“Türklüyün varlığı bu köhnəlmiş dünyaya yeni üfüqlər açacaq”
Siyasət

“Türklüyün varlığı bu köhnəlmiş dünyaya yeni üfüqlər açacaq”

Müharibə Şərqi Avropa və Yaxın Şərq regionlarını ağuşuna alıb. Dünyanın əksər bölgələrində qarşıdurmalar davam edir. Bu proseslər isə supergüclərin mövqeyinə əhəmiyyətli təsir göstərir.

Rusiya, Birləşmiş Ştatlar və Avropa ölkələri uzun müddətdir Ukraynada hökm sürən xaotik vəziyyətdən dolayı güc itirir. Çin isə mövcud geosiyasi vəziyyətdən istifadə edərək fövqəldövlət olmaq yolunda irəliləyir. Qlobal miqyasda yaranan yeni reallıqlar türkdilli dövlətlər üçün də mühüm perspektivlər vəd edir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın daxil olduğu Türk Dövlətləri Təşkilatı regional güc mərkəzi kimi özünü təsdiq edir.

İlk növbədə buna səbəb odur ki, türkdilli ölkələr arasında əməkdaşlıq kəskin dini, siyasi qütbləşmənin, millətçi əhvali-ruhiyyədən yaranan birlik modeli deyil. Bu, daha çox dünyanın yeni çağırışlarına adekvat cavab verən, çox strateji məqamları özündə ehtiva edən sivil əməkdaşlıq formatıdır. Quruma üzv ölkələr arasında siyasi, iqtisadi və sosial sahələrdə əməkdaşlıq inkişaf edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyətimiz xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir. Türk ölkələrinin birliyinin bu səviyyəyə çatmasının tarixi proseslərin nəticəsi olduğunu da qeyd etmək lazımdır. Çünki hələ 1988-ci ildə Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevin rəhbərliyi ilə keçirilən sessiyada "31 Dekabr - Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü" haqqında qərar qəbul olunub, Ulu Öndərin təşəbbüsü ilə 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayı təşkil edilib, Azərbaycan və türk diaspor təşkilatlarının I Forumu keçirilib, Türkdilli Dövlətlərin Parlament Assambleyası yaradılıb. Bunlar türk dünyasının yaxınlaşması üçün atılan addımların ilki hesab olunmalıdır. Birliyə Türkiyə İstiqlaliyyət müharibəsinin öndəri Mustafa Kamal Atatürkün də inamı böyük idi: "Türk Birliyinin bir gün gerçəkləşəcəyinə inanıram. Görməsəm də, bu xəyalla dünyaya gözlərimi bağlayacağam. Gələcəyin tarixi Türk Birliyi ilə yazılacaq və dünya öz dincliyini bu birlikdə tapacaq. Türklüyün varlığı bu köhnəlmiş dünyaya yeni üfüqlər açacaq. O zaman hər kəs günəşin və üfüqün nə demək olduğunu görəcək".

İndi rəsmi Bakı və Ankaranın münasibətlərinin yüksək səviyyəyə çatması digər dövlətlər üçün yol xəritəsi rolunu oynayır, yeni dəyərlər sistemi formalaşır. Bu da yaxın gələcəkdə ölkələr arasında hərbi-siyasi tərəfdaşlığın müttəfiqlik səviyyəsinə çatmasını qaçılmaz edir. Bu məsələlər mütəmadi olaraq türkdilli dövlətlərin liderlərinin təşkilata üzv ölkələrə etdikləri səfərlərdə gündəmə gətirilir. İmzalanan hər bir sənəd münasibətlərin inkişafında hüquqi baza rolunu oynayır. Bu baxımdan, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin martın 11-də Azərbaycana dövlət səfəri də xüsusi əhəmiyyət kəsb edir.

Dövlət başçımız həmkarı ilə mətbuata çıxışı zamanı bildirib ki, iki ölkə müstəqil olaraq artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda aktiv fəaliyyət göstərir. Son vaxtlar səfərlərin dinamikası isə olduqca illüstrativdir və bu, münasibətlərə yeni dinamizm verildiyini göstərir. Prezident İlham Əliyev onu da qeyd edib ki, qarşılıqlı iqtisadi-ticari fəaliyyət sahəsi böyük inkişaf potensialına malikdir. Həqiqətən də iki ölkə arasında əlaqələr uğurlu keçid dövrü yaşayır. SOCAR ilə "KazMunayGaz" arasında ötən il imzalanan yol xəritəsi münasibətlərin dərinləşdirilməsi üçün geniş imkanlar yaradır. Belə ki, iki şirkətin əldə etdiyi razılaşmaya əsasən 2023-cü ilin mart ayından başlayaraq Qazaxıstanda hasil olunan neftin 1,5 milyon tonu Aktau-Bakı-Ceyhan marşrutu ilə Avropaya ixrac edilir. Asiyadan Avropaya və əks istiqamətə yüklərin tranzit daşınmasında da Astana ilə Bakı əməkdaşlıq edir. Hər iki ölkənin coğrafi mövqeyi nəqliyyat-tranzit sahəsindəki əməkdaşlıq əlaqələrini şərtləndirir. Bu baxımdan, təsadüfi deyil ki, Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu ilə daşınan tranzit yüklərin həcmi 6 milyon tona çatıb. Üstəlik, dəmir yollarının ümumi uzunluğunun artırılması yaxın gələcəkdə daha çox yük daşınmasına imkan yaradacaq. Kasım-Jomart Tokayevin Bakı səfəri Orta Dəhlizin ön plana çıxarılması kontekstində də xüsusi əhəmiyyətə malikdir. Belə ki, hər iki ölkənin dövlət başçısı Çinin Sian terminalından Abşeron stansiyasına konteyner qatarının gəlişini izləməklə bu marşrutun işlək və effektiv olduğunu nümayiş etdirib. Amma Astana-Bakı strateji müttəfiqliyinin əldə edilməsinin ən önəmli xüsusiyyəti bunun Türk Dövlətləri Təşkilatının inkişafı baxımından əhəmiyyətli olmasıdır. Çünki təşkilata üzv ölkələrin fərqli bloklarda təmsil olunması sözügedən qurumun çətiri altında strateji-hərbi müstəvidə kollektiv müqavilələrə ehtiyatlı yanaşmaya səbəb olur. Buna görə də təşkilatın daxilində ikitərəfli müqavilələrin imzalanması və bunun alyansın birliyi üçün istifadə edilməsi müsbət hadisədir. Bakıda səsləndirilən fikirlər də hər iki tərəfdə bunun üçün siyasi iradənin olduğunu göstərir.

Jalə QASIMZADƏ,

"Respublika".