“Yaşıl enerji”yə keçid planetin öhdəliyidir
Ekologiya

“Yaşıl enerji”yə keçid planetin öhdəliyidir

Hazırda iqlim dəyişmələrinin qarşısını almaq üçün planetin enerjiyə olan tələbatının ətraf mühitə zərər vurmadan ödənilməsi ən aktual məsələlərdən biridir. Çünki dünyada enerji istehlakına tələbat artır ki, bu da enerji təchizatı modelinin təkmilləşdirilməsini və dayanıqlılığını tələb edir. Elə bu səbəbdən də dünya ölkələri karbon emissiyasının azaldılması üçün mübarizə aparır, tükənməz mənbələrdən alınan enerjiyə üstünlük verir. Texnologiyanın sürətli inkişafı və dünya ölkələrinin qarşıya qoyduqları iqlim hədəfləri isə "yaşıl enerji"yə keçidi sürətləndirir.

Dünyada iqlim dəyişmələrinin dağıdıcı risklərinin və enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınması üçün növbəti 30 il ərzində qlobal enerji sistemində dərin və sistemli transformasiyaların baş verəcəyi proqnozlaşdırılır. Mütəxəssislərin əsasən, 2030-cu ilə qədər bərpaolunan mənbələrdən və yaxud "yaşıl enerji"dən alınan elektrik enerjisi dünyada elektrik enerjisi istehsalının 65 faizini təmin edəcək. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilə qədər dünyada elektrik enerjisinin 90 faizi bərpaolunan və yaxud "yaşıl enerji" mənbələrindən əldə edilə bilər. Karbon qazı emissiyası qlobal səviyyədə 2050-ci ilə qədər 70 faiz azaldılacaq ki, bu da iqlim dəyişmələrinin qarşısının alınmasına kömək edəcək. İlk növbədə, külək və günəş enerjisi hesabına elektrik enerjisi istehsalında sürətli artım olacaq. Bunun əsasən, Qafqaz, Mərkəzi Asiya, Şərqi və Cənub-Şərqi Avropada baş verəcəyi bildirilir. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin proqnozlarına görə, alternativ enerji mənbələrinə keçid karbon qazı emissiyasının azaldılması ilə yanaşı, sosial-iqtisadi inkişafa təkan verəcək. Qlobal iqlim dəyişmələrinin qarşısının alınması üçün 2050-ci ildən sonrakı dövrdə karbon qazı emissiyasının minimum həddə endirilməsi nəzərdə tutulur. Hidrogen və sintetik yanacaqlar, birbaşa elektrikləşdirmə, bioyanacaqlar innovativ biznes modellərinə və bu sahədə struktur dəyişikliyinə ciddi təsir göstərəcək.

"Yaşıl enerji"yə keçid Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkəmizin enerji təhlükəsizliyinə, xüsusilə "yaşıl enerji" siyasətinə münasibətdə uzunmüddətli hədəfləri var. Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe kifayət qədər bərpaolunan enerji mənbələrinin potensialından istifadə etməyə şərait yaradır. Bu istiqamətdə Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalaması xüsusi əhəmiyyət kəsb edir. Ümumilikdə, Azərbaycan işğaldan azad olunan ərazilərin yenidən qurulmasına enerji dayanıqlılığı ilə bağlı müasir çağırışlar və qlobal iqlim dəyişmələri probleminin həllinə dəstək müstəvisində yanaşır. Bunun reallaşdırılması üçün isə Qarabağ və Şərqi Zəngəzurun geniş potensial imkanları var. 10 min kvadratkilometr ərazini əhatə edən "yaşıl enerji zonası" 7200 meqavat Günəş, 2000 meqavat külək enerjisilə zəngindir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Aparılan təhlillərə əsasən, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə, 10 min meqavata yaxın bərpaolunan külək və günəş-elektrik enerjisinin istehsalı mümkündür.

Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də "yaşıl enerji" məkanının yaradılmasına böyük əhəmiyyət verilir. Sənəddə "yaşıl texnologiyalar"ın tətbiqinin genişləndirilməsi, elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin istehlakda payının artırılması nəzərdə tutulur. "Yaşıl enerji" həm də Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni səhifəsini təşkil edəcək. Üstəlik, bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində çoxlu imkanlar yaranacaq, regionda və onun hüdudlarından kənarda iqlim hədəflərinə nail olmaq asanlaşacaq. Elə bu səbəbdən də 2024-cü ildə Bakı dünyanı narahat edən ekoloji və iqlim məsələlərinin həll olunduğu qlobal mərkəzə çevriləcək.

Hazırda atılan addımlar onu göstərir ki, bundan sonra ölkəmiz beynəlxalq aləmdə yalnız neft və qaz deyil, həmçinin "yaşıl enerji" ixracatçısı kimi də tanınacaq.

Jalə QASIMZADƏ,

"Respublika".