DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

TÜRKİYƏ ORDUSU HƏRBİ ƏMƏLİYYATLAR ÜÇÜN SON HAZIRLIQLARI TAMAMLAYIR

Rəsmi Ankaranın İraqla son müzakirələri Türkiyə silahlı qüvvələrinin genişmiqyaslı hərbi əməliyyatlarının önünü açıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu türkiyəli analitik Can Acun bəyan edib. O, mövsümi şərtlərin İraqda irimiqyaslı əməliyyatlara zəmin yaratdığını vurğulayıb.

“Bağdadla son danışıqlar Türkiyənin daha əhatəli əməliyyatlar təşkil etməsinə şərait yaradıb. Türkiyə ilə İraqın siyasi, hərbi və iqtisadi maraqları bir-birinə yaxınlaşarkən, burada İranın münasibəti də önəmli olacaq. İran Bağdada mənfi təsir göstərməsə, iki ölkənin terrorla mübarizədə əməkdaşlıq etməsi mümkündür”, - deyə analitik qeyd edib.

Xalqların Bərabərlik və Demokratiya Partiyası (HDP) ilə PKK terror təşkilatı arasındakı əlaqələrdən danışan Can Acun PKK-nın bələdiyyələrdən logistika kimi istifadə etdiyinə diqqət çəkib.

Eyni zamanda, analitik qarşıdakı əməliyyatların İraq-Türkiyə sərhədini terrordan tam təmizləyəcəyini də diqqətə çatdırıb.

DEVİD KEMERON QƏZZADAKI SON HADİSƏLƏRƏ MÜNASİBƏT BİLDİRİB

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron İsrailin 7  nəfərin ölümü ilə nəticələnən humanitar yardım karvanına endirdiyi zərbədən sonra bu ölkəni beynəlxalq  qanunlara hörmət etməyə çağırıb. “TRT” telekanalının xəbərinə görə, bu barədə XİN başçısı “The Sunday Times” qəzeti üçün yazdığı məqalədə qeyd edib.

“World Central Kitchen” beynəlxalq yardım təşkilatının əməkdaşlarına hücuma toxunan Devid Kemeron üç Böyük Britaniya vətəndaşının həyatını itirdiyinə diqqət çəkib.

Bununla yanaşı, İsrailin səhvini qəbul edib məsuliyyəti öz üzərinə götürdüyünü vurğulayan Devid Kemeron bunun bir daha təkrarlanmamasının vacibliyini bildirib.

Devid Kemeron Qəzzaya yeni yardım dəhlizlərinin açılacağı və yardımların daha çox sərhəd qapısından bölgəyə daxil olacağı ilə bağlı xəbərin sevindirici olduğunu bəyan edib.

İsrailin özünümüdafiə haqqına dəstək verdiklərini qeyd edən Devid Kemeron deyib: “Əlbəttə ki, dəstəyimiz şərtsiz deyil. İsraildən beynəlxalq humanitar hüquqa əməl etməsini gözləyirik”.

CƏNUBİ KOREYA VƏ ABŞ KXDR-LƏ BAĞLI DANIŞIQLAR APARACAQ

Cənubi Koreya və ABŞ bu həftə təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, Şimali Koreyanın nüvə və raket təhdidlərinin qarşısının alınması yollarını müzakirə edəcəklər. Bu barədə “İnterfaks” agentliyi xəbər verib.

Məlumata əsasən, Koreya-Amerika İnteqrasiya Müdafiə Dialoqu cümə axşamı Vaşinqtonda keçiriləcək. Qeyd olunur ki, danışıqlar zamanı müttəfiqlər ötən ilin noyabrında ölkə rəhbərləri tərəfindən təsdiqlənmiş “ABŞ və Koreya Respublikası İttifaqının müdafiə sahəsində Konsepsiyasının” həyata keçirilməsi yollarını müzakirə etməyi planlaşdırırlar.

Bildirilir ki, konsepsiya Şimali Koreyaya qarşı “genişləndirilmiş çəkindirmə” səylərinin gücləndirilməsini və həmfikir tərəfdaşlarla regional təhlükəsizlik əməkdaşlığının gücləndirilməsini əhatə edir.

Danışıqlarda Cənubi Koreyanın müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Ço Çanq Re, ABŞ müdafiə nazirinin Hind-Sakit Okean bölgəsindəki təhlükəsizlik məsələləri üzrə köməkçisi Eli Ratner və müdafiə nazirinin Şərqi Asiya üzrə köməkçisinin müavini vəzifəsini icra edən Endryu Uinternis iştirak edəcəklər.

10,7 MİLYON DOLLARLIQ QIZIL QAÇAQMALÇILIĞININ QARŞISI ALINIB

Honq-Konqun Gömrük Xidməti hava kompressoru hissələri kimi gizlədilmiş qızıl yükü aşkar edib. “Report” agentliyinin xəbərinə görə, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.

Qaçaqmalçılıq yolu ilə gətirilən qızılın dəyəri rekord həddə - 84 milyon Honq-Konq dolları (təxminən 10,7 milyon ABŞ dolları) səviyyəsində qiymətləndirilir.

Xəbər verilir ki, sənədlərə əsasən, Honq-Konq hava limanından Yaponiyaya göndərilmək üçün hazırlanan yükdə ümumi çəkisi 775 kiloqram təşkil edən iki hava kompressoru olub. Gömrükçülər rentgen müayinəsindən sonra yükə baxış keçirmək qərarına gəliblər.

Məlumata görə, yükü göndərən şirkətin 31 yaşlı direktoru saxlanılıb. Sonradan aparılan yoxlamalar göstərib ki, müəssisə heç bir sahibkarlıq fəaliyyəti həyata keçirmir. Şirkət direktorunu 7 ilə qədər həbs və 2 milyon Honq-Konq dolları (təxminən 256,4 min ABŞ dolları) məbləğində cərimə gözləyir.

ABŞ MALİYYƏ NAZİRLİYİNDƏN ÇİN BANKLARINA SANKSİYA XƏBƏRDARLIĞI

ABŞ-ın maliyyə naziri Canet Yellen Çin banklarını Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına maddi dəstək göstərəcəkləri təqdirdə sanksiyalarla hədələyib. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, söhbət rəsmi Pekinin ABŞ dollarına çıxışını əngəlləməkdən gedir.

Həmçinin bildirilir ki, ABŞ-ın maliyyə naziri Çin banklarına xəbərdarlıq edib: “Rusiya müdafiə sənayesinə hərbi və ya ikili təyinatlı malların tədarükünə imkan verən istənilən banklar özlərini riskə məruz qoyurlar”.

Agentlik vurğulayıb ki, ABŞ Maliyyə Nazirliyinin beynəlxalq səviyyədə fəaliyyət göstərən banklara münasibətdə əsas silahı onların dollara çıxışını əngəlləmək qabiliyyətidir.

Çin əvvəllər də xəbərdarlıqların hədəfi olsa da, amerikalı nazirin Pekində verdiyi mesaj birbaşa sanksiyalar təhlükəsini ehtiva etməsi baxımından diqqət çəkir. Həmçinin bu açıqlama Rusiya xarici işlər naziri Sergey Lavrovun Çinə səfər etdiyi günə təsadüf edib. Çin müharibə ilə bağlı mövqeyinin bitərəf olduğunu bildirsə də, tez-tez ABŞ tərəfindən Rusiya ilə işbirliyində ittiham olunur.

FRANSADA MERİN EVİNDƏ 70 KİLOQRAM NARKOTİK VASİTƏ AŞKARLANIB

Fransanın Burqundiya əyalətinin Yonna departamentinin Avallon şəhər merinin evində 70 kiloqram narkotik vasitə olan çətənə aşkar edlib. Bu barədə “BFMTV” telekanalı məlumat yayıb.

Xəbər verilir ki, narkotiklər Fransanın bir neçə şəhərində əvvəllər başlanmış narkotiklərlə mübarizə əməliyyatlarından biri çərçivəsində merin evinin yardımçı tikilisində tapılıb. Hüquq-mühafizə orqanları daha əvvəl siyasətçinin qardaşının qadağan olunmuş maddələr satdığını müəyyən ediblər.

Qeyd edək ki, bu həftə Fransa hakimiyyəti üç böyük şəhərdə - Tuluza, Strasburq və Nantda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üçün genişmiqyaslı əməliyyatlara başlayıb.

Fransa prezidenti Emmanuel Makron martın 19-da cinayətkar qruplaşmalar arasında toqquşmaların sayının artması fonunda Marseldə narkotik ticarəti ilə mübarizə üçün “görünməmiş” əməliyyat elan edib.

İLON MASK MARSA BİR MİLYON İNSAN GÖNDƏRMƏK İSTƏYİR

“SpaceX” şirkəti rəhbəri İlon Maskın çıxış etdiyi böyük təqdimat mərasimi keçirib. “Report” agentliyinin xəbərinə görə, iş adamı “SpaceX”in gələcəyi barədə fikirlərini, həmçinin Mars planetində məskunlaşma ilə bağlı təxmini planlarını bölüşüb.

Milyarderin sözlərinə görə, nəhəng “Starship 3” raketi Marsın kolonizasiyası üçün baza rolunu oynayacaq. O, yeni nəsil “Raptor” mühərriki ilə təchiz edilib və bunun sayəsində raket 200 tona qədər yük daşıya biləcək.

Eyni zamanda, “SpaceX”in rəhbəri əlavə edib ki, Marsın mənimsənilməsi şirkətə təxminən 20 ilə başa gələcək. Onun sözlərinə görə, bu müddət ərzində bir milyona yaxın insan qırmızı planetə göndərilə bilər ki, bu da özünü təmin edən müstəmləkə şəhəri yaratmaq üçün kifayətdir.

İlon Mask gəmilərin təxminən iki ildən bir Marsa getməsini istəyir. Bu qanunauyğunluq müstəmləkəçilərə təkcə müntəzəm resurs tədarükü ilə deyil, həm də Yerə qayıtmaq imkanı verəcək. Bununla yanaşı, o, hesab edir ki, Marsın yeni sakinlərinin əksəriyyəti ilkin mərhələdə hələ Yer planetinə qayıda bilməyəcəklər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.