Torpaqların meliorativ vəziyyəti və su təminatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər
Digər xəbərlər

Torpaqların meliorativ vəziyyəti və su təminatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizdə kənd təsərrüfatının inkişafı hökumətimiz üçün prioritet istiqamətlərdən biridir. Ölkə başçısının aqrar sektorun inkişafı ilə əlaqədar həyata keçirdiyi çox mühüm tədbirlər, qəbul olunmuş qanunlar, tərtib edilmiş proqramlar, layihələr, yol xəritələri, imzalanmış fərman və sərəncamlar ölkədə kənd təsərrüfatının inkişafına öz töhfələrini vermişdir.

Lakin ölkə üzrə aqrar sahənin inkişaf etdirilməsi və kənd təsərrüfatı məhsullarının istehsalının artırılması su təminatının yaxşılaşdırılması faktorundan bilavasitə asılıdır. Qlobal iqlim dəyişiklikəri davamlı olaraq yağıntıların azalmasına və su çatışmazlığına səbəb olur ki, bu da ölkədə kənd təsərrüfatı üçün problemlər yaradır. Suvarılan torpaqlar, əsasən respublikanın öz isti iqlimi, az atmosfer yağıntılarının (200-300 mm) və torpaq iqlim şəraitinin mürəkkəbliyi ilə səciyyələnən düzənlik-arid zonasında yerləşdiyindən, bol və keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalında digər aqrotexniki tələblərlə yanaşı, kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmalarının vaxtında və düzgün aparılması xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanda aqrar sahənin inkişafı bütövlükdə suvarma əkinçiliyinə əsaslanır. Belə ki, bitkiçilik məhsullarının 85-90 faizi, pambıq bitkisinin hamısı suvarılan torpaqlarda becərilir. Suvarma əkinçiliyinin iqtisadi səmərəliliyinin təmin edilməsi kənd təsərrüfatı bitkilərindən sabit və yüksək məhsul əldə olunması ilə yanaşı, həm də bütün ehtiyatlardan qənaətlə istifadə olunması, torpaqların meliorativ vəziyyətinin normal səviyyədə saxlanılması, suvarmanın aqrotexniki və texnoloji cəhətdən düzgün aparılması və operativ idarə olunması yolu ilə əldə oluna bilər.

İstifadə edilən suvarma sistemlərində suvarma suyunun düzgün paylanmasını aparmaq, eləcə də bitkilərin suya olan tələbatını ödəmək üçün kənd təsərrüfatı bitkilərinin müxtəlif bölgələr üzrə su tələbatını və suvarma rejimlərini bilmək torpaq istifadəçiləri üçün çox vacibdir. Suvarma suyunun torpağa verilməsi ilə onun fiziki və kimyəvi tərkibi dəyişir, üzvi maddələrin asanlıqla parçalanması prosesi gedir və bununla da torpağın hava, duz və istilik rejimi tənzimlənir. Lakin normadan artıq suvarma suyundan istifadə olunması zamanı suyun bir hissəsi torpağın aşağı qatlarına sızaraq qrunt suyunun səviyyəsinin qalxmasına səbəb olur. Bu isə torpağın bataqlıqlaşmasına, şorlaşmasına gətirib çıxarır və nəticədə əkinəyararlı torpaq sahələrinin azalması baş verir.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı"nda həyata keçirilməsi nəzərdə tutulmuş işlərin, habelə Azərbaycan Respublikası Prezidentinin "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi nəticəsində su təminatı sahəsində vəziyyətin yaxşılaşdırılması, baş verə biləcək neqativ halların qarşısının alınması mümkün olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı"na daxil olan layihələrin icrasına uyğun olaraq İmişli rayonunun 10838 hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün uzunluğu 29,5 kilometr, sərfi saniyədə 12 kubmetr olan Qızılarx, Tərtər, Goranboy, Yevlax və Bərdə rayonlarının 29660 hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün uzunluğu 22,4 kilometr, sərfi saniyədə 20,2 kubmetr olan Tərtər Sol Sahil və uzunluğu 12,6 kilometr, sərfi saniyədə 10 kubmetr olan Xanarx, Qusar rayonunun 6091 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edən uzunluğu 42 kilometr, sərfi saniyədə 4,5 kubmetr olan Yuxarı Zeyxur kanallarının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılması üzrə işlər yerinə yetirilmişdir.

ASC-nin əsas hədəflərindən olan işğaldan azad olunmuş ərazilərdə yerləşən su anbarlarının (Suqovuşan, Xaçınçay, Köndələnçay - 3 ədəd) və magistral kanalların təmir-bərpası üçün layihə sənədləri hazırlanıb, Tərtərçay, Həkəriçay və Bərgüşadçay su anbarları kompleksinin su ehtiyatlarının istifadəsi üzrə layihə-axtarış, geodeziya və ilkin konseptual layihə işlərinin görülməsinə başlanılıb.

Cari ilin iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Laçın rayonunda "Həkəriçay" Su Anbarı layihəsi ilə tanış olarkən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov dövlətimizin başçısına layihə barədə məlumat verərək bildirdi ki, işğaldan azad olunmuş ərazilər həm təbii ehtiyatlar, biomüxtəliflik, meşə ərazilərinin bolluğu, həm də su ehtiyatları baxımından çox zəngindir. Azərbaycanda formalaşan su ehtiyatlarının təqribən 20 faizi məhz bu ərazilərin payına düşür. Başlanğıcını Laçın rayonu ərazisindən götürən Həkəri çayının uzunluğu 113 kilometr, orta illik su sərfi saniyədə 10,7 kubmetrə yaxındır. Həkəridə tutumu təxminən 90 milyon kubmetr olan su anbarı tikməklə buradakı təmiz, genetik faydalı suyu 254 kilometr uzunluğunda magistral yolla Sabirabada qədər gətirmək mümkündür..

Cəmiyyət tərəfindən 2021-ci ildə icra olunmuş layihələr hesabına 9,5 min hektar sahədə torpaqların su təminatı və 3,5 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılıb, 2,1 min hektar yeni torpaq sahəsi suvarma suyu ilə təmin edilib.

Suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə cəmiyyət tərəfindən istismar tədbirlərinə ayrılmış vəsait hesabına suvarma və kollektor-drenaj şəbəkələrində 58,0 milyon kubmetr həcmində (14200 kilometr suvarma, 1900 kilometr kollektor-drenaj şəbəkəsi) lildən təmizləmə işləri aparılıb, torpaq məcralı kanalların 53 kilometr hissəsi beton üzlüyə alınıb, 5250 hidrotexniki qurğu, 6100 subartezian quyusu, 330 nasos stansiyası əsaslı və cari təmir olunub.

Çay məcralarında 16,3 milyon kubmetr həcmdə məcratəmizləmə işləri aparılıb, 6,5 min kubmetr şax-daş və faşın, 2,1 min kubmetr qabion bəndlər quraşdırılıb və daş-beton bəndlərdə 25,7 min kubmetr həcmdə təmir işləri yerinə yetirilib. Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınmış torpaq mühafizə bəndlərinin 107,9 kilometrlik hissəsində möhkəmləndirmə işləri görülüb və 44130 kubmetr həcmdə daş və beton məmulatları ilə sahilbərkitmə işləri yerinə yetirilib. Görülmüş tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə təmin edilib. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1 milyon 443 min hektar sahədə orta hesabla 3 dəfə suvarılıb. Cari ildə təxminən 1 milyon 450 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulub. Hazırda əkin sahələrinin su təminatının və meliorativ vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində Cəmiyyət tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin həyata keçirdiyi genişmiqyaslı kompleks tədbirlər çərçivəsində yetaltı suların dinamikası və minerallıq dərəcəsi üzərində keyfiyyətli və fasiləsiz stasionar rejim-müşahidə işlərinin təşkili, torpaqların şorlaşma dərəcəsinin öyrənilməsi, çöl tədqiqat işlərinın mütəmadi yerinə yetirilməsi, suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin təyin edilməsi və nəticələrə əsasən əsaslı tədbirlər görülməklə torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər planının işlənib hazırlanması da xüsusi əhəmiyyət kəsb edir. Bu işləri həyata keçirən ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi (HGMXİ) ötən dövrlərdə olduğu kimi 2022-ci ilin 6 ayı ərzində də qarşıda duran vəzifələri layiqincə icra etmişdir.

Cari ilin I yarımilliyində HGMXİ respublikanın 43 inzibati rayonun ərazilərini əhatə edən suvarılan torpaq sahələrində rejim müşahidə quyuları şəbəkəsi vasitəsilə, təlimata uyğun rejim müşahidə və çöl tədqiqat işləri yerinə yetirilmiş, magistral kanallar və kollektorlar üzərində qurulmuş hidrometriya məntəqələrində su ölçmə işləri aparılmışdır. Suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinə və meliorativ sistemlərin texniki vəziyyətinə nəzarət etmək üçün respublikanın 1 348 837 hektar suvarılan torpaq sahəsində kompleks işlər həyata keçirilmişdir.

Hidrogeoloji-meliorativ xidmətin nəzarətində olan 1 348 837 hektar suvarılan torpaq sahələri qrunt sularının yatım dərinliyinə və minerallaşma dərəcəsinə görə fərqləndirilərək sahələrə bölünmüşdür. Həmçinin, qrunt sularının, magistral kanal və kollektor sularının və torpaqların şorlaşma dərəcəsinin öyrənilməsi üçün kimyəvi analizlər aparılmışdır. Rejim-müşahidə quyularından götürülmüş 11539 nümunədə qrunt suların minerallaşma dərəcəsinin təyini, kanal və kollektorlardan götürülmüş 156 nümunədə suların qısaldılmış kimyəvi analizləri, 2 058 nöqtədən götürülmüş 8232 torpaq nümunədə isə torpaqların şorlaşma dərəcəsinin təyini üçün qrunt su çəkintisinin analizləri aparılmışdır.

HGMXİ-nin apardığı tədqiqatlar nəticəsində Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar, Ağdaş, Kürdəmir, Zərdab, Göyçay, Ucar, Ağsu, Beyləqan, Yevlax, Ağcabədi, İmişli, Xaçmaz və Hacıqabul inzibati rayonlarında torpaqların bir metrlik aerasiya zonasında şorlaşma dərəcəsi müəyyən edilmişdir. Bu rayonlar üzrə 60 520 hektar ümumi suvarılan torpaq sahəsinin şorlaşma dərəcəsinin təyini üçün aparılan tədqiqat işləri başa çatdırılmış və nəticələri hesabatlara əlavə edilmişdir.

Hazırda Hidrogeoloji-Meliorativ Xidmətin nəzarətində olan ərazilər faktiki olaraq Şirvan, Muğan-Salyan, Mil-Qarabağ, Qanıx-Əyriçay, Masallı-Lənkəran, Gəncə-Qazax və Samur-Abşeron massivlərinin suvarılan torpaqlarını əhatə edir. Mövcud rejim-müşahidə şəbəkəsi qrunt sularının yatım dərinliyinin və minerallaşma dərəcəsi xəritələrinin tərtib olunmasına, torpaqların meliorativ vəziyyitinə nəzarət etməyə, suvarma rejiminin korrektə olunmasına, kollektor-drenaj şəbəkisinin texniki vəziyyətinin yaxşılaşdırılması və meliorativ tədbirlərin effektivliyinin artırılması istiqamətində tədbirlərin hazırlanmasına imkan verir.

Respublikada 2022-ci ilin ilin I yarımilliyi üzrə suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin qiymətləndirilməsi və müqayisəli təhlili göstərir ki, qrunt sularının hidrogeoloji-meliorativ vəziyyəti baxımdan əlverişli sayılan yatım dərinliyi 1,5 metrdən çox olan torpaq sahələri suvarılan torpaqların 1 276 380 hektarını və ya ümumi suvarılan torpaq sahələrinin 95%-ni, 72 457 hektarı və ya 5%-i isə qrunt sularının yatım dərinliyi 1,5 metrə qədər olan torpaq sahələrini əhatə edir. Bu isə mövsümi intensiv yağıntılar, suvarma və təzyiqli yeraltı suları ilə əlaqədardır.

Qrunt sularının əlverişli yatım dərinliyi (1,5 metrdən çox) və bu ölçülərə uyğun sahələrin genişləndirilməsi il ərzində bir sıra rayonların suvarılan torpaqlarında müşahidə olunmuşdur. Eyni zamanda, suvarılan əkin sahələri qrunt sularının yatım dərinliyi və minerallaşma dərəcəsinə görə bölünmüş, 2021-ci illə 2022-ci ilin müvafiq dövrü üçün göstəricilərinin müqayisəli təhlili aparılmışdır. Cari ilin 6 ayı ərzində suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin qiymətləndirilməsi məqsədilə, əsas göstəricilərdən biri olan qrunt sularının minerallaşma dərəcəsinin əvvəlki illə müqayisəsi və dinamikası da təhlil edilmişdir.

HGMXİ-nin qarşısında duran prioritet vəzifələrdən biri də respublikamızın işğaldan azad olunmuş ərazilərindəki kənd təsərrüfatına yararlı suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin öyrənilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsidir.

Bu məqsədlə "İşğaldan azad olunmuş ərazilərdə suvarılan torpaqlarda hidrogeoloji-meliorativ xidmətin təşkili" haqqında HGMXİ-nin 03 saylı, 01 fevral 2022-ci il tarixli əmri ilə işğaldan azad olunmuş ərazilərdə suvarılan torpaqlarda hidrogeoloji-meliorativ vəziyyətinin öyrənilməsi məqsədilə sahələrin xəritələşməsi, məlumat bazasının formalaşdırılması, mütəmadi monitorinqin təşkilinə hazırlıq işlərinin görülməsi, meliorativ vəziyyətin yaxşılaşdırılma tədbirlərinin effektivliyinin yoxlanılması və dayanıqlı metodlarının torpaq istifadəçilərinə öyrədilməsi istiqamətində təkliflərin hazırlanması nəzərdə tutulmuşdur. Eyni zamanda, əmrin icrası ilə əlaqədar hazırda əsasən Şərqi Zəngəzur iqtisadi zonasını özündə birləşdirən hidrogeoloji-meliorativ xidmətin təşkil olunduğu ərazilər Ağdam 35 400 hektar, Füzuli 27 199 hektar və işğaldan azad edilmiş 138 574 hektar (o, cümlədən: Ağdam 34 771 hektar, Qubadlı 14 956 hektar, Laçın 10 466 hektar, Füzuli 46 230 hektar, Cəbrayıl 320 495 hektar, Kəlbəcər 3 952 hektar) ümumilikdə 201 173 hektar suvarılan torpaq sahələrində hidrogeoloji-meliorativ vəziyyətin öyrənilməsi məqsədilə "Arazboyu" Regional Zonası üzrə müvafiq sahə yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli, Sərəncamı ilə təsdiq edilmiş "Su Ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı"na əlavə olunmuş, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, deqradasiyasına və səhralaşmasına qarşı mübarizəsi ilə bağlı 8-ci bəndinin 8.1 (meliorativ vəziyyətin yaxşılaşdırılması, həyata keçirilən torpaq sahələrinin xəritələşdirilməsi, məlumat bazasının formalaşdırılması, mütəmadi monitorinqinin təşkili, yaxşılaşdırma tədbirlərinin effektivliyinin yoxlanması və dayanıqlı inkişaf təcrübəsi metodlarının torpaq istifadəçilərinə öyrədilməsi) bəndinin icrası da qarşıda duran əsas vəzifələrdən biridir.

Qarşıda duran vəzifənin əhəmiyyətini və işin vaxtında başa çatdırılmasının vacibliyini nəzərə alaraq HGMXİ tərəfindən əsaslı təmir planında nəzərdə tutulmuş vəsait hesabına 17 863 hektar yeni suvarılan sahələrdə rejim müşahidə quyuları qazılaraq müşahidə işlərinə başlanılmışdır.

Görülən tədbirlərin nəticələri göstərir ki, son dövrdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirdiyi genişmiqyaslı kompleks tədbirlər, suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin yaxşılaşmasında da özünü büruzə verir və bu hal yüksək xətlə davam etməkdədir.

Saleh SADIQOV,

Azərbaycan Meliorasiya və

Su Təsərrüfatı ASC-nin

Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin rəisi,

 respublikanın Əməkdar mühəndisi.