Vyetnamda Heydər Əliyev Fondunun tikdirdiyi məktəbdə Ulu Öndərin yubileyi ilə əlaqədar görüş keçirilib
Digər xəbərlər

Vyetnamda Heydər Əliyev Fondunun tikdirdiyi məktəbdə Ulu Öndərin yubileyi ilə əlaqədar görüş keçirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi tədbirləri çərçivəsində Heydər Əliyev Fondunun Vyetnamın Hazianq əyalətində inşa etdirdiyi məktəbin müəllim-şagird kollektivi ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, əyalətin Bakme rayonunun Ziap Çunq qəsəbə məktəbində keçirilən tədbirdə çıxış edən ölkəmizin Vyetnamdakı səfiri Şövqi Mehdizadə görkəmli dövlət xadimi Heydər Əliyevin həyatından danışıb, ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsindəki əvəzsiz rolunu vurğulayıb. Bildirilib ki, Ulu Öndərin adını daşıyan, onun ideyalarını yaşadan Heydər Əliyev Fondu ölkəmizdə Azərbaycana yaxın olan bir sıra dost ölkələrdə çoxlu sayda sosialyönümlü layihə həyata keçirib. Ziap Çunq qəsəbəsində ibtidai məktəb binasının inşası Heydər Əliyev Fondunun xeyirxahlıq missiyasının göstəricisi olmaqla yanaşı, Azərbaycanın Vyetnam ilə münasibətlərə verdiyi əhəmiyyətin təzahürüdür.

Sonra məktəbin şagirdlərinə hədiyyələr təqdim olunub.

Məktəbin direktoru Hazianq vilayətinin ucqar dağlıq ərazisindəki qəsəbədə ibtidai məktəbin inşa edilməsinə hədiyyələrə görə Azərbaycana dərin təşəkkürünü ifadə edib.

Məktəblilərin ifasında milli, o cümlədən qəsəbənin etnik xalqlarının mahnı rəqsləri təqdim olunub.

Qeyd edək ki, fəaliyyətə başlamasından qısa müddət sonra Heydər Əliyev Fondunun xeyirxah işlərinin coğrafiyası Azərbaycan sərhədlərini aşaraq beynəlxalq miqyas alıb. Öz fəaliyyətində cəmiyyətin gələcəyi olan uşaqların təhsilinə xüsusi önəm verən Fond Azərbaycanla yanaşı, bir neçə ölkədə məktəblərin yenidənqurulması inşası layihələrini icra edir. Bunlardan biri Vyetnamın ucqar yaşayış məntəqələrindən olan Bakme rayonunun Ziap Çunq qəsəbəsindəki ibtidai məktəb binasının inşasıdır. Heydər Əliyev Fondu Vyetnam tərəfinin məktəb inşası ilə bağlı istəyini nəzərə alıb, öz nəcib fəaliyyətinə uyğun olaraq Ziap Çunq qəsəbəsində ibtidai məktəbin inşasını maliyyələşdirib. Məktəb 2018-ci ildə istifadəyə verilib.

Fondun dağlıq relyefdə yerləşən Ziap Çunq qəsəbəsində inşa etdirdiyi məktəb binası qəsəbədə yaşayan uşaqların təhsil almaq imkanlarını xeyli dərəcədə yaxşılaşdırıb. Çünki əvvəllər uşaqlar təhsil almaq üçün bir neçə kilometr məsafə qət etməli olurdular. Bu da öz növbəsində uşaqların keyfiyyətli təhsil almasına mane olan amillərdən idi.