Ulu Öndərə əbədi sevgi işığında
Siyasət

Ulu Öndərə əbədi sevgi işığında

Heydər Əliyev Fondunun uğurları

Hər bir xalqın taleyüklü anlarında lider böyük rol oynayır. Çünki insanları müqəddəs amallar uğrunda ətrafında birləşdirməyə və həyati əhəmiyyət daşıyan vaxtlarda qətiyyətli addımlar atmağa qadir lider olmadan işıqlı yola çıxmaq mümkünsüzdür. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra düşdüyü fəlakətli vəziyyət məhz lidersizliyin nəticəsi idi. Həmin ağır, təlatümlü günlərdə xalqın onu sevən, qayğılarını və gələcəyini düşünən həqiqi liderə ciddi ehtiyacı vardı.

Sirr deyil ki, dahi şəxsiyyət Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından sonra xalqımızın başı üzərində qara buludlar dolaşmağa başladı. Ulu öndərin Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verməsindən sonra xalqımız milli faciələr yaşadı. Məhz bundan sonra Kreml kluarlarında fəallaşan ermənilər havadarlarının dəstəyi ilə Azərbaycana qarşı çirkin, işğalçı və cinayətkar fəaliyyətə başladılar.

1987-ci ildə artıq Heydər Əliyev siyasi səhnədə deyildi və xalqımıza qarşı diskriminasiya siyasəti açıq şəkildə göründü. Ulu Öndərin hakimiyyətdən getməsindən iki həftə keçməmiş erməni millətçiləri beynəlxalq və sovet mətbuatında "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi məsələsini qaldırdılar.

Qərbi Azərbaycanda tarixi torpaqlarında yaşayan 150 mindən artıq soydaşımızın deportasiyası, 20 Yanvar, Qarabağın işğalı, Xocalı soyqırımı kimi bəşəri faciələr lidersiz bir xalqın yaşadığı ağır fəlakətlər oldu. Azərbaycanın dahi övladı Heydər Əliyevin siyasi səhnədə olmaması nəticəsində 1990-cı ilin yanvarında xalqımız gülləbaran edildi və bu cinayəti gizlətmək məqsədilə İttifaq rəhbərliyinin birbaşa tapşırığı ilə ölkə informasiya blokadasına salındı.

Ümummilli Lider həyatını risk altına ataraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyindəki tarixi mətbuat konfransında Bakıya qoşun yeritmək qərarını bəşəri cinayət adlandırdı, eyni zamanda bu faciədə iştirak edənlərin cəzalandırılmasını tələb etdi. 20 Yanvar faciəsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla Vətənə olan sədaqətini nümayiş etdirdi və böyüklüyünü, liderliyini, xalqına dərin bağlılığını sübuta yetirdi.

Ötən əsrin sonlarında övladlarının qanı-canı bahasına tarixi müstəqilliyini qazanan Azərbaycan naşı, uğursuz xarici və daxili siyasətin fonunda azadlığının itirilməsi təhlükəsinin, necə deyərlər, bir addımlığında idi. Ölkəni bürüyən xaos, qanunların işləməməsi, humanitar böhran, sosial narazılıq vətəndaş itaətsizliyi ilə nəticələnmişdi. Hakimiyyət uğrunda gedən mübarizə ölkəni vətəndaş müharibəsi astanasına gətirmişdi. Qarabağ işğal olunur, Bakıda isə kreslo davası gedir, ölkə separatizm alovunda çabalayırdı.

Xalq çox gözəl anlayırdı ki, dağılmaqda olan ölkəni belə bir şəraitdə yalnız böyük siyasətçi Heydər Əliyev xilas edə bilər. Beləliklə, ümumxalq təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə gələn xalqın həqiqi lideri fövqəladə xidmətləri, qətiyyətli, cəsarətli qərarları ilə Azərbaycanı qorudu, bizə Vətənin vətəndaşı olmağın sevincini, qürurunu yaşatdı.

Ulu Öndər qısa müddət ərzində ölkəni xaosdan qurtardı, sabitliyi böyük çətinliklə bərqərar etdi, dövlət mexanizmini iflic vəziyyətindən çıxara bildi. Azərbaycanın xarici siyasət kursunu dəyişərək ölkəmizi sivil dünyaya inteqrasiya etməklə respublikamızın gələcəyinə nəfəs verən neft müqavilələrini imzaladı, milli dirçəlişin maliyyə-iqtisadi əsaslarını yaratdı.

Bununla yanaşı, Ulu Öndər Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu prosesini sürətləndirdi, vətəndaş həmrəyliyinə, xalqın milli birliyinə nail oldu və Azərbaycanı yeni imicdə dünyaya təqdim etdi. Ordu quruculuğu prosesini fəaliyyətinin prioriteti seçən dahi şəxsiyyət nizami ordunun yaradılması ilə bağlı təxirəsalınmaz islahatlar gerçəkləşdirdi və bir neçə dəfə cəbhə xəttinə səfər edərək vəziyyəti yerində öyrəndi.

Peşəkar, vətənpərvər ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən biridir. Bu gün Azərbaycan taleyinin ən bəxtəvər günlərini yaşayır. Çünki Qarabağ azaddır, ölkəmiz Prezident İlham Əliyevin yenilməz sərkərdəliyi ilə ərazi bütövlüyünü tam təmin edərək erməni separatizminə, işğalına əbədi son qoyub. Ölkə sevinc və qürur içindədir. Azərbaycan Cənubi Qafqazın vahid siyasi, iqtisadi, hərbi güc mərkəzidir.

Bütün bu uğurlar Ulu Öndərin böyük siyasətinin məntiqi nəticəsidir. Tarixə Azərbaycan dövlətinin qurucusu və xilaskarı kimi möhür vurmuş Heydər Əliyev ölkəmizin ictimai-siyasi həyatında müstəsna rol oynamaqla əvəzsiz lider olduğunu bütün dünyaya sübut etdi və hər birimizin sevimlisinə, doğma insanına çevrilməklə tariximizin parlaq səhifəsini yaratdı. Bu gün xalqımızın sevimlisi fiziki olaraq sıramızda olmasa da, xalq, millət atası olaraq hər birimizin qəlbində yaşayır və əbədi yaşayacaqdır.

Ulu Öndərin xalqımızın milli-mənəvi sərvətinə çevrilmiş zəngin dövlətçilik irsi, fəaliyyəti dərindən öyrənilir, araşdırılır. Bu konsepsiya dövlətimizin inkişafının yol xəritəsinə çevrilib.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi, Ulu Öndərin əsasını qoyduğu ideya və strategiyaların, Dövlət proqramlarının öyrənilməsi, idarəçilikdə tətbiqi istiqamətində həyata keçirilən konfranslar, elmi simpoziumlar onun göstəricisidir ki, Ümummilli Liderimizin siyasi irsi milli ideologiyamızın inkişafının ən uğurlu mənbəyidir.

Xalqımızın xilaskar övladının siyasi irsinin öyrənilməsi, təbliği ilə bağlı Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Ulu Öndərin ruhuna dərin hörmət, ehtiram əlaməti olaraq 2004-cü ildə yaradılan Heydər Əliyev Fondu xalqımızın Ümummilli Liderinin azərbaycançılıq məfkurəsinin araşdırılmasında, onun ideyalarının təbliğində təkcə ölkəmizdə deyil, həm də qlobal arenada uğurlu, ideal platformaya çevrilib.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 20 ildir ki, fasiləsiz fəaliyyət göstərən, nəcib və humanist bəşəri dəyərlərə söykənən, xalqımızın zəngin mənəvi-əxlaqi irsini özündə əks etdirən Heydər Əliyev Fondu Azərbaycanın bu böyük övladının parlaq ideyalarının əbədi yaşaması üçün misilsiz xidmətlər göstərir.

Ölkəmizdə elə sahə tapılmaz ki, onun problemlərinin çözülməsində, aradan qaldırılmasında, inkişafında Heydər Əliyev Fondunun xidmətləri olmasın. Elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə Fondun gördüyü işlər inqilabi xarakter daşıyır, böyük məmnunluq doğurur.

Fondun fəaliyyət dairəsi yuxarıda qeyd etdiyimiz kimi, son dərəcə geniş və çoxşaxəlidir. Bu, dövlətimizin çiçəklənməsi, dünya birliyinə inteqrasiyası, xalqımızın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin öyrənilməsinə və təbliğinə dəstək verməkdir. Təsadüfi deyil ki, təsis olunduğu gündən etibarən Heydər Əliyev Fondu Azərbaycanın ictimai həyatında misilsiz rolunu nümayiş etdirərək özünü ölkədə analoqu olmayan bir təşkilat kimi təsdiq edib. Fondun həyata keçirdiyi sosial-mədəni işlər dövlətimizin inkişafına, Azərbaycanın dünyada öz layiqli yerini tutmasına yönəlib.

 Heydər Əliyev Fondu Azərbaycanda genişmiqyaslı və çoxtərəfli fəaliyyətlə yanaşı, uzun illərdir ki, müxtəlif layihələr həyata keçirir, beynəlxalq səviyyədə tərəfdaşlıq əlaqələrini inkişaf etdirir və bu təşəbbüslərin miqyası getdikcə genişlənir. Belə çoxaspektli fəaliyyət də mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına, humanitar sahədə ikitərəfli əlaqələrin dərinləşməsinə kömək edir.

2007-ci ildə Fond tərəfindən Ümumdünya İrs Siyahısına daxil edilmiş, Parisin Versal Sarayının parkında nümayiş etdirilən, lakin zaman və iqlim şəraiti ilə zədələnmiş iki abidənin bərpası həyata keçirilib. Digər mühüm layihə Strasburq Kafedralının XIV əsrə aid beş vitraj pəncərəsinin bərpasıdır.

Bundan başqa, Fond İtaliya və Vatikanda tarixi-mədəni abidələrin qorunması üçün də bir sıra layihələr həyata keçirib. 2016-cı ildə Vatikanda Müqəddəs Sebastianın katakombalarında bərpa işlərinə başlanılıb. Bu layihənin həyata keçirilməsi Heydər Əliyev Fondunun xristian dünyasının incəsənətinə və mənəvi dəyərlərinə töhfəsi kimi qiymətləndirilir və Azərbaycanın dinlər, mədəniyyətlər arasında dialoqun qurulmasındakı tarixi rolu ilə əlaqələndirilir. Fondun Romadakı digər layihəsi Kapitolin Muzeyindəki "Filosoflar Zalı"nın bərpasıdır.

2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Belçikanın Vaterloo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi ucaldılıb. Daha əvvəl, 2012-ci ildə Romanın məşhur Villa Borqeze parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi qoyulub. Heydər Əliyev Fondunun sayəsində Rusiyanın paytaxtında Azərbaycanın görkəmli şəxsiyyətlərinin - İmadəddin Nəsiminin və Mirzə Fətəli Axundovun şərəfinə abidə ucaldılıb.

Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən, Bolqarıstan və Şərqi Avropada tarixi turizm mərkəzlərindən biri olan "Trapezitsa" Memarlıq-Muzey Qoruğu Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilib. Fond tarixi abidədə 158 metr uzunluğunda qərb divarının konservasiyası və bərpasını, 880 metr uzunluğunda turizm xiyabanının salınmasını, mədəni irs mərkəzinin yaradılmasını, ərazidəki orta əsrlərə aid 3 kilsənin təmiri və konservasiyasını həyata keçirib. 2016-cı ildə Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva bu nadir qoruğun açılış mərasimində iştirak ediblər.

Bütün bu layihələr bir daha nümayiş etdirir ki, Azərbaycan müxtəlif xalqlar və mədəniyyətlər arasında əməkdaşlığın möhkəmləndirilməsi və səmərəli dialoqun təşviqi istiqamətində gördüyü işlərlə bütün dünyada sülh və təhlükəsizliyə töhfə verir, mədəni müxtəliflik dəyərlərini təbliğ edir, qarşılıqlı anlaşmanın, multikulturalizmin və sivilizasiyalararası dialoqun təşviqində mühüm rol oynayır.

Eyni zamanda Azərbaycan həqiqətlərinin dünyada təbliği istiqamətində Fondun xidmətləri əvəzsizdir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət" beynəlxalq kampaniyası soyqırımın dünya ictimaiyyətinə tanıdılmasında mühüm xidmətlər göstərib. Bundan başqa, 44 günlük Vətən müharibəsində və ərazi bütövlüyümüzün tam bərpası ilə nəticələnən antiterror tədbirləri zamanı informasiya savaşında Heydər Əliyev Fondunun nümunəvi fəaliyyəti hamımızı qürurlandırdı.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu gün, hər şeydən əvvəl, son ümid yeri, xeyirxah aksiyaların, marafonların məkanı, insanlığın, xeyirin şərə qalib gəlməsi, nicat qapısıdır.

Ümummilli lider Heydər Əliyev də xalqın son ümid yeri, xilaskarı idi. Zülmətləri yararaq xalqımızı aydınlığa, işığa aparan dahi şəxsiyyət Azərbaycan və hər bir azərbaycanlı üçün təkcə xilaskar olmadı, həm də valideyn, qayğıkeş, nümunəvi ata oldu. Ona görə də xalqın Heydər Əliyev sevgisi əbədi və tükənməzdir.

Ümumbəşəri dəyər olan Heydər Əliyevin əziz xatirəsini yaşatmaq, nəsildən-nəslə ötürmək hər birimizin borcu, əsas vəzifəsi olmalıdır. Bu xalq ona görə ayaq üstədir və ona görə qüdrətli dövləti var ki, onun Heydər Əliyev kimi övladı olub.

Bu, bir Tanrı lütfüdür!

Amin İSMAYILOV,

AMEA-nın müxbir üzvü, professor,

YAP İdarə Heyətinin üzvü.