Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Günəş qədər isti olan Yerin nüvəsi planetimizi niyə əritmir?

Əslində Yerin nüvəsi Günəşin səthi qədər istidir. Orada olmamağımıza baxmayaraq Yerin nüvəsi haqqında məlumatlarımız çoxdur. Məsələn, seysmoloji ölçmələrlə Yerdən keçən səs dalğalarının tezliyi nüvənin nə qədər isti olduğunu sübut edir. Üstəlik ölçmələr, nüvənin temperaturunun Günəş səthinin istiliyinə bənzər təxminən 6000 dərəcə selsi olduğunu göstərir. Bununla yanaşı, Yerin nüvəsi onun səthindən cəmi 3000 kilometr uzaqlıqdadır. Əslində Günəş bu qədər yaxın olsaydı, bizi tamamilə kül edərdi. Bəs niyə Yerin nüvəsi bizi qovurmur?
Çünki Yerin nüvəsi möhkəm bir qaya mantiyası ilə əhatə olunmuşdur. Yerin qabığı həmin mantiyanın üzərində üzür və bizi müdafiə edir. Ancaq ən əhəmiyyətli səbəb isə istilik və temperatur arasındakı fərqdir. Kobud şəkildə desək, istilik enerjidirsə, temperatur enerjinin sıxlığıdır. Məsələn, bir qığılcımın temperaturu 1500 dərəcə selsi olsa da, bizə zərər verə bilmir. Amma 100 dərəcə selsidə olan qaynar suya düşmək bizi öldürər. Deməli, Yer kürəsini əritmək üçün nüvənin istidən çox enerjiyə ehtiyacı var. Günəş isə nəhəngdir, bunu asanlıqla edə bilər, amma xoşbəxtlikdən 150.000.000 kilometr uzaqlıqdadır.

 

Ən dəqiq biometrik identifikasiya növü hansıdır?

Biometrik identifikatorlara barmaq izinin skan edilməsi, retinanın və hətta qulaqların ölçülməsi kimi bir sıra üsullar daxildir.
Biometrik texnologiyalar, kompüter vasitəsilə və ya təhlükəsizlik sistemindən keçmək üçün bir parol kimi insanları tanımaq məqsədilə hazırlanmışdır. Bəziləri səsi dinləyir, imzanı, retinaları yoxlayır, beyin dalğalarını öyrənir, bəziləri hətta əllərin həndəsəsini və ya qulaqların formasını ölçür.
DNT identifikasiyası çox dəqiq görünsə də, profilləşdirmə testi zamanı yalnız kiçik hissələri araşdırılır. Ən doğru yanaşma həmişə bir neçə metodu birlikdə istifadə etməkdir. Çünki eyni formalı üzə, barmaq izinə və retinaya sahib olma şansı sonsuz kiçikdir.

 

Cazibə qüvvəsi beynin fəaliyyətinə necə təsir edir?

Beynimiz əslində Yerin cazibə qüvvəsinə uyğunlaşmaq üçün inkişaf etmişdir. Beynəlxalq Kosmik Stansiyadakı təcrübələr beynin cazibə qüvvəsi ilə bağlı daxili bir modelə sahib olduğunu göstərir. Belə ki, beyin hərəkət edən bir topun harada olacağını dəqiq proqnozlaşdırsa da, ağırlıqsız mühitdə əşyanın sabit hərəkəti zamanı reaksiyalarımız bir qədər sönür.

Cazibə qüvvəsi beyindən keçən qan axınına da təsir edir və sürətləndikcə, sinir sisteminin elektrik fəaliyyətinə mane olaraq epileptik tutmalara bənzər hissiyyatlar yaradır.

 

Bitkilər də ağrı hiss edə bilirmi?

Bitkilər ətraf mühitin müxtəlif  təsirlərini hiss edə və onlara reaksiya verə bilirlər. Məsələn, bir tırtıl yarpağı yeyirsə, bəzi bitki növləri belə yırtıcı həşəratlara qarşı xüsusi maddə istehsal edir.
Bitkilər də zədələndikdə reaksiya verə bilirlər. Məsələn, bir budaq ağacdan kəsildikdə bitki bir neçə saat ərzində kəsik üzərində nazik bir qoruyucu təbəqə əmələ gətirir. Bu yara bağlaması prosesi insanların və heyvanların özünü müalicəsinə çox bənzəyir.
Neyrobiologiya üzrə aparılan araşdırmalar göstərir ki, bitkilər sinir sisteminə malik olmasa da, onlarda siqnal ötürülməsi var, lakin insanlarla müqayisədə çox zəifdir.
Ancaq zədələrə qarşı reaksiya bitkilərin də insanlar və heyvanlar kimi ağrı hiss etdiyini sübut etmir. Bunun səbəbi isə bitkilərin nə ağrı reseptorlarına, nə də sinir sisteminə malik olmasıdır. Deməli, hansısa bir gülü dərdikdə vicdan əzabı çəkməyə ehtiyac yoxdur.

 

Həddindən çox su içsək orqanizmimizdə nə baş verər?

Böyrəklərin süzə biləcəyindən daha çox su içsəniz (saatda təxminən bir litr), qandakı natrium və digər elektrolitlərin konsentrasiyası azalmağa başlayacaq. Müəyyən bir nöqtənin kənarında hüceyrələriniz nəzarətini itirərək suyu udduqca şişəcək. Daha sonra beyində kəllə sümüyünə qarşı təzyiqin artması ilə baş ağrısı, qusma kimi bir sıra qarışıqlıqlara səbəb olacaq. Dərhal müalicə olunmazsa bu, epileptik tutmalara, beyin zədələnməsinə və hətta ölümə də səbəb ola bilər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.