Zəfər tarixinin qürurlu 44 günü
Digər xəbərlər

Zəfər tarixinin qürurlu 44 günü

Tarixi Qələbəmizin üstündən 2 ildən çox keçməsinə baxmayaraq, xalqımız hələ də həmin günlərin hiss və həyəcanını yaşamağa davam edir. Biz qalib xalq olaraq dünyaya haqq səsimizi çatdırdıq. Ordumuzun gücü, əzmi, müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə etməsi onun yüksək peşəkarlığını, mobillik qabiliyyətini nümayiş etdirdi.

Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyev uğurlu siyasət, prinsipiallıq və yenilməz iradə nümayiş etdirərək hər zaman xalqının milli maraqlarını qətiyyətlə müdafiə edir. Müharibə zamanı xarici mediaya verdiyi 26 müsahibədə səlis, söylənən hər ittihama səbirlə, tarixi faktlarla cavab verməsi, münaqişə və hərbi əməliyyatlarla bağlı həqiqətləri olduğu kimi deməsi onu dünya ictimaiyyətinin diqqət mərkəzinə çevirmişdi. Əlbəttə, həm ölkədaxili, həm də xarici mediaya müharibə ilə bağlı məlumatları ilkin mənbədən çatdırmaq şübhəsiz ki, çox vacib idi. Cənab Prezidentin bu addımı, çətin, lakin düzgün hədəflənmiş siyasət idi. Ölkə başçımızın verdiyi müsahibələr hələ də öz aktuallığını itirməyib. Bu gün də həmin çıxışlar şərh edilir. Məsələn, dövlət başçısının Yaponiyanın "Nikey" qəzetinə müsahibəsi ən çox oxunan müsahibə kimi qeyd olunub. BBC-yə müsahibə isə böyük rezonans doğurub. Ölkə başçımızın bu müsahibəsi 3 milyondan artıq baxış qazanıb, sosial şəbəkələrdə isə üstündən 2 ildən çox keçməsinə baxmayaraq, hələ də müzakirə olunur. Sosial şəbəkə istifadəçiləri Prezident İlham Əliyevə qarşı səmimi rəğbətlərini, onun haqlı mövqeyinə öz dəstəklərini bildirirlər. Bu mənada internet də böyük əhəmiyyət daşıyır. Tviterin xalqımızla yanaşı, xarici istifadəçiləri də ölkə başçımızın müharibə ilə bağlı verdiyi açıqlama və müsahibələrinə "O, haqlıdır!", "O, həqiqəti söyləyir!" kimi şərhlər yazıblar.

Şanlı qələbəmizə qədər yaşanan 44 gün Azərbaycan xalqının tarixində ən qürurlu günlər idi. Həm ölkədə, həm də xaricdə yaşayan həmvətənlərimiz 44 gün boyunca yorulmadan ordumuza öz dəstəklərini əsirgəmədilər. Hər kəs səhərlərini göz yaşları ilə açıb günlərinə davam edirdi. Lakin son 30 ildən fərqli olaraq bu göz yaşları kədər yox, sevinc yaşları idi. Xəbər aparıcılarının azad olan əraziləri açıqlayıb, adlarını bir-bir çəkdiyi zaman göz yaşlarına hakim ola bilməmələri də o günlərin ən səmimi görüntüləri kimi yadda qaldı. Həmin günlərdə hər birimiz qarabağlı idik. Günlərimiz televiziya, telefon qarşısında cənab Prezidentin paylaşımlarını, xəbərlərini gözləməklə keçirdi. Gənclərimiz dezinformasiyaların qarşısını almaq üçün gecə-gündüz demədən sosial şəbəkələrdə mübarizə aparırdı. Həmin günlərdə neçə-neçə vətənpərvərlik mahnıları, şeirləri yazıldı. O səfalı torpaqları görənlərlə yanaşı, Qarabağı ata-babalarının söylədiklərinə əsasən, xəyallarında təsvir edən hər kəs torpaqlarımızın azad olması üçün dua edirdi. Vətən sevgisi, yurd, torpaq həsrəti isə ən müqəddəs ülvi hisslər kimi hər kəsi mübarizəyə ruhlandırırdı. Məhəmmədhüseyn Şəhriyarın məşhur şeirində də dediyi kimi:

Yetər fəraq odlarından kül ələndi başımıza

Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!

Azərbaycan ayağa qalxdı və 30 illik əsarətə əbədi son qoydu. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, tərəflər arasında atəşkəs elan edildi. Hər kəs diqqətlə televiziya qarşısında ölkə başçımızın çıxışını gözləyirdi. Və həmin o tarixi an nəhayət ki, gəlib çatmışdı. Prezident İlham Əliyevin ürəklərə toxunan, hər kəsi göz yaşlarına boğan həmin sözlər dilindən su kimi axıb gəlirdi: 

"Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

Biz qisasımızı döyüş meydanında aldıq. Ordumuzun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyən Hayastanın müdafiə səddi qısa zamanda yarıldı. İlk günlərdə bir sıra kəndləri və strateji yüksəklikləri işğaldan azad edən Azərbaycan ordusu 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhərlərini işğaldan azad etdi.  Döyüş zamanı ümumilikdə uzun illər işğal altında olmuş yüzlərlə yaşayış məntəqəsi azad edildi. Simvollaşan və dillər əzbəri olan Dəmir yumruq əməliyyatı uğurla nəticələndi və iki sözlə sonlandı - Qarabağ Azərbaycandır!

Töhfə SƏMƏDOVA,

"Respublika".