Uluxanlı, Zəngi çayı üçün darıxırıq
Digər xəbərlər

Uluxanlı, Zəngi çayı üçün darıxırıq

Ermənistan adlanan Qərbi Azərbaycan ərazilərində haylar son 200 ildə analoqu olmayan terror hadisələri qanlı faciələr törətmişlər.

1872-1881-ci illərdə Türkiyədə gizli erməni təşkilatı, 1887-ci ildə "Hnçaq", 1890-cı ildə "Daşnaksütyun" partiyası yaradılıb. Ermənilər Türkiyə və İrana qarşı mübarizə aparan Rusiya hökumətinə müxtəlif yollarla kömək edib, Türkiyənin məğlubiyyətinə çalışmışlar. Ermənilərin "xidməti"nin əvəzində Rusiya hökuməti tərəfindən 1828-ci ildə İrandan 40 min, 1829-cu ildə Türkiyədən 90 min erməni İrəvan-Naxçıvan xanlığı ərazisində və Qərbi Azərbaycanın digər bölgələrində yerləşdirildi.

Ermənilər çox keçmədən Qərbi Azərbaycandakı müsəlmanları xüsusi amansızlıqla qətlə yetirdilər. Azərbaycanlıların çoxu İrana, Türkiyəyə qaçmalı oldu. 1905-1907-ci illərdə haylar Qərbi Azərbaycanda günahsız insanları işgəncə ilə qətlə yetirib, doğma yurdlarından qovdular. Müsəlmanların pərakəndə qırğınları ilə kifayətlənməyən ermənilər 1917-ci ilin may ayında Qarsda 35 min nəfərlik qoşun korpusu yaradaraq onları üç diviziyaya böldülər. Diviziyalara Arişyan başçı təyin olundu. Arişyan İrəvan ətrafındakı rayonları, Silikyan Göyçə gölü ətrafını, Andranik isə Zəngəzuru və sair yerləri zəbt etməli idi. Qeyd olunan ərazilərin kəndlərini dağıdıb, əhalisini qılınca çəkib qırmağa, damlara doldurub yandırmağa başladılar. Bu zaman İrəvanda 20 min müsəlman əhali qətlə yetirildi. İrəvan ətrafında olan rayonlarda 150 kənd dağıdılıb əhalisi məhv edildi. Tək Vedi rayonunda ermənilər 45 kəndi dağıdıb, əhalisini qırmaqla kifayətlənməyərək bu rayonun Millidərə, Çanaxçıdərə zonalarında 17 kəndin əhalisini damlara doldurub yandırdılar. Göyçə gölü ətrafındakı rayonlarda 150 kəndin əhalisi ermənilər tərəfindən qətlə yetirilmiş, doğma yerlərindən qovulmuşlar. Qərbi Azərbaycandakı Bayazit rayonunun Bığlı, Ağzıbir kəndlərinin əhalisi ermənilər tərəfindən güllələnmişdi.

1917-ci ilin iyun ayında Türkiyə erməniləri Stepan Şaumyanı özlərinə başçı seçdilər. Lenin isə 1917-ci ilin 29 dekabrında dekret qəbul edib erməniləri müsəlmanlardan müdafiə adı ilə qoşun hissəsi təşkil etməyə şərait yaratdı. Şaumyan özü isə türkiyəli Hamazaspın komandanlığı ilə 2500 nəfərlik diviziya yaradıb Bakıda, Bakıətrafı kəndlərdə, eləcə də Qərbi Azərbaycanın müxtəlif ərazilərində on minlərlə azərbaycanlını amansızlıqla qətlə yetirdi.

Kollektivləşmə zamanı kolxoza yazılmaqdan boyun qaçırdıqlarına görə və digər bəhanələrlə Qərbi Azərbaycanın Basarkeçər rayonundan bir gecədə 157 nəfər həbs edildi. Vedi, Zəngibasar və başqa rayonlarda da bu cür ədalətsiz həbslər təşkil edildi. 1942-ci ilin oktyabr ayında Basarkeçərin kolxoz bazarında minlərlə əhalinin gözü qarşısında 18 nəfər azərbaycanlı güllələndi.

Ermənilər 1948-1953-cü illərdə bir çox tədbirlər görsələr də, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın kəskin mübarizəsi nəticəsində azərbaycanlıların kökünü Ermənistandan kəsə bilmədilər. Ermənilərin xəyanəti nəticəsində 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Qərbi Azərbaycandan qovuldu. Onların bir çoxu dağ şəraitində yaşadıqlarından isti aran zonasına dözə bilməyib məhv oldular. 1953-cü ilin əvvəllərinə kimi köçürülmə davam etdirildi. İ.Stalinin ölümündən sonra bu genosid siyasət dayandırıldı.

Qərbi Azərbaycanın Zəngibasar (Masis) rayonu türklərin qədim yaşayış məskənlərindən biri idi. İrəvan şəhərindən 20 kilometrlik məsafədə, İrəvan-Naxçıvan-Bakı - dəmiryol xəttinin üstündə Zəngi çayının sol tərəfində yerləşirdi. Ermənilər Uluxanlı mahalının adını düz dörd dəfə dəyişdirmişlər. 1920-ci illərdə Uluxanlı adı dəyişdirilərək Nəriman Nərimanovun şərəfinə Nərimanlı, 1937-ci il dekabrın 31-də yenidən dəyişdirilərək Zəngibasar adlandırılmışdır. 1950-ci ildə rayonun adı Masislə əvəz edilmişdir.

Zəngibasar rayonu qurulan zaman orada 32 kəndin 21-də ancaq türklər, 6-da çoxu türklər olmaqla ermənilər qarışıq, 5 kənddə isə ancaq ermənilər (haylar) yaşamışlar. Zəhmət kəndi rayonun füsunkar, flora və faunası ilə diqqəti cəlb edən yaşayış məntəqələrindən biri idi.

1988-ci ilin payızında ermənilərin xəyanəti, xüsusilə M.Qorbaçovun satqınlığı nəticəsində Qərbi Azərbaycandakı soydaşlarımız yenidən deportasiyaya məruz qaldılar. 300 min soydaşımız məcburən öz ata-baba torpaqlarını tərk etdi. Köç karvanlarına zəngibasarlılar da qoşuldular. Onların ev-eşikləri haylar tərəfindən darmadağın edildi, çoxları doğma yurdlarını işgəncə və zülmlə tərk etdilər.

Əminliklə deyə bilərəm ki, qoyub gəldiyimiz heç vaxt ermənilərə qismət olmayacaq. Vətən müharibəsində tarixi qələbə qazandıq. Paşinyan və onun komandası qüdrətli Azərbaycan ordusu tərəfindən ağır məğlubiyyətə uğradı. Haylar "dəmir yumruğ"un qarşısında duruş gətirə bilmədilər.

Qərbi azərbaycanlılar əzəli yurd yerlərinə dönmək əzmindədirlər. Bu məqsədlə Qərbi Azərbaycan İcmasında geniş iş aparılır. Haqq səsimiz dünyaya çatdırılır. Zəngibasarlıların gözləri ata-baba yurdlarına dikilib. Könlümdən düşmən tapdağında olan yurd yerlərimizi görmək keçir, Uluxanlı, nəğməli Zəngi çayı üçün darıxıram...

Natella MƏMMƏDOVA,

274 saylı məktəbin müəllimi.