Türk jurnalist: Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq  nüfuzunu artırır
MÜSAHİBƏLƏR

Türk jurnalist: Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq  nüfuzunu artırır

"Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu müasir dünyanı narahat edən problemlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir.

Bunu AZƏRTAC-a açıqlamasında tanınmış türk jurnalist, "Ulusal" kanalın siyasi şərhçisi Yakup Aslan deyib.

O bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Forumda iştirak edənlər böyük siyasi nüfuza malik şəxslərdir. İştirakçıların tədbirdə söylədikləri fikirlər və qlobal problemlərin aradan qaldırılması üçün irəli sürdükləri təkliflər beynəlxalq aləmdə ictimai fikrə təsir göstərir. Bu fikirlərin Azərbaycanda səslənməsi onun dünya birliyində layiqli yerinin olduğunu deməyə əsas verir. Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirlər onun qlobal siyasi proseslərə müsbət təsir göstərmək niyyətindən xəbər verir.

"Son illərdə Azərbaycan çox mühüm irəliləyişlərə nail olub. Ölkəniz uzun illər Ermənistan işğalı altında qalan ərazilərini - Qarabağı azad etməklə beynəlxalq ədaləti bərpa etdi, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına əsaslı töhfə verdi. Prezident İlham Əliyevin regionda təhlükəsizliyin təmin olunması istiqamətində atdığı siyasi addımlar dünya dövlətlərinin diqqətindən yayınmır. Dünyada baş verən gərgin siyasi proseslər fonunda sülhə can ataraq ona nail olmaq Azərbaycan Prezidentinin iradəsindən, inkişaf və tərəqqi yönümlü siyasət yürütdüyünü nümayiş etdirir", - deyə jurnalist vurğulayıb.

O deyib ki, X Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq nüfuzunu artırır və beynəlxalq təşkilatlardakı mövqeyini möhkəmləndirir. Bu Forum dünyada siyasi dialoqun əhəmiyyətini bir daha vurğulayır. Bu tədbirin BMT tərəfindən dəstəklənməsi təsadüfi deyil.