərin gənclərimizə tanıdılması üçün mütəmadi tədbirlərin keçirilməsinin hər kəsin vətəndaşlıq borcu olduğunu qeyd edib.

Tədbirdə iştirak edən şəhid valideynləri Gülnarə Salahova, Afidə Məmmədova, Qətibə Hacıyeva, Bəhruz Qənbərli, Zahid Məmmədov və qazilər Amid Paşayev, Təhmuraz Muradov, Orxan Həsənzadə, Sadiq Abbaslı onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

            Vəli VƏLİYEV,

“Respublika”.