Ukrayna nəşri Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının nazirlər görüşündəki çıxışına geniş yer ayırıb
Dünya xəbərləri

Ukrayna nəşri Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının nazirlər görüşündəki çıxışına geniş yer ayırıb

Ukraynanın nüfuzlu “Yevropeyskaya Pravda” nəşri Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışına geniş yer ayırıb.

AZƏRTAC-ın materialı əsasında dərc edilən məqalədə Prezident İlham Əliyevə istinadla qeyd olunur ki, əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir.

Yazıda dövlətimizin başçısının, həmçinin bu fikirləri oxucuların diqqətinə çatdırılıb: “Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib. Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur”.

AZƏRTAC