Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına növbəti dəfə hüquqi sənədlər təqdim olunub
Diaspora

Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına növbəti dəfə hüquqi sənədlər təqdim olunub

İstanbul

1990-cı illərin əvvəllərində Türkiyəyə köç etmiş bir çox Azərbaycan vətəndaşı  sənədlərinin olmadığı üçün yaşadıqları yerdə bir sıra hüquqlardan məhrum olublar.  Azərbaycan vətəndaşlığını itirən və Türkiyə vətəndaşlığını da ala bilməyən bu şəxslər etibarsız kimlik sənədləri ilə gəzmək məcburiyyətində qalıblar.  Azərbaycanlıların uşaqları şəxsiyyətlərini təsdiq edən sənədə sahib olmadıqları üçün onlar da valideynləri kimi hüquq və azadlıqlardan və təhsil almaqdan belə  məhrum qalıblar. Bu şəxslərin, eyni zamanda nikah qeydi, iş müqaviləsi, tibbi və hüquqi yardım almaq kimi  imkanları da olmayıb. Vətəndaşlıqlarını itirmiş və Türkiyə vətəndaşlığı ala bilməyən azərbaycanlılar sənədləri olmadığı üçün vətənlərinə də geri dönə bilməyiblər.

Bununla bağlı 2021-ci ildən, Azərbaycan Respublikası hökuməti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Türkiyədə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına  zəruri konsulluq və digər hüquqi yardımın göstərilməsi məqsədilə müvafiq tədbirlər planı həyata keçirilir. Məsələ üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb və Türkiyə tərəfi ilə razılaşdırılaraq vətəndaşlarımıza müvafiq yardımın göstərilməsi üçün 2022-ci ilin oktyabr ayından etibarən İstanbul şəhərinə səfərlər edib.

Səfərlər çərçivəsində ölkəmizin İstanbul şəhərindəki Baş konsulluğunda vətəndaşlarımızla müsahibələr, onlara zəruri konsulluq və hüquqi yardımın göstərilməsi həyata keçirilib.

Ötən həftə dekabr ayının 16-da İşçi Qrupu tərəfindən konsulluq xidmətləri göstərilmiş vətəndaşlara, ölkəmizin İstanbul şəhərindəki Baş konsulluğunda növbəti dəfə sənədlərin təqdim olunması mərasimi təşkil edilib.

Ümumilikdə layihə çərçivəsində indiyə qədər 6650 nəfərin müraciəti cavablandırılıb, onlardan 3284 nəfərin pasport rəsmiləşdirilməsi, 695 nəfərin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi, 522 nəfərin fərdi identifikasiya nömrəsinin əldə olunması üzrə sorğuları icraata yönəldilib və 48 nəfər şəxsdən bioloji valideynlik analizi götürülüb. 522 konsulluq əməliyyatı (subaylıq arayışı, doğumun qeydə alınması, nikahın qeydə alınması, tərcümənin təsdiqi və atalığın müəyyən edilməsi) həyata keçirilib. Bununla yanaşı, 1579 şəxsin müraciəti ilə bağlı müvafiq maarifləndirmə işləri aparılıb.

Göstərilən konsulluq və hüquqi yardım vətəndaşlar tərəfindən rəğbətlə qarşılanıb.

İllərdir Türkiyənin müxtəlif şəhərlərində sənədsiz yaşayan və nəhayət pasport alan vətəndaşların sevinci yerə-göyə sığmayıb. Hüquqi sənədlərini alan vətəndaşlarımız illərdən bəri həllini gözləyən problemə son qoyulmasına görə dövlətimizə dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Türkiyədə yaşayan azərbaycanlıların ümumvətəndaş pasportu ilə təmin edilməsi üçün İşçi Qrupun fəaliyyəti davam edir. Növbədə olan vətəndaşlara da 2024-cü ildə sənədləri təqdim olunacaq.  İşçi Qrupun İstanbul şəhərinə növbəti səfərləri ilə bağlı elan Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulluğunun və Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsində, eləcə də sosial şəbəkə hesablarında dərc olunacaq.

Esmira YAZKAN ASLANOVA,

"Respublika"qəzetinin

Türkiyə üzrə müxbiri.