Xalqının gələcək taleyini düşünən LİDER
Siyasət

Xalqının gələcək taleyini düşünən LİDER

Bütün şüurlu həyatını Vətəninə, canından artıq sevdiyi millətinə həsr etmiş ulu öndər Heydər Əliyev xalqının tükənməz sevgisini özünün cahanşümul əməlləri ilə qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Bu nadir düha milli dəyərlər zəminində çağdaş dövlətçilik quruluşunun əsaslarını yaradaraq, müstəqilliyimizi dönməz və əbədi etmişdir. Belə bir fövqəladə missiyanı müvəffəqiyyətlə həyata keçirmiş tarixi şəxsiyyət kimi Heydər Əliyev xalqın siyasi və dövlətçilik şüurunda Ümummilli Lider zirvəsini fəth etmişdir.

Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, milli dövlətçiliyin konsepsiyasını yaradan ulu öndər Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və ölkəmizin regionda lider dövlətə çevrilməsinə nail olmuşdur.

Yeni cəmiyyət quruculuğunun memarı və təşkilatçısı kimi Heydər Əliyevin tarix və millət qarşısında misilsiz xidmətlərindən bəhs edərkən onun 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi rəhbərliyə qayıdışından sonrakı dövrə təsadüf edən təxminən 10 illik fəaliyyətini xüsusi dəyərləndirmək lazımdır. Bu zərurət, hər şeydən əvvəl, ondan irəli gəlir ki, dövlət müstəqilliyimizin bərqərar olması və dönməz xarakter alması, müstəqil Azərbaycan Respublikasında demokratik dövlət quruculuğunun möhkəm təməlinin qoyulması naminə işlənib hazırlanmış və uğurla həyata keçirilmiş daxili və xarici siyasət strategiyası məhz həmin dövrdə real məzmun və məna kəsb etmişdir. Məhz Heydər Əliyevin həmin dövrdəki titanik fəaliyyətinin nəticəsi olaraq, tarixən qısa bir zaman kəsiyində məntiqi bir ardıcıllıqla Azərbaycanda vətəndaş müharibəsi alovları söndürülmüş; baş qaldırmaqda olan zərərli meyillərin kökü kəsilmiş və dövlətimiz dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas edilmiş, iflic vəziyyətində olan hakimiyyət strukturlarının dolğun fəaliyyəti bərpa olunmuş, nizami ordu quruculuğuna başlanmış, Ermənistanın Azərbaycana qarşı hərbi ekspansiyası dayandırılmış və 1994-cü ildə atəşkəsin əldə edilməsinə nail olunmuşdur. Böhran və tənəzzül içərisində olan milli iqtisadiyyatın maddi-maliyyə dayaqlarını əldə etmək üçün Azərbaycanın yeni neft strategiyası formalaşdırılmış və 1994-cü il sentyabrın 20-də "Əsrin kontraktı"nın imzalanması ilə xarici investisiyaların ölkəmizə axını üçün möhkəm zəmin yaradılmış, iqtisadiyyatın bazar prinsipləri əsasında inkişafını təmin etmək üçün dövlət mülkiyyətinin özəlləşdirilməsi və MDB-də misli-bərabəri olmayan radikal aqrar islahatlar həyata keçirilmişdir. Bazar infrastrukturlarının formalaşması və azad sahibkarlığın hərtərəfli inkişafı üçün müvafiq qanunvericilik bazası yaradılmış, dövlət idarəetmə sistemində geniş islahatlar aparılmış, Azərbaycanın beynəlxalq birliyə intensiv inteqrasiyası təmin edilmişdir.

Yetmiş ildən artıq müddət ərzində totalitar bir rejim şəraitində, nəhəng imperiyanın milli ucqarlarından biri kimi mövcud olmuş, müstəqilliyinin ilk illərində naşı siyasətbazların əli ilə bütün hakimiyyət-idarəetmə strukturları dağıdılıb sıradan çıxarılmış, iqtisadiyyatı tənəzzül həddinə çatdırılmış, ərazisinin beşdəbir hissəsi işğal altına düşmüş, əhalisinin 1 milyon nəfərdən çoxu ata-baba yurdlarından, doğma ev-eşiklərindən didərgin salınaraq qaçqın və məcburi köçkün taleyini yaşamağa məcbur edilmiş bir respublikanı məhz Heydər Əliyev siyasəti - onun demokratik hüquqi dövlət quruculuğu və sosial-iqtisadi inkişaf konsepsiyası siyasi-hərbi qeyri-müəyyənlikdən əmin-amanlıq və sabitliyə, sosial-iqtisadi tənəzzüldən dinamik inkişafa, tərəqqi və yüksəlişə qovuşdurmuşdur. Nəticə etibarı ilə Azərbaycan Respublikasını Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda dünya siyasətinin başlıca geostrateji maraq mərkəzinə, iqtisadi cəhətdən dinamik surətdə inkişaf və tərəqqi edən bir diyara çevirmişdir.

Azərbaycanın sərbəst iqtisadiyyata keçidi bəyan edərkən Heydər Əliyev bu yolda obyektiv çətinliklərin olacağını, qarşıya çoxlu maneələrin, süni əngəllərin çıxa biləcəyini də aydın dərk edir və özünün siyasi iradəsinə, xalqın dəstəyinə arxalanaraq bildirirdi ki, ölkəmizdə demokratik islahatlara, bazar islahatlarına yönəldilmiş strategiya həyata keçirilir və heç kəs Azərbaycan xalqını tutduğu yoldan geri çəkilməyə məcbur edə bilməz. Bütün mürəkkəbliyinə, çətinliklərə baxmayaraq, dünya üçün təbii proses olduğuna görə bu yolun qət edilməsi labüddür, xalqımızın da, dövlətimizin də mənafeyinə və istəyinə tamamilə uyğundur. Bu yolu qət etmək ona görə labüddür ki, müstəqil dövlət kimi Azərbaycan gələcəkdə də bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı iqtisadi və siyasi münasibətlər əsasında dünya birliyinin fəal iştirakçısı olmağı nəzərdə tutaraq öz müstəqilliyini daha da möhkəmləndirmək və inkişaf etdirmək üçün bu yolla getməlidir...

Azərbaycanın sərbəst bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyat xəttini dəstəklədiyini dünyaya bəyan edən ulu öndərin böyüklüyü ondadır ki, o, həqiqi müstəqilliyin, siyasi azadlığın iqtisadi qüdrət və inkişafdan keçdiyini bilir və ölkənin məhz belə bir yolla irəliləməsini təqdir edirdi.

Heydər Əliyev iqtisadi islahatlar dedikdə Azərbaycanı bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin fəaliyyətini genişləndirmək və özəlləşdirməni həyata keçirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etmək nəzərdə tutulurdu.

Azərbaycan iqtisadiyyatının son onilliklərdəki inkişaf tarixi bariz şəkildə göstərir ki, Heydər Əliyev məntiqindəki "müstəqillik - iqtisadiyyat" dialektikası ölkənin müasir inkişaf gerçəkliyinin obyektiv nəzəri-praktiki təməli kimi çıxış etmişdir.

İqtisadi islahatların keçirilməsi müddətinə real münasibət bəsləyən Heydər Əliyev öyrədirdi ki, "iqtisadi islahatların həyata keçirilməsi asan məsələ deyildir. Kim isə hesab edir ki, iqtisadi islahatları bir günə, iki günə, bir aya, iki aya, üç aya həyata keçirmək, ondan istədiyimiz nəticəni əldə etmək olar. Şübhəsiz ki, bu, səhv fikirdir. İqtisadi islahatlar keçirmiş ölkələrin təcrübəsi də bunu sübut edir. Əvvələn, bu təcrübə iqtisadi islahatların həyata keçirilməsinin necə çətin olduğunu, ikincisi, onun nə qədər vaxt tələb etdiyini göstərir. Üçüncüsü isə bu islahatların aparılması dövründə müsbət nəticə alana qədər nə qədər yeni çətinliklərin meydana çıxdığını göstərir. Biz bunların hamısını nəzərə almalıyıq".

Başqa sözlə, iqtisadi islahatlar həyata keçirilərkən Heydər Əliyev iqtisadi qanunların və dünya təcrübəsinin əsas götürülməsini, islahatların sistemli və kompleks aparılmasını, milli iqtisadiyyatın real vəziyyəti və potensial imkanları, respublikadakı sosial-siyasi durum, əhalinin həyat səviyyəsi nəzərə alınmaqla sosial təmayüllü bazar iqtisadiyyatı prinsiplərinə əsaslanmasını zəruri sayırdı. Yeri gəlmişkən, Heydər Əliyevin müəyyən etdiyi və ardıcıllıqla həyata keçirdiyi sosial təmayüllü iqtisadi inkişaf modeli bazar mexanizminə əsaslanan qarışıq, səmərəli bir iqtisadiyyat modelidir və bu modeldə keçid dövründə dövlətin güclü tənzimləyici rolu üstünlük təşkil edir. Mülkiyyət çoxnövlülüyü xüsusi mülkiyyətlə dövlət mülkiyyətinin bir-birini tamamlamasına, onların hüquq bərabərliyinin ümumi qəbul edilməsinə əsaslanır və dövlət əhalinin gəlirləri, məşğuliyyət, səhiyyə, təhsil, mədəniyyət və iqtisadiyyatın sosial müdafiəyə ehtiyac duyan digər sahələrində güclü sosial təminat siyasətini yeridir. Yeni Azərbaycan quruculuğunun arxada qalan illəri də Heydər Əliyevin iqtisadi strategiyasının haqlı olaraq sosialyönümlü bazar iqtisadiyyatı prinsiplərinə əsaslanmasının həyatiliyini və alternativsizliyini göstərdi. Heydər Əliyevin iqtisadi konsepsiyasına görə islahatların üç mərhələdə həyata keçirilməsinin - birinci mərhələdə güclü dövlət tənzimlənməsi yolu ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə isə iqtisadiyyatın dirçəlişinə və yüksələn xətlə dinamik inkişafına nail olmaq vəzifələrinin həllinə yönəldilməsinin məqsədəuyğunluğunu təsdiq etmişdir.

Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasında azad sahibkarlığın, özəl bölmənin inkişafı üçün zəruri şəraitin təmin edilməsi mühüm yer tutur. Heydər Əliyev deyirdi: "İstəyirik ki, insanlar mülk sahibi olsunlar, əmlak sahibi olsunlar, sahibkar olsunlar"; bu şərtlə ki, gərək "bizim sahibkarlarımız qanuna riayət etsinlər, qanuni yolla getsinlər. Onlar qanuni yol ilə gedərək həqiqi sahibkar ola bilərlər". Məhz buna görə Heydər Əliyev dövlət orqanlarından tələb edirdi ki, "qanuni yolla sahibkarlıq etməkdə sahibkarlara maneçilik törətməsinlər, əngəllər yaratmasınlar, mane olmasınlar, qanuni tələbləri yerinə yetirərkən onları rüşvət verməyə sövq etməsinlər, rüşvət almasınlar, onlarla birlikdə qanunu pozmasınlar", "sahibkarlığın inkişaf etdirilməsi üçün indiyə qədər yaradılan və mövcud olan əngəllər aradan götürülsün, sahibkarlara onların normal fəaliyyət, qanuni fəaliyyət göstərməsi üçün şərait yaradılsın, kömək edilsin".

Heydər Əliyev Azərbaycanı inkişaf etmiş dövlətlərin, millətini firavan həyat sürən xalqların cərgəsində görmək istəyirdi. Ömrünün son anınadək xalqının gələcək taleyi haqqında düşünürdü. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu, Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün cəsarətlə çalışdı. Bununla da xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir... Ulu öndər əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. Bu dahi şəxsiyyət Azərbaycanı yox olmaqdan qurtardı, müstəqilliyimizi dönməz etdi, sabitlik və təhlükəsizliyin qarantı oldu, Azərbaycanı inkişafa, firavanlığa doğru addımlayan, dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevirdi.

Əlbəttə, bir yazı çərçivəsində ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunda, iqtisadiyyatın idarə olunmasında, təsərrüfatçılıqda məqsədyönlü, zəngin, çoxcəhətli əməli iş təcrübəsini ümumiləşdirərək şərh etmək mümkünsüzdür. Bu baxımdan, ulu öndər haqqında ən obyektiv və dərinmənalı fikirlərdən biri kimi dəyərləndirilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sözləri yerinə düşər: "Böyük siyasət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşayacaqdır!".          

Bu gün bizlər fərəh hissi keçiririk ki, dövlətimizin idarəçilik sükanı başında milli öndər Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin davamçısı Prezidentimiz İlham Əliyev durur. Hər bir azərbaycanlının Prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində sözünün, vədinin sahibi olduğunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən cənab İlham Əliyevlə xalqımız bundan sonra da yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaqdır.

Vahid NOVRUZOV,

YAP Veteranlar Şurasının üzvü,

iqtisad elmləri doktoru, professor.