Faktlar və rəqəmlər
Maraqlı

Faktlar və rəqəmlər

Sahələrdən 3 milyon tondan artıq  dənli və dənli paxlalı məhsul toplanıb

Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. 2021-ci il avqust ayının  17-nə olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 982,6 min hektar sahənin 960,4 min hektarı və yaxud 97,7 faizi biçilərək məhsulu yığılmışdır. Sahələrdən 3057,1 min ton məhsul toplanmış, məhsuldarlıq hər hektardan 31,8 sentnerə bərabər olmuşdur. Məhsulun 1885,4 min tonunu və yaxud 61,7 faizini buğda, 1146,6 min tonunu (37,5 faizini) arpa, 25,1 min tonunu (0,8 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil etmişdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, respublikanın 28 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 27 rayonda isə  biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilmişdir.

Ən yüksək məhsuldarlıq Bərdə (1 hektardan 44,0 sentner), Sabirabad (41,9), Tərtər (40,9), Saatlı (40,8), Ağdam (40,2), Salyan (39,9), İmişli (39,3), Ağcabədi (39,3), Samux (37,4) və Tovuz (37,2) rayonlarında olmuşdur.

Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının daha çox istehsalı Şəki (194,8 min ton), Cəlilabad (184,6 min ton), Kürdəmir (136,3 min ton), Neftçala (124,5 min ton), Füzuli (118,6 min ton), Ağsu (115,9 min ton), İsmayıllı (107,5 min ton) və Sabirabad (106,1 min ton)  rayonlarında müşahidə olunmuşdur.

 

Əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 17,5 milyard kubmetr təşkil edib

Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2021-ci ilin yanvar-iyun  aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 17409,9 milyon kubmetr təşkil etmişdir. Ehtiyatların 86,1 faizi hasilatın, 13,9 faizi qalığın hesabına formalaşmışdır. Təbii qazın  35,8 faizi istehlak, 51,7 faizi ixrac olunmuş, 2,8 faizi itkiyə getmiş, 9,7 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalmışdır.

Dövlət Statistika Komitəsi bildirir ki, ölkə daxilində istehlak edilmiş təbii qazın 62,2 faizi istehsal ehtiyaclarına sərf edilmiş, 37,8 faizi isə əhaliyə satılmışdır. 2021-ci ilin yanvar-iyun aylarında 8992,2 milyon kubmetr və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 35,1 faiz çox təbii qaz ixrac edilmişdir.

Əhali tərəfindən 2360,3 milyon kubmetr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz çox təbii qaz istehlak edilmiş, onun 37,2 faizi Bakı şəhərinin,  3,5 faizi Naxçıvan Muxtar Respublikasının, 10,7 faizi Abşeron-Xızı, 6,1 faizi Mərkəzi Aran, 6,0 faizi Gəncə-Daşkəsən, 6,0 faizi Lənkəran-Astara, 5,9 faizi Qazax-Tovuz, 5,0 faizi Şəki-Zaqatala, 4,9 faizi Quba-Xaçmaz, 4,6 faizi Qarabağ, 3,9 faizi Mil-Muğan, 3,8 faizi  Şirvan-Salyan, 2,4 faizi isə Dağlıq Şirvan  iqtisadi rayonlarının payına düşmüşdür.

 

Ölkə əhalisinin 1214,1 min nəfəri pensiyaçıdır

2021-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1214,1 min  pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir. Onların 58,8 faizi yaşa, 29,5 faizi əlilliyə, 11,7 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 8,8 faiz artaraq 328,8 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 45,4 faizinə bərabər olmuşdur.

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 fevral tarixli 2491 nömrəli Sərəncamı ilə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci ilin 1 yanvar tarixindən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılmışdır.  

Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2021-ci ilin iyulun 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 109,2 min (ötən ilin iyulun 1-i vəziyyətinə 98,7 min) nəfər, əlilliyə görə - 158,5 min (müvafiq olaraq 183,2 min) nəfər, ailə başçısını itirməyə görə - 48,8 min (48,3 min) nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşınadək uşaqların sayı 54,4 min (63,7 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 23,7 min (29,1 min) nəfər olmuşdur.

 

232 nəfər qəyyuma aylıq müavinət verilib

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 232 nəfər qəyyumuna aylıq müavinət verilmişdir. Bundan əlavə, müxtəlif kateqoriyalı şəxslərin 8,7 min ailəsinə 13,3 min uşaq üçün, beşdən çox uşağı olan 2,4 min qadına 9,2 min uşaq üçün aylıq müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 341 şəxsə isə kompensasiya verilmişdir.

Cari ilin ilk altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 32,9 min ailəyə 33,6 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərərçəkmiş 3,9 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3,2 min nəfərə birdəfəlik müavinətlər verilmişdir.

2021-ci il iyulun 1-i vəziyyətinə 62,0 min aztəminatlı ailənin 264,1 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 60,06 manat təşkil etmişdir.

Bunlarla yanaşı, cari ilin iyulun 1-i vəziyyətinə müxtəlif kateqoriyadan olan 296,8 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuşdur.

“Respublika”.