Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq
Türk dünyası

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq

''Azərbaycan və Türkiyə mədəni, tarixi sahələrdə çoxşaxəli layihələr həyata keçirəcək''. Bu fikri Ankarada səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil Kərimli media nümayəndələrinə açıqlamasında vurğulayıb.

Ankarada Azərbaycan və Türkiyə hökumətlərinin mədəniyyət sahəsində əməkdaşlığına dair sazişi dəyərləndirən nazir bildirib ki, sənədin təməl prinsipləri həm də Şuşa Bəyannaməsinə əsaslanıb: "Eyni zamanda mədəniyyətin bütün sferaları üzrə qarşılıqlı işçi qrupları səviyyəsində yeni layihələrin icra olunması planlaşdırılıb. İlk görüşümüz Türkiyənin mədəniyyət və turizm naziri ilə oldu. İkitərəfli görüş çərçivəsində Türkiyə ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığın gələcək perspektivlərini müzakirə etdik, bu, çox önəmlidir. Eyni zamanda burada "Şuşa Mədəniyyət Günləri"nin açılışı da baş tutdu".

Adil Kərimli Ankarada Azərbaycan Mədəniyyət Mərkəzinin iş prinsipləri və gələcək fəaliyyəti ilə bağlı müzakirələr apardıqlarını da vurğulayıb: "Düşünürük ki, Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinə böyük ehtiyac var. Prezident cənab İlham Əliyevin bu barədə oktyabr ayında verdiyi Sərəncama əsasən artıq bu istiqamətdə fəaliyyətlərə başlanılıb. Azərbaycan mədəniyyətinin, tarixinin və dilinin təbliği işini genişləndirmək üçün Mədəniyyət Mərkəzinin əvəzsiz xidmətlərinin olacağına inanırıq". Nazir onu da qeyd edib ki, Mədəniyyət Mərkəzinin yaxın gələcəkdə fəaliyyətə başlayacağı gözlənilir.

Xatırladaq ki, Prezident İlham Əliyev oktyabr ayının 6-da Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan mədəniyyətinin, tarixinin və dilinin təbliği işini genişləndirmək məqsədilə Ankara şəhərində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması ilə bağlı Sərəncam imzalayıb.

"Şuşa Mədəniyyət Günləri" tədbiri çərçivəsində Ankarada  Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Türkiyə Prezident Administrasiyasının Kitabxanasında "Əziz Şəhər Şuşa" və  "Şuşa - zirvədən uca" kitablarının təqdimatı və fotosərgisi keçirilib. Tədbirdə  mədəniyyət naziri Adil Kərimli, Türkiyənin Azərbaycandakı səfiri Rəşad Məmmədov, "İrs" jurnalının redaktoru Musa Mərcanlı, "Paşa Həyat Sığorta" şirkətinin rəhbəri Niyaz İsmayılov, Azərbaycan Prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) sədri Sultan Raev, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım və digər qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən səfir Rəşad Məmmədov, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın Azərbaycan xalqı üçün mənəvi dəyərindən danışıb. Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov çıxışında,  təqdim edilən kitabların Şuşanın işğaldan azad edilməsindən sonra belə bir nəfis tərtibatda nəşr olunan ilk kitablar olduğunu və oxucular tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edib.

Türkiyə Respublikası Prezidentinin Baş müşaviri Yalçın Topçu Azərbaycanın Ümummilli Lideri, Türk dünyasının görkəmli dövlət xadimi Heydər Əliyevin sözlərinə istinad edərək, "Azərbaycanın mədəniyyət beşiyinin işğaldan azad olunması münasibətilə Türk dünyasını bir daha təbrik edib.

Sonra Şuşa şəhərində həyata keçirilən bərpa və yenidənqurma işlərini əks etdirən videoçarx nümayiş olunub. Bildirilib ki, "Şuşa - zirvədən uca" kitabında şəhərin qədim tarixi, mədəni həyatı, abidələri, işğal dövründə dağıntılara məruz qalması və azad edilməsi ilə bağlı faktlar və fotolar öz əksini tapıb. Tədbir iştirakçıları sonra  Türkiyənin Prezident Kitabxanasındakı Azərbaycan guşəsi ilə tanış olublar. Guşənin zənginləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizin tarix və mədəniyyətinə dair kitablar hədiyyə edilib.

Sonda Şuşa şəhərinin tarixi, abidələri, işğalı, azad edilməsi və burada dövlətimiz tərəfindən aparılan bərpa-quruculuq işlərini əks etdirən fotolardan ibarət sərgiyə baxış olub.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.