DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ÇİNDƏN ABŞ-A “QIRMIZI XƏTT” XƏBƏRDARLIĞI

Çinin xarici işlər naziri Van İ ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana gözlənilən səfərinin rəsmi Pekinin müəyyən etdiyi “qırmızı xətt”in keçilməsi anlamına gələcəyini bildirib. Bu barədə “Teleqraf.com” məlumat yayıb.

Nazirin sözlərinə görə, ABŞ Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməli olduğunu vurğuladığı halda, Tayvan məsələsində Çinin müəyyən etdiyi “qırmızı xətt”i pozmaqdan çəkinmir. Van İ ABŞ-ın bu yanaşmasının ikili standart və cinayət olduğunu vurğulayıb.

Nensi Pelosinin mümkün səfərinin dünyaya çox təhlükəli siqnal olacağını qeyd edən Van İ deyib: “ABŞ Nümayəndələr Palatasının sədri Tayvana səfər edərsə, bu, Çinin suverenliyinə və onun daxili işlərinə açıq müdaxilə anlamına gələcək”.

Eyni zamanda, nazir xəbərdarlıq edib ki, ABŞ tərəfi öz mövqeyində israr edərsə, Çin buna qəti şəkildə cavab verəcək və Vaşinqton bunun bədəlini ödəyəcək.

 

UKRAYNA Aİ-YƏ NAMİZƏDLİK STATUSU ALA BİLƏR

Bu ilin iyun ayında Ukraynanın Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə statusu alacağı gözlənilir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ukrayna baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina məlumat yayıb.

“Aİ Ukraynaya üzvlüklə bağlı anket göndərib. Biz artıq hazırlıq işlərinə başlamışıq. İyunda namizəd statusu alacağımızı gözləyirik. Bu, bizim bərpamız və Rusiya hücumundan qalib çıxmağımızın təzahürü kimi qiymətləndirilməlidir”, - deyə baş nazirin müaivini bildirib.

Xatırladaq ki, daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenski rəsmi Kiyevin sorğuya bir həftə ərzində cavab verəcəyini bildirmişdi. Anketin doldurulması üzvlüyə namizəd statusunun alınmasının prosedur mərhələlərindən biridir.

 

RUSİYA BANKLARINA XARİCİ VALYUTA SATMAĞA İCAZƏ VERİLİB

Rusiya Mərkəzi Bankı vətəndaşlara nağd valyuta satışına icazə verib. “APA”nın məlumatına görə, banklar aprelin 18-dən etibarən vətəndaşalara nağd valyuta sata biləcəklər. Bildirilir ki, banklar yalnız aprelin 9-dan etibarən kassaya daxil olan nağd valyutanı sata biləcəklər.

Verilən xəbərə əsasən, Ukrayna müharibəsi səbəbindən Qərbin maliyyə sanksiyaları ilə üzləşən Rusiya bir aydan çoxdur ki, xarici valyuta satışını məhdudlaşdırıb.

Son iki həftə ərzində rublun məzənnəsinin xarici valyutaya nisbətdə sürətlə bahalaşması maliyyə bazarında sabitliyə səbəb olub. Rusiya rublunun dollara və avroya nisbətdə məzənnəsi Ukrayna ilə müharibədən əvvəlki həddə çatıb.

 

DÜNYA İQTİSADİYYATINDA SÜNİ İNTELLEKTİN HƏCMİ 15,7 TRİLYON DOLLARA ÇATACAQ

2030-cu ilə qədər qlobal iqtisadiyyatlarda süni intellekt texnologiyasının həcmi 15,7 trilyon dollara çatacağı gözlənilir. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyə Süni İntellekt Siyasətləri Dərnəyinin sədri Zəfər Küçükşabanoğlu bildirib.

Sədrin sözlərinə görə, süni intellekt texnologiyasının 95 milyon yeni iş yerinin yaranmasına səbəb olacağı gözlənilirkən, 85 milyon iş yerinin də ləğv olunması ilə nəticələnəcək. Hazırda cəmiyyətin 5 faizi, müəssisələrin isə 35 faizi süni intellekt texnologiyasını düzgün anlaya bilir. Lakin müəssisələrin yalnız 17 faizi süni intellektdən istifadə edir.

“Biznes sahibləri böyük investisiya tələb oluna biləcəyini düşünürlər. Süni intellekt enerjidən kənd təsərrüfatına qədər hər sahəyə təsir edəcək. Makro bizneslər süni intellekti prioritet hesab etsələr də, hələ ki, onun tətbiqi gündəmdə deyil”, - deyə Zəfər Küçükşabanoğlu vurğulayıb.

 

ZELENSKİNİN MÜHARİBƏ DÖVRÜNDƏKİ GEYİMİ İLƏ BAĞLI MARAQLI FAKTLAR

Ukrayna prezidendi Volodimir Zelenski  müharibə başlayandan kostyumunu və köynəyini sviter və rahat hərbi üslublu şalvarla dəyişib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Zelenski Rusiyanın bu ölkəyə qarşı genişmiqyaslı müharibəsi zamanı hətta geyim tərzi ilə xalqı ilə birliyini nümayiş etdirir.

Ukrayna mediası dövlət başçısının qarderobu və başlanan müharibədən sonra onun dəyişən üslubunu araşdırıb. Rus ordusunun Ukraynaya hücumu başladıqdan sonra ukraynalılara ilk müraciəti zamanı Zelenski xaki rəngli köynəkdə görünüb və o andan etibarən hərbi geyimlər prezidentin əsas iş geyimi olub.

Bildirilir ki, Zelenskinin geyindiyi köynəklərin qiyməti orta hesabla təxminən 20 dollardır. O həmçinin, Ukrayna brendinin xaki yunlu sviterləri və hərbi üslublu şalvarlarını geyinir.

Ukrayna dövlət başçısının ayaqqabılarına gəlincə, onlar da ucuzdur. Məsələn, sosial şəbəkə istifadəçiləri onun ayaqqabısının qiymətinin 50 ABŞ dollara olduğunu bildirirlər.

 

KXDR-IN NÜVƏ POLİQONUNDA HƏRƏKƏTLİLİK MÜŞAHİDƏ OLUNUR

Şimali Koreya Pungeri nüvə poliqonunda tunelin bərpası üçün əvvəllər başladığı işləri davam etdirir. “Trend”in xəbərinə görə, “Yonhap” agentliyi bu barədə “Open Nuclear Network” qeyri-hökumət təşkilatının ekspertlərinin hesabatına istinadən məlumat yayıb.

Martın 24-dən aprelin 6-dək olan zaman kəsiyində çəkilmiş kommersiya peyk görüntülərinə əsaslanan hesabatda bildirilir ki, KXDR üç nömrəli tunelin girişini tapıb və onun bərpasnna başlayıb.

Polliqonda 2018-ci ildə dağıdılmış dörd tunel var. Söküntü işləri dəvət olunmuş xarici jurnalistlərin kiçik bir qrupunun  iştirakı ilə aparılıb.

Bundan əvvəl Cənubi Koreya kəşfiyyatı poliqonda aparılan bərpa işləri barədə məlumat vermişdi. Onun sözlərinə görə, iş KXDR-in nüvə sınağı partlayışına hazırlığını göstərə bilər.

 

DÜNYADA ƏRZAĞIN QİYMƏTİ REKORD SƏVİYYƏDƏ BAHALAŞIB

Dünyanın ərzaq bazarındakı qiymətlər 1990-cı ildən bu yana rekord həddə çatıb. Bildirilir ki, bu Ukraynadakı müharibənin fəsadlarıdır. “Report”un verdiyi xəbərə görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqlamasında qeyd olunub.

“Mart ayında FAO ərzaq indeksinin orta qiyməti 159,3 bənd olub ki, bu da həmin indeksin hesablanmağa başladığı 1990-cı ildən bu yana ən yüksək səviyyəyə çatdığı fevral ayındakına nisbətən 12,6 faiz çoxdur”, - deyə açıqlamada vurğulanır.

Qeyd olunur ki, dünyada buğda idxalının 30 faizə qədəri, qarğıdalı idxalının isə 20 faizi Rusiya və Ukraynanın payına düşür. Həmçinin bitki yağlarının ən böyük ixracatçısı olan Ukraynada gedən müharibə nəticəsində həmin məhsulun qiymətləri 23,2 faizədək - rekord həddə bahalaşıb.

 

ŞANXAYDA KORONAVİRUS EPİDEMİYASI KRİTİK HƏDDƏ

Çin hakimiyyəti hələ də Şanxay meqapolisində koronavirus infeksiyasının yayılmasının qarşısını ala bilmir. “Trend” agentliyinin məlumatına görə, bu barədə Çin Dövlət Səhiyyə Komitəsindən bildiriblər.

Ölkədə 1350 nəfərin koronavirusla kəskin formada xəstələnməsi və ayrıca qeydə alınan 23815 asemptomatik yoluxma halı qeydə alınıb.

Məlumata əsasən, hazırda Şanxay epidemiyanın episentri olaraq qalmaqdadır. Orada 1015 nəfərin koronavirusla kəskin formada xəstələnməsi və 22609 asemptomatik yoluxma halı qeydə alınıb.

Şəhərdə ciddi karantin tədbirləri tətbiq edilib və virusun yayılmasının qarşısını almaq üçün ölkənin digər bölgələrindən əlavə tibb işçiləri, o cümlədən hərbi tibb işçiləri ora göndərilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.